Mahnı ətrafında həmişə olduğu kimi müxtəlif söz-söhbətlər yaransa da, hər halda mahnı artıq seçilib. “Eurovision 2011″ mahnı müsabiqəsində ölkəmizi Ell/Nikki adı ilə təmsil edəcək iştirakçılar “Running Scared” – yəni “Qorxub qaçan” mahnısını mayın 10-da 18-ci nömrə altında ifa edəcəklər.
Bu balladanı 70 mahnı arasından İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İ İsmayıl Ömərov, bəstəkarlar Faiq Sücəddinov, Rauf Babayev, Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova,Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni, xalq artisti Zülfiyyə Xanbabayevanın təmsil olunduğu münsiflər heyəti seçib.
Xalq artisti Rauf Babayevin sözlərinə görə, mahni yerli və əcnəbi bəstəkarların musiqiləri arasından seçilib: “Running Scared” mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Layn Farquharsondur. Adları çəkilənlər “Eurovision – 2010″da Azərbaycan təmsilçisi Safura Əlizadənin ifa etdiyi “Drip drop” mahnısının müəllifləridir. “Running Scared” mahnısına çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulur.
Artıq bir neçə gündür ki, mahnıya çəkilən video çarx İctimai Televiziyanın efirində, radio dalğalarında yayımlanır.
Bütün fikirləri nəzərə alaraq məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevlə də əlaqə saxladıq. Ekstarsens bildirdi ki, Azərbaycanın bu müsabiqədə uğur qazanıb qazanmayacağı yalnız həmvətənlərimizin göndərəcəyi səsdən asılıdır: “Hər halda biz də Nigar və Eldara ölkəmizi layiqincə təmsil etmələri üçün uğurlar arzulayırıq. Və onların mayın 10-da keçiriləcək yarımfinalda 19 ölkə arasından Azərbaycanın adını ön sıralara çıxaracaqlarına ümid edirik”.