12:26 Bazar Günü, 21 Iyul 2019
SOSİAL

Özü nazir, qızı nazir, oğlu bankir – Şirəliyevlərin uğur hekayəsi

14:33, 11.12.201817761
Özü nazir, qızı nazir, oğlu bankir – Şirəliyevlərin uğur hekayəsi
AZXEBER.COM hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn "Məmur portreti” rubrikasını davam etdirir.

Rubrikada oxucular ölkənin idarə olunmasında yaxından iştirak edən, müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurların fəaliyyəti və həyat yolundan xəbər tutacaqlar.

Rubrikanın növbəti qonağı Səhiyyə naziri Oqtay Şirəliyevdir.

Oqtay Şirəliyev kimdir?

Azərbaycanın qocaman nazirlərindən olan Oqtay Şirəliyev 1950-ci il təvəllüdlüdür. Bürclərin "şahı” sayılan – "Şir” bürcündə dünyaya gələn nazir əslində bu bürcün tipik xüsusiyyətlərini özündə daşımır. Astroloqlar iddia edir ki, "Şirlər” çılğın və tez qızışan olurlar. Oqtay Şirəliyev isə sakit adam təsiri bağışlayır. Bəlkə də, o tipik "şirdir”, kənardan belə görünür. Bəlkələr çoxdur, lakin reallıq odur ki, 68 yaşlı nazir həyatda çox uğurlar qazanmağa müvəffəq olub.

Qərarı qəti idi: Əlinə bıçaq almalı idi, amma bu bıçaq...

Oqtay Şirəliyev həkim ailəsində anadan olub. Yəqin onun həkim peşəsini seçməsində bu amilin xüsusi rolu olub. Elə bu səbəbdən gələcək nazir yolunu Azərbaycan Dövlət Tibb İnsitutundan salıb. 1973-ci ildə bu insitutun Müalicə-profilaktika fakültəsini bitirərək, qısa müddət Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi çalışıb.

1978-ci ildə I Moskva Tibb İnstitutunun aspiranturasına daxil olan O.Şirəliyev 1981-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə edib. Elə həmin ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi, 1982-ci ildə Respublika Endoskopiya Mərkəzinin rəhbəri, 1983-1988-ci illərdə Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olub. 1988-ci ildən Respublika Diaqnostika Mərkəzinin direktoru işləyib.

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alan gələcək nazir 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülüb. Eyni zamanda 1991-2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb.

Hər şey bir anda dəyişdi, Şirəliyevin nazir təyinatı...

Gedənin arxasınca danışmazlar deyiblər. Lakin sabiq Səhiyyə naziri Əli İnsanovun ölkə səhiyyəsinə rəhbərlik etdiyi dönəmdə bu sahədə baş verən neqativ hallar, xəstəxanaların faktiki olaraq "can bazarı” müəssisələrinə çevrilməsi ölkə səhiyyəsində islahatları qaçılmaz edirdi. Heç şübhəsiz İnsanovun törətdiyi əməllər cavabsız qalmadı və o, günlərin birində nəinki vəzifədən azad edildi, törətdiyi əməllərə görə, yolunu məhbəsdən salmalı oldu. Onun istefası səhiyyə sahəsində ciddi islahatlar aparılacağına, bu sahədə neqativ halların aradan qalxacağına böyük ümidlər yaradırdı.

Oqtay Şirəliyevin belə bir dövrdə - 2005-ci ilin oktyabrında bu vəzifəyə təyinatı uzun illərdir ölkə səhiyyəsinin "belini qıran” rüşvətxor məmur ordusu üçün də "məntiqi yekun” oldu. Düzdür, iddia etmək ki, Şirəliyevin gəlişindən sonra səhiyyə sahəsində ciddi islahatlar aparıldı, bu bir o qədər doğru olmaz. Heç şübhəsiz səhiyyə sahəsində problemlər bu gün də qalmaqdadır. Ancaq və lakin nazirin ilk sərəncamlardan birinin – dövlət tibb müəssisələrində ödənişsiz xidmətin tətbiqini, ən azı öz hüquqlarını bilən vətəndaşlar üçün böyük fürsət kimi qiymətləndirmək olar. Yəni pul vermək istəməyən adamdan heç kim bunu ala bilməz.

Etiraf etmək lazımdır ki, son illər Azərbaycanda ən müasir standartlara cavab verən, maddi-texniki bazası çox yüksək olan səhiyyə müəssisələri tikilib istifadəyə verilib. Cənab Prezident İlham Əliyev tərəfindən əsası qoyulan bu müəssisələrdə vətəndaşlara Avropa protokollarına uyğun tibbi xidmət göstərilir. Lakin bununla yanaşı nazirliyin ictimaiyyətlə əlaqələr işinin aşağı səviyyədə təşkili, bu sahəyə cavabdeh şəxslərin tez-tez dəyişməsinə rəğmən vəziyyətin olduğu kimi qalması, tibb ocaqlarında baş verən insan ölümlərinin sayının artması və bununla bağlı ictimaiyyətə geniş informasiya verilməməsi mənfi məqamlar siyahısına aid edilə bilər.

Atasının yolu ilə gedən övladlar, Şirəliyevin varisləri...

Oqtay Şirəliyevin adı mətbuatda və sosial şəbəkələrdə mütəmadi olaraq övladları ilə yanaşı çəkilir. Bu məqamda haşiyəyə çıxaraq bildirək ki, Səhiyyə nazirinin 3 övladı var. Onlardan ikisi haqqında ictimaiyyət geniş məlumatlı olsa da, biri haqqında dolğun informasiyalara rast gəlmək mümkün deyil. Nazirin atasının adını daşıyan Kazım Şirəliyevin nə işlə məşğul olduğu, hansı sahədə fəaliyyət göstərdiyi bizə də məlum deyil. Əslində burada qəbahət də yoxdur. Hər bir şəxsin öz fəaliyyətini ictimailəşdirməmək və eyni zamanda bu informasiyaları sirr kimi saxlamaq hüququ var.

Nazirin qızı Nərmin Şirəliyeva hazırda Rusiyada yaşayır və həmin ölkədə kifayət qədər nüfuza malikdir. Bir neçə ay öncə Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsinə təyin olunub. Bununla bağlı sərəncamı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov imzalayıb və regional hökumətin iclasında qərarını açıqlayıb. N.Şirəliyeva Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq jurnalistika fakültəsini bitirib. Nazir təyinatına qədər Rusiyanın məşhur telekanalı - "Kultura” telekanalında şef-redaktor işləyib. Rus mətbuatında müəllif yazıları ilə çıxış edib.
 

 


Şirəliyevin digər oğlu Murad Şirəliyev isə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirsə də, maliyyəçi kimi fəaliyyət göstərib. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan M.Şirəliyev 1998-ci ildən bank sektorunda çalışır. 2000-ci ildən "Kapital Bank”da işləyən M.Şirəliyev sonradan bu bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini olub. Hazırda ölkəmizin ən böyük banklarından olan – Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavinidir. Bank sektorunda bir yeniliklərin tətbiq olunmasında və Avropa bankçılıq təcrübəsinin ölkəmizdə tətbiq olunmasında yaxından iştirak edib.

Azər Niftiyev,
AZXEBER.COM
XƏBƏR LENTİ