Unibank özünün ilk "2024 Dayanıqlılıq Hesabatını” ictimaiyyətə təqdim edib. Sənəd bankın ESİ prinsiplərinə əsaslanan idarəetmə modelini, yaşıl maliyyələşdirmə təşəbbüslərini, sosial və rəqəmsal inkişaf göstəricilərini və iqtisadi tendensiyalara dair analitik qiymətləndirməsini özündə birləşdirir (https://unibank.az/az/sustain/view/1393) .
Hesabatda qeyd olunur ki, 2024-cü il qlobal maliyyə sektoru üçün mürəkkəb, lakin dəyişimin sürətləndiyi dövr olub. Dünya iqtisadiyyatında inflyasiya təzyiqləri, enerji keçidi və süni intellekt texnologiyalarının artan rolu əsas tendensiyalar kimi qiymətləndirilib. Azərbaycan iqtisadiyyatı isə bu şəraitdə dayanıqlılıq və şaxələnmə göstəricilərinə görə regionda fərqlənib. Qeyri-neft sektoru üzrə artım, yaşıl enerji zonalarının inkişafı və COP29-un Bakıda keçirilməsi ölkədə iqtisadi kursu davamlı möhkəmləndirib.
"Unibank”ın Dayanıqlılıq Hesabatı GRI standartlarına uyğun hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş fəaliyyətləri əhatə edir. Hesabatda göstərilir ki, 2024-cü il Unibank üçün transformasiya ili olub. Bank Azərbaycanın ilk qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlarını (20 milyon AZN) buraxaraq ölkədə yaşıl maliyyə bazarına töhfəsini verib.
İl ərzində "Unibank”ın kredit portfeli 107 milyon AZN artıb, biznes kreditlərinin portfeldə payı 40%-ə çatıb. Bank regionlarda maliyyə əlçatanlığını genişləndirərək mikrokreditlərin 70%-ni region müştərilərinə, 30%-ni isə qadın sahibkarlara təqdim edib.
Rəqəmsal bankçılıq sahəsində də ciddi irəliləyişlər əldə olunub: rəqəmsal istifadə göstəricisi 19,3% artıb, Leobank ekosistemi genişlənib və 1,7 milyon rəqəmsal istifadəçi qeydə alınıb. Müştəri məmnuniyyətini ölçən NPS göstəricisi 13,3% artaraq, müştəri etibarının daha da gücləndiyini göstərib.