Valideynlərin nəzərinə - Övladlarınızı buna məcbur edə bilməzsiniz

Valideynlərin nəzərinə - Övladlarınızı buna məcbur edə bilməzsiniz
SOSİAL
13:05 02.02.2026
289
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Uşaq hüquqları haqqında” yeni qanun layihəsi qəbul olunacaq. Qanun layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, valideynlərin uşaqları dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur. Qanun layihəsində qeyd olunur ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, çox mürəkkəb məsələdir:

"Bu, çox mürəkkəb və birmənalı olmayan məsələdir. "Uşağı dini etiqada məcbur etmək” nə deməkdir – bunu dəqiq başa düşmək çətindir. Məcburiyyət o vaxt olur ki, valideyn uşağa deyir: "Sən mütləq bu dinə inanmalısan” və ona seçim haqqı vermir. Yaxud uşağı zorla namaz qıldırır, oruc tutdurur, kilsəyə aparır. Bəs valideynin uşağa "dərsini oxu”, "ora getmə”, "bunu etmə” deməsi nədir? Bu da məcburiyyətmi sayılır?”.

Ekspert deyib ki, tərbiyə prosesi özü müəyyən mənada mıcburiyyətdir:

 "Əslində tərbiyə prosesi özü müəyyən mənada mıcburiyyətdir. Hər bir valideyn uşağı öz bildiyi kimi formalaşdırmağa çalışır. Amma zor tətbiq olunursa – döyülürsə, təzyiq göstərilirsə – bu artıq açıq şəkildə yanlışdır və qəbul edilə bilməz. Məsələn, qız uşağını zorla baş örtməyə məcbur etmək açıq məcburiyyət sayılır. Amma başqa hallarda sərhədi çəkmək çətindir: bu tərbiyədir, yoxsa məcburiyyət?”. 

Hüquqşünas qeyd edib ki, qanun qəbul edilirsə, əvvəlcə aydın şəkildə izah olunmalıdır:

"Əgər belə mövzuda qanun qəbul edilirsə, əvvəlcə aydın şəkildə izah olunmalıdır. Məsələn, hansı hallarda bu  məcburiyyət sayılacaq? Kim və hansı meyarla qərar verəcək ki, burada uşağa təzyiq var, ya yox? Çünki valideynin uşağı yönləndirməsi normaldır. Amma uşağın düşüncəsinə və seçiminə zorla müdaxilə etmək artıq problemli məsələdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR