Yaxın illərdə neft-qaz sektoruna nisbətən qeyri-neft sektorunda stabil inkişaf müşahidə ediləcək.
Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini qeyd edib ki, proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5,2 faiz, növbəti 3 ildə isə orta illik iqtisadi artım 5,5 faiz təşkil edəcək. Bu dövrdə ölkə istisadiyyatının artımı qeyri-neft sektorunun dinamik inkişafı ilə seçiləcək: "Neft hasilatı proqnozlaşdırılan dövrdə orta hesabla 40,5 milyon ton, qaz hasilatı laylara vurulanlar da nəzərə alınmaqla, 27,4 milyard kubmetr səviyyəsində olacaq. Qeyri-neft sektorunun isə 2014-cü ildə 10 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faizən çox atması gözlənilir. Nəticədə 2017-ci ildə ÜDM-in 72 faizdən çoxu məhz qeyri-neft sektorunda formalaşacaq".
S.Həsənova əlavə edib ki, neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib və 1 barel neftin qiyməti gələn il üçün 100 ABŞ dolları, növbəti 3 il üçün isə stabil olaraq 80 dollar qəbul edilib.
Növbəti illərdə də manatın məzənnəsinin cari sabitliyinin saxlanılması nəzərdə tutulub və inflyasiya tempi 3-4 faiz civarında proqnozlaşdırılıb.(TREND)