Vüqar Baba: "İdman mətbuatında qayda-qanun yoxdur" (MÜSAHİBƏ)

İDMAN
11:19 09.04.2011
2679
Sayt ötən ilin noyabr ayında yaranıb. Yarandığı ilk gündən oxucuların diqqətini cəlb edən saytda bu yaxınlarda kadr dəyişikliyi olub. 

Dekabr ayından Premyerliqa.az-ın redaktoru olan jurnalist Vüqar Baba saytdan ayrılıb. Əvvəllər “Xəzər” TV və “lent.az”da da çalışan Vüqar premyerliqa-dan ayrılmağı haqda ilk dəfə AZXEBER.COM-a danışdı. Müsahibəni olduğu kimi təqdim edir.

- Vüqar istərdim lap əvvəldən başlayaq. Premyerliqa.az-a gəlişiniz necə oldu?

- Premyerliqa.az saytı noyabr ayında açılıb. Mən redaktor kimi dekabrda gəlmişdim. Gələn kimi ilk işim saytın dizaynını dəyişmək oldu. Əvvəlki dizayn ilə oxucularımızın az olacağını düşünürdüm. Çünki veb jurnalistikada belə bir şey var ki, oxucu ilk dəfə girdiyi saytı bəyəndisə bir də girəcək, bəyənmədisə heç vaxt girməyəcək. Əvvəlki dizayn ilə reytinq (oxunma sayı) tək-tək hallarda 300 olurdu. Yəni, adətən 300-ün altında olurdu. Dizayn dəyişəndən sonra reytinq xeyli qalxdı. Son vaxtlar isə 800-1000 arası olurdu. Burada mənim də, müxbirlərin də, saytın sahibinin də təsiri var idi. Yeni imic hamımıza yeni ruh vermişdi, həvəslə işləyirdik. Daha sonra idman saytlarının demək olar heç biri tələbələrə inanmasa da, mən gedib BDU-da tələbələrlə görüşdüm, sayta dəvət etdim. Bir neçəsi gəldi. İstəyi çox olanlar qalıb işlədi... Bu da az maliyyə ilə "ayaqlı jurnalist" demək idi. Yəni, hadisə yerinə gedən, müsahibələri birbaşa alan, fotolar çəkən onlar idi. üstündə işləyirdik, tapşırıqlar verirdik sözsüz, onlar da maşallah gözlədiyimizdən də bacarıqlı çıxdılar. Yəni, düşünürəm ki, saytı oxunaqlı edən əsas amillərdən ikisi bunlar idi. 1-ci Yeni imici, 2-ci "Ayaqlı jurnalistlər", 3-cü amil də ki, videolarımızın olması. Ölkə futbolu ilə bağlı videoları da biz tapıb yerləşdirirdik. Bu da çox oxucu cəlb edirdi.

- Bəs necə oldu ki, saytdan ayrıldız?

- Bizdən əvvəl çıxan saytlarla müqayisədə çox irəliləmişdik. 2 aya yığdığımız reytinq oxşar sferalı saytların 2 ilə yığdığı reytinqə bərabər idi. Amma nədənsə saytın sahibi çox vaxt işdən razı olmadığını deyirdi. Özü də bu saydığım uğurları qəbul edə-edə. Və elə oldu ki, bu narazılıqlar yığıldı bir yerə, oturub söhbət etdik və ayrılmağı qərarlaşdırdıq. Mən bacardığımı etsəm də narazılıqlar davam edəcəkdi çünki saytın sahibi nəsə başqa şeylər istəyirdi. Ola bilər onun istədiyi kimi işlədə bilmirdik saytı. Amma mənim üçün əsas göstərici var - oxunma sayı. Sayt çoxluq tərəfindən bəyənilirdi. Bu oxunma sayı sayta reklam gətirə bilər. Saytlar üçün əsas olan da məhz budur.

- Reklam söhbətdən düşmüşkən. Bilirik ki, saytın əsas gəlir yeri məhz reklamdır. Bu baxımdan premyerliqa.az-da vəziyyət necə idi?

- Mən Media İdarəçiliyi üzrə təhsil almışam. Öyrəndiklərimi tətbiq etməyə çalışırdım saytda. Və yaxşı da alınırdı. Saytda hazırda 5 reklam var. Mən çalışdığım vaxtda telefonla müxtəlif təşkilatlardan, banklardan reklam təklifləri gəlirdi. Qiymət cədvəlini filan göndərirdik, danışırdıq, bəzi şeyləri müzakirə edirdik. Çoxusu reklam verməkdə maraqlı idi. Amma indi o reklam vermək istəyənləri hələ də saytda görmürəm.
Onu deyim ki, zəng edənlər futbol mediasında görmədiyimiz şirkətlər idi. Əsasən də müxtəlif banklar çox maraqlanırdılar Premyerliqa.az-a reklam vermək üçünş. Saytın reytinqi 2 ayda 300-dən 1000-ə qalxdı. Bu əlbəttə ki, tək mənim işim deyildi. Amma bütün komandanı yığıb, özüm daxil hər kəsin tam güclə işləməsini təmin edə bilmişdim. Əsasən bir media menecerin gördüyü işi tam görə bilmişdim məncə.
Vəzifəm redaktor idi, amma müxbirlərinin sayı az olan media orqanlarında redaktor redaktəni ən sonda edir. Faktiki olaraq əsasən saytın işləməsinə cavabdeh idim.

