06:43 Bazar Ertəsi, 20 May 2019
GƏNCLİK

Türkiyə məzunları Prezidenti təbrik etdi

11:27, 25.12.20183982
Türkiyə məzunları Prezidenti təbrik etdi
Bu gün Bakı Konqres Mərkəzində "Cümhuriyyətdən Cümhuriyyətə” devizi altında Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının birinci Bakı forumu keçirilib. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Eyni zamanda, Türkiyənin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlıları Bakıda bir yerə toplamaq, onların arasında əməkdaşlığı genişləndirmək, eləcə də Türkiyə məzunlarının ölkəmizin ictimai həyatında və iqtisadiyyatının inkişafında rolu ilə bağlı gələcək hədəfləri müzakirə etməkdir.

Forumda Milli Məclisin deputatları, müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizin qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov forumun ölkəmiz üçün əlamətdar tarixdə – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Hüseynov bildirib ki, təmsil etdiyi qurum Türkiyə məzunlarının fikirlərini, təşəbbüslərini dinləyərək onları dəstəkləyir. O, ölkəmizdə gənclərin təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

Türkiyə məzunlarından olan Milli Məclisin deputatı Rəşad Mahmudov, Bakıdakı 246 nömrəli tam orta məktəbin direktoru Almaz Bayramova, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Pərviz Səmədov, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Kəmalə Ələkbərova və başqaları bildiriblər ki, 1992-1993-cü tədris ilindən etibarən həyata keçirilən "Böyük tələbə layihəsi” Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsinə mühüm töhfə verib.

Ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Qeyd edək ki, Forum iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təbrik məktubu unvanlayiblar. Məktubda deyilir:

– Hörmətli Cənab Prezident! Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumunun iştirakçıları adından sizi hörmət və ehtiramla salamlayırıq. Siz əsası 100 il əvvəl qoyulmuş xarici ölkələrdə təhsil ənənəsini uğurla davam etdirir, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində yüksək təhsil almasının qeydinə qalırsınız. Hörmətli Zati-aliləri, Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumunun məqsədi müxtəlif sferalarda vətənimizə layiqincə təmsil edən məzunları bir araya gətirmək, Ulu Öndərimiz Heydər Əliyevin təbirincə desək, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında mədəni əlaqələri daha da gücləndirməkdir. Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının fəaliyyəti həmişə olduğu kimi, gələcəkdə də bu ali məqsədin reallaşmasına yönələcəkdir.

Möhtərəm Cənab Prezident, ən böyük arzumuz Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının növbəti Forumunu Sizin rəhbərliyiniz altında Dağlıq Qarabağda, Xankəndində keçirməkdir. Sizin məqsədyönlü siyasətiniz bu ideyanın reallaşmasına xidmət edir.

Hörmətli Cənab Prezident, sonda doğum gününüz münasibətilə "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin üzvləri və Forum iştirakçıları adından Sizi təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi istiqamətində gördüyünüz işlərdə uğurlar arzulayırıq!
XƏBƏR LENTİ