"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat

"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
SOSİAL
13:29 09.06.2026
347
"Gəlin etiraf edək ki, şəhər mərkəzlərində, qəsəbələrdə və rayon mərkəzlərində də çay yataqları, arxlar və kanallar mövcuddur. Həmin ərazilərdə kol-kosların təmizlənməsi həqiqətən də ciddi problemə çevrilir. Vətəndaşlar dəfələrlə müraciət etsələr də, aidiyyəti qurumlar çox zaman gec reaksiya verirlər və nəticədə eyni vəziyyət təkrar yaranır".

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Naqif Həmzəyev "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O təklif etdi ki, məhz çay yataqları, kanallar və arxlarla bağlı da burada ayrıca bir müddəa nəzərdə tutulsun:

"Gəncə şəhərinin timsalında Xan arxını qeyd etmək istəyirəm. Bu, tarixi bir arxdır və şəhərin ərazisindən keçərək bir neçə rayonun ərazisinə qədər uzanır. Ancaq inanın ki, həmin ərazinin təmizlənməsi ilə bağlı ciddi problemlər mövcuddur. Kommunal qurumlara müraciət ediləndə də çox zaman gec cavab verilir. Ərazi tamamilə baxımsız vəziyyətə düşdükdən, zibillər toplandıqdan, kol-koslar yığılıb qaldıqdan sonra məsələyə müdaxilə olunur. Bəzi hallarda aidiyyəti nazirlik və yerli qurumlar da bu məsələlərlə bağlı müsbət rəy vermirlər. Vətəndaş isə özü həmin kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir. Nəticədə heç kim bu məsələlərə qarışmaq istəmir. Ona görə də mümkün olarsa, bu məsələnin əhatə dairəsi yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarla məhdudlaşdırılmasın, su keçən ərazilərə, çay yataqlarına, kanallara və arxlara da şamil edilsin ki, bu problemlər daha operativ və asan şəkildə həll oluna bilsin".
OXŞAR XƏBƏRLƏR