- Əsas problem nə idi bəs?

- Azərbaycanlı futbolçulardan müsahibələrin az getməsindən. Onu da mən bütün işlərin arasında az hallarda edə bilərdim. BDU-un Jurnalistika fakültəsindən dəvət etdiyimiz tələbə jurnalistlər o işi görəcəkdilər. Görməyə də başlamışdılar. Amma yavaş-yavaş... Onlar da yetişməli idilər. 

- Sizcə Premyerliqa.az həmin gənclərlə irəli gedə biləcəkmi?

- O gənclərin üstünə düşüb bacardıqları istiqamətdə işlədilə bilsə Premyerliqa.az bundan sonra da irəliyə gedər. Mən çıxandan sonra saytın dizaynı azca dəyişdirilib. Bu dəyişiklik mən orada olanda planlaşdırlırdı. Karkasını da mən çəkib vermişdim. Amma mən düşündüyüm kimi dəyişdirilməyib. Yeni əlavə olunan xəbər xətti çox bəsit görünür. Ümumi dizaynı korlayır. Mən onu tamam başqa imicdə, daha cəlbedici və çoxfunksyalı təklif etmişdim. Amma mən orada olan zaman "əksikdir" deyilən şeyləri yenə saytda görmürəm. Sözün düzü, belə bir dizaynı mən 3-4 ildir xəyal edirdim. Nə vaxtsa sayt açıb təxminən bu dizaynda qurmaq istəyirdim. Premyerliqa.az-dan təklif aldıqda isə saytın sahibinin çox həvəsli, çox iddialı olduğunu görüb öz ideyamı onun saytına təklif etdim. Təxminən "Bu dizaynda, dediyin funksiyalarla işləyəcək saytı quracaq adam tapa bilməzsən. Amma tapsan çox sevinərəm" tipli ifadə ilə sevincini bildirmişdi. Karkası çəkdim, sayt yığan bir tanışımla görüşüb müzakirə etdim. Çəkdiyimin eynisini istədiyim funksyalarla yığa biləcəyini dedi və işə başladıq, sonu da belə oldu.

- Bundan sonra Vüqar Babanı idman mətbuatında görə biləcəyikmi?

- Çox da inanmıram. Çünki, idman mətbuatında qayda-qanun yoxdur. Adicə yazı qaydaları belə dəqiqləşdirilməyib. Futbolçuların, klubların adını hər sayt bir cür yazır. Elə Premyerliqa.az-da da hər şey düzgün yazılmırdı. Mən həm premyerliqa-da, həm də ki digər saytlarda çalışan həmkarlarıma ümumi qayda tətbiq etməyi təklif edirdim. Belə bir qaydanın olduğunu da göstərirdim. Beynəlxalq təcrübədən faydalanmağın düzgün olacağını deyirdim. Amma çoxluq razılaşmırdı. Hər ada ayrıca yanaşmaq istəyirdilər. Köhnə jurnalistlərin səhvlərini saxlayaraq onun üstünə öz fərziyələri ilə adlar yazırlar.
Bir klubun və ya futbolçunun adının Azərbaycan dilində oxunuşunu əsas götürürdülər, digəri üçün isə ingilis dilində yazılışını. Misal üçün rusların "Latsio" etdikləri "Lazio" klubunu elə ruslar kimi də saxlayırlar. Halbuki, bu adın həm yazılışı həm oxunuşu LAZİO-dur. Bütün dünya da Lazio deyir. Öz ölkəsində “Galatasaray” yazılan klubu Q hərfi ilə “Qalatasaray” yazırlar. Bu zaman oxunuşu əsas götürürlər. Amma “Tottenham”ın A-sını oxunuşa uyğun olaraq dəyişib E edir, amma qoşa samiti saxlayırdılar. Halbuki qoşa samitdən yalnız biri oxunur. “Totenhem” şəklində. Ya da bu söz orijinalında olduğu kimi olmalıdı. Bu misallar sadə olduğu üçün çəkdim. Sadə olsa da oxucuları çaşdırmağa, əsəbləşdirməyə kifayət edir. Elə bu səbəblərdən idman mətbuatında qalacağıma inanmıram.


- Sonda AZXEBER.COM portalına nə demək istəyirsən?

Hacıbəy  HEYDƏRLİ

OXŞAR XƏBƏRLƏR