16:27 Bazar Günü, 24 Iyun 2018
SİYASƏT

“Yaşlı məmurları yola salmaq lazımdır, amma...”

14:53, 14.06.20188509
“Yaşlı məmurları yola salmaq lazımdır, amma...”
Son dövrlər gənc kadrların yüksək dövlət vəzifələrinə təyinatı, onların potensialından dövlətin idarə olunması prosesində istifadə edilməsi halları artır. 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin formalaşması ilə bağlı sərəncamına nəzər salsaq görərərik ki, yeni kabinetdə kifayət qədər gənc məmurlar təmsil olunur. Təkcə hökumətdə deyil, Prezident Adminstrasiyasında, yerli idarəetmə orqanlarında və diplomatik  korpuslarda da gənc kadrlar önə çəkilir.

Müxalif mətbuat orqanlarında isə həyata keçirilən bu kadr islahatları yaşlı məmurların küncə sıxışdırılması, onlardan imtina olunması kimi cəmiyyətə təqdim olunur.

AZXEBER.COM məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov və "Konstitusiya Araşdırmalar Fondu"nun prezidenti Əliməmməd Nuriyevi danışdırıb.

Portalımıza açıqlamasında millət vəkili Azər Badamov bildirib ki, nəsilər dəyişdikcə, yeniləndikcə gənclərin önə çıxması təbii hadisədir:

"Bilirsiniz ki, uzun müddətdir ölkəmizdə yeni nəslin yetişməsi, onların peşəkar vərdişlərinin artırılması istiqamətində məqsədyönlü siyasət aparılır. Təsadüfi deyil ki, təkcə son 10-15 ildə minlərlə gənc bu məqsəd naminə dövlət hesabına xarici universitetlərə göndərilib, orada peşəkar bilik və bacarıqlarını artırmağa nail olublar. Heç şübhəsiz bu siyasətin yürüdlməsində əsas məqsəd həmin gənclərin, o cümlədən digər istedadlı gənclərimizin təcrübəsindən dövlət idarəetməsində istifadə etmək idi”. 

"Çox sevindirici haldır ki, biz artıq öz məsdələrimizə nail oluruq” deyən Azər Badamov əlavə etdi ki,  bu gün Azərbaycanda kifayət qədər istedadlı, idarəetmə sahəsində yetişmiş çoxsaylı gənclərimiz var:

"İndiki halda onların yüksək dövlət vəzifələrinə təyinatı tamamilə gözlənilən idi. Hesab edirəm ki, yüksək peşəkarlıq nümayiş etdirərək, onlar Cənab Prezident İlham Əliyevin etimnadını doğruldacaqlar. O ki qaldı müxalif mətbu orqanlarda nisbətən yaşlı kadrların küncə sıxışdırılması ilə bağlı iddialara, bunlar tamamilə əsassız və mənasız fikirlərdir. Hazırda bu qəbildən olan yüzlərlə məmur yüksək dövlət vəzifəsində çalışır və onlar ölkəmizin inkişafına öz tövhələrini verirlər. Onların dərin təcrübəsindən dövlətin idarə olunmasında geniş istifadə olunur”.

"Konstitusiya Araşdırmalar Fondu"nun prezidenti Əliməmməd Nuriyev məmurları iki qrupa bölür:

"Bunlardan bir qismi sizin dediyiniz kimi, gənc nəsil, digəri isə nisbətən yaşlı nəsildir. Beynəlxalq təcrübəyə nəzər salsaq, birinci nəsli menecerlər, ikinci nəsli isə top menecerlər adlandırmaq olar. Onların hər birinin özünəməxsus üstünlükləri var. Gənclər enerjili və çalışqan olduğu kimi, yaşlı nəsil daha təcrübəli və peşəkardırlar. Nəzərə almaq lazımdır ki, həyatda bəzi şeylər var ki, onlar təkcə savadla, elmlə deyil, məhz fizioloji qanunlarla, məsələn yaşla bağlıdır. Yaşlı insan daha təcrübəli və təmkinli olur. Bu mənada onların potensialından mütləq istifadə olunmalıdır”.

"Yaşlı məmurların müşavir, ekspert kimi dövlətə daha çox faydası dəyə bilər” deyən Əliməmməd Nuriyev qeyd etdi ki, onları tamamilə kənarda saxlamaq olmaz:

"Heç şübhəsiz gənclərin yüksək dövlət vəzifələrinə təyinatı, onların potensialından dövlətin idarə olunması prosesində istifadə edilməsi vacib məsələdir. Nəzərə alanda ki, bu gün ölkəmizdə kifayət qədər yüksək təhsilli, peşəkar gənclərimiz var, bu tamamilə düşünülmüş və faydalı addımdır. Yaşlı məmurlar yola salınmalıdır, amma onların xidmətlərindən digər sahələrdə istifadə olunmalıdır. Misal üçün rotasiya yolu ilə, digər vəzifələrə təyinat və ya müşavir olaraq fəaliyyətə cəlb edilmək  yolu ilə bunu həyata keçirmək olar. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, o cümlədən kadr islahatları açıq şəkildə deməyə əsas verir ki, ölkəmiz bu sahədə də düzgün inkişaf yolundadır”.

// Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