Xəbər verdiyimiz kimi, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.
Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, sosial platformalarda qeydiyyatla bağlı yeni tələblər müəyyənləşdirilir.
Layihəyə görə, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Yaş məhdudiyyətinin tətbiq ediləcəyi platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Bununla yanaşı, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr nəzərdə tutulur. Layihəyə əsasən, tələb olunan məlumatların müvafiq quruma təqdim edilməməsi, təqdimetmə müddətinin pozulması, yaxud natamam və ya təhrif olunmuş məlumat verilməsi hallarında vəzifəli şəxslər 6–7 min manat, hüquqi şəxslər isə 15–20 min manat məbləğində cərimə ediləcəklər.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında deyib ki, informasiya cəmiyyətləri milli iradə ilə idarə olunmayanda, təhlükəli tendensiyalara gətirib çıxarır:

"Bu gün dünya informasiya cəmiyyətləri ilə idarə olunur. Bu informasiya cəmiyyətləri də milli iradə ilə idarə olunmayanda, təhlükəli tendensiyalara gətirib çıxarır. Ona görə də belə bir vacib sektorun, sferanın tənzimlənməsi üçün mütləq hüquqi çərçivə, hüquqi baza yaradılmalıdır. Sosial mediada, sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər həm yetkinlik yaşında olmalı, həm də onların şəxsiyyəti müəyyənləşməlidir ki, hər kəs yaydığı və paylaşdığı yazılarda, materiallarda məsuliyyətli olsun.
Bu, elə bir məkandır ki, heç də hamı hər kəsi tanımır, xüsusilə də, saxta profil istifadəçiləri olduğu təqdirdə, kimdənsə məsuliyyət gözləmək və tələb etmək mümkün olmur. Bunun üçün mütləq məsuliyyət olmalıdır. Bu sfera özlüyündə elə bir unikal sferadır ki, bu sektorun hüquqi cəhətdən tənzimlənməsi heç də bir anda mümkün olmur. Bu baxımdan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni maddələr təqdirəlayiqdir və bu istiqamətdə islahatlar davam etdirilməlidir”.
Parlamentari qeyd edib ki, sosial şəbəkələr real ictimai mühitimizin virtual mühitdə əksidir:
"Sosial şəbəkələr bizim real ictimai mühitimizin virtual mühitdə əksidir. Yəni birbaşa ictimai, mədəni münasibətlərimizə, siyasi münasibətlərimizə təsir edir. Ona görə də hər bir insan bütün platformalarda məsuliyyətli olmalıdır. Əks təqdirdə onlara hüququn tətbiqi zəruri olacaqdır. Necə ki, artıq bu tətbiq olunur, çox haqlı olaraq tətbiq olunur”.
Şahanə Ziyad











































