15:27 Cümə Axşamı, 18 Iyul 2019
Maqazin

Vüsalə Səid: "Adı ilə üzə çıxa bilməyənlər qalmaqalla gündəmi zəbt etmək istəyirlər" - MÜSAHİBƏ

14:08, 06.02.20192714
Vüsalə Səid:
Son günlər, "Sinemanın kral və kraliçası” yarışması ilə bağlı qalmaqal mətbuatın gündəminə çevrilib. 

Müsabiqənin Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsalə Səid Əyyubqızı yarışma haqda AZXEBER.COM-a müsahibə verib. 
 
- "Sinemanın kral və kraliçesi" yarışması Türkiyədə tanınan yarışmadır. Yarışmanın ölkəmiz üzrə rəsmi nümayəndəsi sizsiz. Sizə bu təklif necə gəldi və hansı şərtləri oldu? 
- Mən 2017-ci ildə İstanbulda keçirilən yarışmanın qala gecəsinə layihənin rəhbərliyi tərəfindən dəvət edilmişdim. Elə o ərəfədə yarışmanın rəhbərliyi layihəni beynəlxalq səviyyəyə çıxarmaq barədə düşündüklərini və ilk xarici ölkə kimi Azərbaycanı orada görmək istədiklərini bildirdilər. Və bu işi Azərbaycanda mənə həvalə etdilər. Təbii ki, düşünmək üçün onlardan vaxt aldım, Azərbaycanda dostlarımla məsləhətləşdikdən sonra 2018-ci ildə "Sinemanın kral ve kraliçesi" yarışmasının Azərbaycan seçimlərini keçirdik.

- Bu yarışma ötən il də baş tutmuşdu və qalmaqalla yadda qalmışdı. Bu il nə kimi yeniliklər olacaq?
- Ötən il yarışma Azərbaycanda ilk dəfə keçirildi və çox uğurlu alındı. Heç bir qalmaqal da baş vermədi. Layihənin şərtlərinə görə Türkiyədə keçiriləcək finala qatılmaq üçün ölkəmizdən iki nəfər iştirakçı seçilməli idi. Lakin yarışmaya qatılan iştirakçıların istedadları nəzərə alındı və belə qərara gəlindi ki iki nəfər finalçı ilə yanaşı daha iki nəfər (finalçılar yarışmadan imtina edəcəkləri təqdirdə) ehtiyat iştirakçı seçilsin. Bir xanım iştirakçımız isə Kiprdə keçiriləcək "miss fashion" yarışmasında ölkəmizi təmsil etmək üçün seçildi. Finala çıxan oğlan yarışmaçı - Pərviz bəylə heç bir problem olmasa da xanım yarışmaçı - ailə məsələlərinə görə şərtlərə əməl etmədi ( bilet alındığı halda) ve layihədən uzaqlaşdırıldı. Yedək xanım iştirakçı da (biletin alındığını görüb, ölkə xaricinə istirahətə yollanmışdı) layihədən uzaqlaşdırldı və təbii ki ölkəmizi "miss fashion" qalibi seçilmiş Pərvin xanım təmsil etdi. Azərbaycanı təmsil edən finalçılar Türkiyədə birincilik əldə edə bilməsələr də bu layihədə iştirak onların karyerasında böyük önəmə sahib oldu. Hazırda Pərvin xanım telekanallarımızdan birində aparıcı kimi çalışır, Pərviz bəy isə artıq bir neçə qısametrajlı filmə və reklam çarxlarına çəkilib. İnanırıq ki, onlar əldə etdikləri təcrübədən daha çox yararlanacaqlar və uğurları daha bol olacaq.

- Azərbaycan gənclərinin yarışmaya marağı nə yerdədir?
- Təbii ki, türk film sektoruna daxil olmaq, dünyaca məşhur türk seriallarında rol almaq minlərlə Azərbaycan gəncinin də arzusudur. Bildiyiniz kimi bu sahədə Türkiyədə böyük imkanlar olsa da rəqabət də çox güclüdür. Rejissorların və prodüserlərin diqqətini cəlb etmək üçün təkcə vizual görüntü kifayət eləmir, həm də istedadını nümayiş etdirməlisən ki səni də filmə dəvət etsinlər. "Sinemanın kral ve kraliçesi yarışması" da məhz bu fürsətləri gənclərimizə təqdim edir. Gəl, iştirak et, istedadını nümayiş etdir və arzularını gerçəkləşdir.

- Faktdır ki, Azərbaycanlı məşhurlar Türkiyədə tanına bilmir. Sizcə buna səbəb nədir?
- İstedad varsa və o düzgün istiqamətə yönləndirilibsə o əvvəl-axır üzə çıxacaq. Türkiyədə olmayacaq, Rusiyada olacaq, orada olmayacaq Avropada, İranda, lap elə ölkəmizdə istedad öz yerini tapacaq. Sualınıza gəlincə onlarla faktlar var ki həmvətənlərimiz Türkiyədə incəsənətin bir çox növlərində çox gözəl mövqe tuturlar, eləcə də aktyorluq və aktrisalıq sahəsində özlərinə yol açanlar artmaqdadır. Amma kimsə deyə bilməz ki, Türkiyədə məhz azərbaycanlı olduğum üçün inkişafa şərait yaradılmır. Ola bilsin orada yetərincə uğur qazana bilməməyimizdə özümüzü doğru təqdim edə bilməməyimiz də rol oynayır. Sonunda bu da bir bazardır və bu bazarda necə, kimin tərəfindən təqdim olunmaq çox önəmlidir.

- Türkiyədə tanınmaq üçün ən əsas şərt nədir?
- Bu sualın daha dolğun cavab üçün ünvanı məncə türkiyəli prodüserlər və menecerlərdir. Amma mənim fikrimcə istedad, istək və inad varsa bir gün türk sinema qapıları mütləq üzünə açılacaq. Əmin ola bilərsiz, Türkiyədə məşhurluğun yolu nə soyunmaqdan, nə də geyinməkdən keçmir. Sadəcə özünü doğru ünvana, doğru yöndən təqdim et. Səndə bir işartı varsa onlar mütləq bu işartını parlayan ulduza çevirəcəklər.

- Yarışma çərçivəsində sizə ittihamlar səsləndi, sizcə bu təsadüf idi yoxsa?
- Bu əsassız, dedi-qodu səviyyəli ittihamlara baş qoşub missiyamızdan uzaq düşmək istəmirik. Sadəcə onu bildirim ki, şəxsimi təhqir edənlər qanun qarşısında cavab verəcəklər.
İttihamların əsas səbəbi şəxsi qərəz və ucuz reklam olunmaq istəyindən doğur. Adı ilə üzə çıxa bilməyənlər qalmaqalla gündəmi zəbt eləmək istəyirlər. Bizim missiyamız açıq və aydındır: istedadlı Azərbaycan gənclərini türk kino sektoruna tanıtmaq, onların aktyor və akrtisalıq bacarığını daha da təkmilləşdirməklə bəyaz pərdədə qarşılarına yeni üfüqlər açmaq. Bu yarışmada qaliblər var, amma uduzan yoxdur, istedadını nümayiş etdirən, öz üzərində işləyən və bir az da şansı olan hər kəs bu yarışmadan öz nəsibini alacaq.
Bizə qarşı qarayaxma kampaniyası aparanlara isə məsləhətim odur ki, öz işləri ilə məşğul olsalar yaxşıdır.

- Son olaraq nə demək istərdiz?
- Özünə güvənən, yarışmanın şərtlərinə uyğun Azərbaycanın hər bir gəncini bu yarışmaya qatılmağa dəvət edirəm. Qoy heç kim qəlbindəki sənət ocağını söndürməsin, öz arzularının dalınca getməkdən çəkinməsin. "SİNEMANIN KRAL VE KRALİÇESİ" yarışması da hər bir gəncimizin yanında olmaqdan qürur duyacaq.
 
AZXEBER.COM
XƏBƏR LENTİ