Xanımların fotoları süni intellekt vasitəsilə montaj edilərək, əxlaqsız formada yayılır - Bunu edənləri hansı cəza gözləyir?

Xanımların fotoları süni intellekt vasitəsilə montaj edilərək, əxlaqsız formada yayılır - Bunu edənləri hansı cəza gözləyir?
SOSİAL
14:57 26.02.2026
363
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur. Şəkillər naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb. 

Məsələ ilə bağlı tələbələrin müraciəti əsasında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmaya başlanıldığı açıqlanıb. 

Bu cür əməllər şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi məlumatların qanunsuz əldə edilməsi və yayılması, eləcə də böhtan və ya təhqir tərkibi yarada bilər. Bəs tələbələrin şəxsi fotolarını icazəsiz götürərək süni intellekt vasitəsilə montaj edib yaymaq hansı hüquqi məsuliyyət yaradır və bu əməli törədən şəxsi hansı cəza gözləyir?  
 


Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bildirib ki, belə addımlar şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə kimi qiymətləndirilir:

"Sosial şəbəkə profillərindən götürülmüş fotoların icazəsiz əldə edilərək süni intellekt vasitəsilə montaj olunması və rəqəmsal platformalarda yayımlanması mahiyyət etibarilə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə kimi qiymətləndirilir. Bu tip mübahisələrdə hüquqi çərçivə xüsusilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarı fonunda daha sistemli şəkildə müəyyənləşdirilib. Yeni yanaşmaya görə, şəxsiyyət hüquqlarını pozan məlumat və ifadələr yalnız yazılı mətn formasında deyil, eyni zamanda şəkil, montaj, audio və video kimi vizual və rəqəmsal formatlarda da yayıla bilər. Belə ki, hər hansı məzmunun üçüncü şəxslərə və ya qeyri-müəyyən şəxslər dairəsinə onların qavraya biləcəyi formada çatdırılması yayılma hesab olunur”.

Hüquqşünas deyib ki, zərərçəkən şəxslər kompensasiyasını tələb etmək hüququna malikdirlər:

"Mövcud qanunvericiliyə əsasən, bu cür hallarda zərərçəkən şəxslər mülki qaydada məhkəməyə müraciət edərək pozuntunun təsbitini, həmin materialın yayımının dayandırılmasını, kontentin silinməsini və ya düzəliş edilməsini, həmçinin mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər.
Məsuliyyətin cinayət-hüquqi müstəviyə keçməsi mülki-hüquqi müdafiə vasitələrinin tətbiqini istisna etmir və zərərçəkən şəxs paralel olaraq hər iki hüquqi müdafiə mexanizmindən istifadə edə bilər”.

O söyləyib ki, cinayət-hüquqi məsuliyyət məsələsində əmələ verilən hüquqi qiymət paylaşılmış montaj materialının məzmunundan asılıdır:

"Cinayət-hüquqi məsuliyyət məsələsində əmələ verilən hüquqi qiymət paylaşılmış montaj materialının məzmunundan və təqdim olunma formasından asılıdır. Əgər montaj edilmiş kontent yalan olduğunu bilə-bilə konkret şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumat kimi təqdim edilərək internet resursunda yayılıbsa, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi-böhtan kimi qiymətləndirilə bilər. Əgər paylaşılan material fakt iddiası formasında deyil, daha çox şəxsin şərəf və ləyaqətinin nalayiq şəkildə qəsdən alçaldılmasına yönəlibsə, bu halda əməl həmin məcəllənin 148-ci maddəsi -təhqir maddəsi ilə aktuallaşır”.

R.Qaraşov bildirib ki, hər iki maddənin sanksiyası alternativ xarakter daşıyır və aşağıdakı cəza növlərini nəzərdə tutur:

"Məlumatı yayan şəxs 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri, və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası ala bilər. Beləliklə, qanunvericiliyə əsasən, bu tip hallarda nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının maksimum həddi 6 aya qədərdir. Lakin konkret iş üzrə hansı cəzanın tətbiq ediləcəyi məhkəmə tərəfindən fərdi qaydada müəyyən edilir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR