05:09 Bazar Günü, 21 Oktyabr 2018
SOSİAL

Xanəndələrin işindəki “Spays” haqda bilmədiklərimiz…

23:29, 09.08.201821628
Xanəndələrin işindəki “Spays” haqda bilmədiklərimiz…
"Spays” nədir və onun təsiri olmasaydı, bu cinayət törədilərdimi?

Bərdədə xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun müəmmalı ölümündən 1 həftədən artıq vaxt ötür. Bu müddət ərzində üzə çıxan məlumatlar cinayətin törədilməsində narkotiklərin həlledici rol alması haqda ehtimalları gücləndirir.

"Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, iyulun 31-də M.Mirizadə xanəndə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib. Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonağa yatmaq üçün həyətdə yataq açıblar. Hər 2 dost gecə taxtın üzərində yatıblar. Səhərə yaxın N.Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çox saylı zərbələr endirib. Çöldə səs küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin həyətə çıxdıqda hər tərəfin qan içində olduğunu və Miryusifiin öldüyünü görüb.

Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da, ona bildirilib ki, Miryusifin ürəyi pis olub şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da özü hadisə yerində qalaraq ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb. Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm M.Mirizadə, həm də N.Hüseynov narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər 2 dost daha sonra narkotik tərkibli "Spays” dərmanı qəbul ediblər.

"Spays” nədir və onun təsiri olmasaydı bu cinayət törədilərdimi? Hazırda sualın cinayətin hansı motivlə törədilməsi ilə bağlı yaranan hissəsinə istintaqçılar cavab axtarırlar.

"Spays”la bağlı hissəsinə isə ümumdünya toru üzərindən məlumat toplamağa çalışmışıq. Belə aydın olur ki, 3-4 ilə qədər "Spays” Rusiya və Türkiyədə mağazalarda açıq satışda olub. Hər kəs bu gün Azərbyacanda energetik içkilər aldığı kimi "Spays” alıb itirilmiş enerjisini bərpa etməyə çalışırmış. Tərkibində mavi zanbaq, Havay qızılgülü, Öncəgörənlər şalfeyi (Salvia divinorum) olan "Spays”ın sonradan sıradan bir energetik tərkibli ədviyyat tərkibli olmadığı üzə çıxdı. Bilindi ki, ədviyyat kimi təqdim olunan bu otlar kannabioidlərlə zənginləşdirilirlər. Mavi zanbaq, Havay qızılgülü, Öncəgörənlər şalfeyi tiryəkin tərkibindəki zəngin kannabioidlərin sintetik analoqları ilə hopdurulurmuş. Bu isə "ziyansız keyf” həvəskarlaırnda aslılıq, beyin qüsurları və digər xəstəliklərlə yanaşı bir çox hallarda ölümə də səbəb olub. Hazırda Rusiya və Türkiyədə "Spays” qadağan olunub və narkotiklərə bərabər tutulur. "Spays”ın bonzay bitkisindən hazırlanması halları da var. Azərbaycanda məhz sonuncusu daha çox yayılıb.

"Spays”ın dünya üzrə əsas istifadəçilərinin 15-35 yaşı əhatə edir. Azərbaycanlı xanəndələr də məhz bu yaş qrupunda olublar. Azərbaycanda yayılan "Spays” əsasən Bonzay bitkisinin yarpağından hazırlanır. Tərkibinə müxtəlif sintetik qarışıqlar əlavə edilərək tox və maye şəklində satışa çıxarılır. Bu sintetik tərkibli narkotikdir. Heroin və marixiuanadan da təhlükəli sayılır. "Spays”ı istifadə edənlərin orqanizmində maddələr mübadiləsi pozulur, beyin hüceyrələri zədələnir. Psixoaktivlik pik həddə qədər artır. Bu isə insanın özünü idarəetməsini əngəlləyir, ətraf mühitə laqeyd münasibəti formalaşır, hərəkətləri adekvat olmur.

"Spays”ın tərkibindəki kimyəvi toksinlər qısa müddətdə qaraciyərə sovrularaq qana keçir. Bir neçə dəqiqəyə bütün orqanizmə təsiri yayılır. Təsiri saatlarla davam edir. Spirtli içkilərlə qəbulu daha böyük təhlükəyə səbəb olur.

Yayılan məlumatlarda xanəndələrin "Spays” qəbulundan əvvəl spirtli içki qəbul etmələri də aydın olur. "Spays” qəbul edən şəxsdə bədənin hərarəti, ürək döyüntüləri artır, mədə qanaxmaları mümkündür, infarkt baş verməsi riski çox böyük olur. Bu narkotik maddə insanın beynində psixoloji gərginliyi pik həddinə çatdırır, xalq arasında "beyni qızdırır” ifadəsinin ehtiva etdiyi duruma səbəb olur. Bu təhlükəli narkotik vasitə ilk dövrlərdə "Spays” –ingiliscədən dilimizə tərcümədə ədviyyat adı ilə satılıb. Hüquq mühafizə orqanlarının diqqət mərkəzinə düşəndən sonra isə digər narkotiklər kimi ən müxtəlif adlarla satışa çıxarılmağa başlayıb. İlk vaxtlar internet üzərindən satışı böyük müştəri sayına və yayılma arealına imkan yaradıb.

Belə səhv düşüncə var ki, "Spays” asılılıq yaratmır. Əslində isə "Spays” əksər narkotiklər kimi asılılıq yaradır. Azərbaycanda da narkotik vasitələrin müxtəlif növündən istifadə edənlər var və narkotik vasitələrin istifadəçilərinin sayı kifayət qədərdir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2016-cı ildə qeydə aldığı statistikaya əsasən, Mərkəzdə 29 min 448 nəfər qeydiyyatda olub. Onlardan 24 min 56 nəfəri dispanser, 5 min 392 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-cı ilə dair açıqladığı məlumata əsasən qeydə alınan narkomanların sırasında 18 yaşa qədər 5 nəfər var. Onlardan 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20 min 576 nəfəri (459 nəfər qadın) infeksion narkotik istifadəçiləridir. Belə iddialar da var ki, narkotik istifadəçilərinin sayı rəsmi rəqəmlərdən 2 dəfə çoxdur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 639,2 kiloqram narkotik maddələrin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 35,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

"Spays” güclü təsiredici vasitə kimi qeydə alınır. Ötən ilin mayında Milli Məclisin plenar iclasında "Spays” və "bonzay” adı ilə tanınan bu güclü təsiredici vasitə ilə bağlı müzakirələr aparılıb.

"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişikliklər olunub. Müzakirələr zamanı deputat Əli Hüseynli deyib ki, son illər ticarət adları "Spays” kimi tanınan bir sıra narkotik vasitələrin, eləcə də psixotrop maddələrin ölkə ərazisində yayılmasına və tranzitinə cəhd göstərilir.

Sitat: "Lakin, həmin vasitələrin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr Siyahısı”na daxil edilməməsi onların qanunsuz dövriyyəsinə görə məsuliyyət tədbirlərinin görülməsini istisna edir. Bununla əlaqədar layihədə nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının tənzimlənməsi məqsədi ilə edilir”, – deputat bildirmişdi. Qanun layihəsi səsə qoyularaq təsdiqlənmişdi. Həmin gündən Azərbaycanda "Spays” və "Bonzay” adı ilə tanınan güclü təsiredidci maddələrin dövriyyəsi qanunla qadağan olunub.
 
///minval.info
XƏBƏR LENTİ