Azərbaycan qazının Avropaya ixracını nəzərdə tutan TransAdriatik boru kəməri (TAP) dünən Bakıda imzalanan “Şahdəniz 2” layihəsi üzrə yekun investisiya sazişindən sonra bu boru kəmərinin tikintisi haqqında qətnaməni qəbul edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə TAP-ın rəsmi səhifəsində məlumat yayılıb.Məlumata görə, TAP-ın səhmdarları (SOCAR, Statoil, BP, Fluxys, Total, E.ON and Axpo) layihənin işlənməsi və həyata keçirilməsi üçün tikinti ilə bağlı qətnaməyə dair razılığa gəliblər.Layihəsinin icraçı direktoru Kjetil Tungland bildirib ki, TAP səhmdarlarının qəbul etdikləri qərar TAP üçün və layihənin kommersiya və texniki baxımdan həyata keçirilməsinin nümayiş etdirilməsi üçün çox vacibdir.O qeyd edib ki, indi əsas diqqət boru kəmərinin tikintisini vaxtında və müəyyən olunmuş büdcə ilə həyata keçirməkdir.Qeyd edək ki, TAP kəməri “Şahdəniz 2” yatağından hasil olunan qazı Avropaya ixrac edəcək.Boru kəmərinin uzunluğu 870 km olacaq. TAP Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisindən TANAP kəməri ilə birləşdiriləcək. Buradan isə Yunanıstan, Albaniya, Adriatik dənizi üzərindən İtaliyaya qədər uzanacaq.“Şahdəniz” Mərhələ 2 çərçivəsində ilk qazın 2018-ci ildə hasil olunacağı gözlənilir. Avropaya ilk qaz isə bir il sonra çatdırılacaq.