Yağışı sevənlərə: "Yağış və sən"

KÖŞƏ
15:43 27.04.2011
2484

 

Bu gün pəncərəmi döyən

Yağış damlası,

Sənə rəhmim gəlir.

Çünki, sən də onun kimi

Çox çarəsizsən.

Çünki, sən də onun kimi

Cəsarətsiz və halətsizsən…



Bir vaxt o da, sənin kimi

Ömrü gənclik guşəsindən,

Həyatının su səsindən

İki əllə yapışmışdı…



Hə!

Onda da alınmadı!

Diş-dırnaqla yapışdığı

Bu həyatın öz qoynunda saxlamağa

Nə ixtiyarı çatmadı,

Nə özünün bir hünəri tab etmədi…

Gəncliyinin mərd dözümü

Onu heç vaxt yad etmədi…



Gözlərinin qarasından,

Gəncliyinin yarısından,

Barmağının arasından

Yavaş-yavaş çıxdı dünya.



Bu yağışın damlaları

Pəncərəni döyən kimi,

Taqətsiz sürüşən kimi

O da tərk etdi dünyanı…



Bu əzablı ömür yolun

Tale ömründən silmədi

Dünya boyda ürəyini

Dünya gəzdirə bilmədi…



Hər gün mənim pəncərəmdə

Milyon-milyon damla ölür

Ölən damlaya hər səhər

Şəfəq-şəfəq günəş gülür…

Günay Ümid

OXŞAR XƏBƏRLƏR