Xalq artisti Arif Quliyev teatrdan niyə getdi?

MƏDƏNİYYƏT
19:27 17.04.2015
3061

Bu günlərdə xalq artisti Arif Quliyevin Milli Dram Teatrından getməsi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, xalq artisti artıq yalnız filmlərdə çəkiləcəyi ilə bağlı qərar verib.

Məsələ ilə bağlı musavat com-a danışan xalq artisti teatrdan birdəfəlik uzaqlaşdığını bildirib:

“Artıq üç ildir ki, teatra əlvida demişəm. Ancaq o demək deyil ki, mən rəhmətə getmişəm (gülür). Ömrümün axırınacan teatrdan yapışıb durmayacaqdım ki… Təbiidir ki, aktyorlar yaşlanandan sonra teatrı tərk etməlidir.

Mənim teatrı tez tərk etməyimin əsas səbəbi səhhətimdə yaranan problemlər oldu. Teatrda işləmək üçün məndə o qədər də güc qalmayıb. Özəl filmlər var ki, indi yalnız onlara çəkilirəm. Məsələn, hazırda Nail Naiboğlu bir film hazırlayır və mən orda baş roldayam…

Bilirsiz ki, film sahəsində biz aktyorlar üçün yaxşı gəlir var. İndi özəl zəmanədir də, kim necə istəyir, o cür dolanır.

Üstəlik, mənim özümün Özəl Satira Teatrım var, ordan da gəlirim gəlir və s. ”

Xalq artisti qarşıdan gələn 65 illik yubileyi ilə əlaqədar danışıb:

“Bu günlərdə may ayının əvvəlində 65 yaşımı qeyd edəcəm. Lakin bildiyiniz kimi Avropa Oyunları olduğundan yubiley tədbirimi geniş şəkildə sonra keçirəcəm. Hardasa minə yaxın dost-tanışımı dəvət edəcəyimi nəzərdə tutmuşam. İnşallah, təki can sağlığı olsun”.

Xatırladaq ki, xalq artisti Arif Quliyev bu günlərdə tamaşaçılara təqdim edilən rejissor Ramil Adiloğlunun çəkdiyi “Yumurta” komdeyisında maraqlı obraz ilə iştirak edib.

OXŞAR XƏBƏRLƏR