Son dövrlər cinsi azlıqların sosial şəbəkələrdə və milli-məbəvi dəyərlərə zidd hərəkətləri sürətlə artır.
"TikTok” və "Youtube” kimi platformalarda onların paylaşımları gənc nəsil arasında "populyarlıq” qazanır.
Onların hekayələri, gündəlik həyatı və "yaradıcı” məzmunları izləyicilər tərəfindən maraqla qarşılanır. Bəzi istifadəçilər isə bu cür paylaşımlara görə cinsi azlıqları sərt tənqid edirlər və müvafiq qurumları hüquqi addımlar atmağa çağırırlar.
Bəzi "tiktok”erlər canlı zamanı qeyri-etik ifadələrdən istifadə edir, bu da bəzi izləyicilər və ictimaiyyət nümayəndələri arasında tənqidə səbəb olur. Bu proses həm də müəyyən mübahisələri gündəmə gətirir. Belə addımlar gənc nəsildə sosial norma və dəyərlərin qarışmasına səbəb ola bilər.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, sosial şəbəkələr zərərli düşüncələrin yayıldığı məkana çevrilib:

"Mən sözügedən məsələni parlamentdə də qaldırmışam və bu, müəyyən mənada ciddi narahatlıq doğurur. Bu gün "TikTok” kimi bəzi sosial şəbəkələr zərərli düşüncələrin yayıldığı məkana çevrilib. Ona görə də sözügedən məsələ bizi ciddi şəkildə düşündürməlidir. Bu mövzuya soyuqqanlı, laqeyd və biganə yanaşa bilmərik. Belə hallar milli-mənəvi dəyərlərimizə ziddir”.
Deputat vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş dövlət proqramı qəbul olunmalıdır:
"Milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş dövlət proqramı qəbul olunmalıdır. Belə qruplar gənclərə mənfi təsir göstərir və çox zaman xaricdən dəstəklənirlər. Buna görə də bu cür təbliğatın qarşısını almaq üçün hüquqi mexanizmlər mütləq şəkildə hazırlanmalıdır. Milli Məclisdə bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Gənclərin qorunması üçün isə ciddi və sistemli ideoloji maarifləndirmə aparılmalıdır”.
Şahanə Ziyad










































