03:14 Cümə, 18 Oktyabr 2019
MÜSAHİBƏ

5 min xəstə uşağı əməliyyat etdirən Nərgiz Kərimova: "Bəzi qayınanalar gəlinlərini həkimə aparmır" - VİDEO

12:55, 08.10.201946138
5 min xəstə uşağı əməliyyat etdirən Nərgiz Kərimova:
AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin sədri, bu günə qədər 5 minə yaxın uşağı əməliyyat etdirən, xeyriyyəçi Nərgiz Babayeva - Kərimovadır. 
 
 

- Nərgiz Kərimova özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Özümü sadəcə olaraq Nərgiz deyə təqdim edərəm.

- İxtisasca həkim-pediatrsız. Niyə həkim olaraq fəaliyyət göstərmədiniz?

- Mən hər zaman bu haqda demişəm və deyəcəm də ki,hər bir insan işində mükəmməl olmalıdır. Mən özümü həkim kimi mükəmməl görmürəm. Məhz buna görə də fəaliyyətimi həkim olaraq davam etdirmədim. İnsan gərək hər işdə uğurlu olsun.


- Özünüzü uğurlu qadın hesab edirsiniz?

- Əlbəttə, mən özümü uğurlu qadın hesab edirəm.

- Çox məşhur ailənin övladısınız. Sizcə sizin uğur qazanmağınızda ailənizin rolu nə qədər olub?

- Mən Azərbaycanın məşhur hüquqşünası Murad Babayevin qızıyam. Atamla hər zaman qürur duymuşam. Təbii ki, atamın mənim əxlaqımda, tərbiyəmdə çox böyük rolu var. Ancaq düşünürəm ki, qazandığım uğur, tərbiyə və əxlaq içimdəki insanlıqdan irəli gəlir. Çox məşhur ailələr tanıyıram ki, övladları ilə bağlı problemləri var. Məhz buna görə də mənim uğurumu ailəmlə bağlamaq düzgün deyil.

 

 


- Müsahibələriniz birində demisiniz ki, atanız ağır əməlliyyat keçirəndən sonra xeyriyyəçilik etməyə başladınız. Bu haqda danışardız...


Bu haqda qısa danışacam. Mən xeyriyyəçilik fəaliyyətimə 2006-cı ildə oğlum dünyaya gələndən sonra başlamışam. Oğlum dünyaya gələndə gözündə problem var idi. Oğlumu müalicə üçün xaricə aparanda anladım ki, insanlara kömək etmək vacibdir. Mənim imkanın var və istədiyim ölkəyə müalicə üçün gedə bilirəm. Ancaq təyyarədə olanda bir anlıq problemi olub, ancaq onu müalicə etməyə imkanı olmayan valideynlər ağlıma gəldi. Bu hadisədən 2 il sonra atam Almaniyada ağır ürək əməliyyatı keçirdi. 12 gün komada qaldı. Bu hadisədən sonra xeyriyyəçilik fəaliyyətimin ürək istiqamətində olacağına qərar verdim.

 

 

 

- Bu günə qədər nə qədər uşağa kömək etmisiz?


- Bu say hədsiz dərəcədə çoxdur. Bunu bir Allah bilir, bir də kömək etdiyimiz ailələr. Təxmini say demək lazım olsa, 5 minə yaxın uşağı əməliyyat etdirmişik.

 

 

 

 

- Yaxın ətrafınızdan kimsə müraciət edib sizə?

- Yaxın ətrafımda olan insanlar kömək üçün müraciət etməyib. Ancaq düşünürəm ki, müraciət etsələr bunu öz aramızda həll edə bilərik. Yəni bunun sosial şəbəkədə yazılması ayıb olar.

- Dediz ki, ixtisasca həkim-pediatrsınız. Sizcə son zamanlar uşaqlarda xəstəliklərin yayılması nə ilə əlaqədardır?

- Üzücü olsa da, onu deyə bilərəm ki, bu gün xəstəliklər hədsiz dərəcədə çoxalıb. Bu haqda mənə çox sual verilir ki, bu qədər xəstə uşaqların çoxalmasına səbəb nədir? Bu problemin nədən qaynaqlandığı araşdırılanda aydın olur ki, buna səbəb qohumlar arasında nigahın bağlanmasıdır. Bizə müraciət edən xəstəni ilk olaraq araşdırıb, daha sonra müalicə üçün qəbul edirik. Bu zaman bir daha şahidi oluruq ki, uşaqlarında problem yaranan ailələrin 90%-i qohumlardır. Və bəyənmədiyim bir halı da qeyd edim ki, qaynanaların və anaların gəlinlərini həkimə aparmamasıdır. Həkimə get deyəndə, bizim vaxtımızda həkim var idi ki? deyə cavab alırıq. Valideynlə danışanda da başa düşürsən ki, bu insanlara nə qədər desək də o öz dediyini deyir və sözündən dönmür. Ancaq anlamırlar ki, dövr dəyişib və problemlər günü-gündən çoxalır. O vaxtki dövrlə indiki dövr bir deyil.

- Sosial şəbəkədə hesabınıza baxanda paylaşımlarınızın əksəriyyətinin uşaqlar və onların xəstəlikləri ilə bağlıdır...


- 14 ildir mən bu işin içindəyəm və xəstə uşaqlarla daim təmasdayam. Bununla yanaşı mənim başqa işlərim də var və tək bu işlə məşğul deyiləm. Ətrafımda olan adamlar deyir ki, bu işlə çox yorulursan, olmaz belə. Ancaq qəribəsi də odur ki, 6 ay bundan əvvəl özüm də ürəyimdən iki dəfə əməliyyat oldum. Mən hər zaman onları anlamışam, ancaq Novruz bayramı ərəfəsində İstanbulda əməliyyat olunandan sonra onları daha yaxşı anlamağa başladım. Və bir daha anladım ki, analar nələr yaşayıb, hansı hissləri keçirib. Təbii ki, bunu yaşamasan bilməzsən. Sanki Allah məni qəsdən bu qəsdəliyə düçar etdi və mən özüm bu xəstəlikdən əziyyət çəkdim. Bu hadisə mənimlə onlar arasında bağın daha da möhkəmlənməsinə səbəb oldu. Bəzi hallarda dostlarım məni dostluqdan çıxarırlar ki, biz xəstə uşaqlara baxa bilmirik. Bunun mənim çünü heç bir problemi yoxdur. Allah yollarını açıq eləsin. Mən yaşadığım müddətdə o uşaqlar mənsiz qalmayacaq və mən daim onlara dəstək olub, yanlarında olacam.

 

 

 

- Daha çox qalmaqala səbəb Anjela məsələsi idi. Dünən yenidən müalicəsi üçün İstanbula gedib. Valideynlərin kaprizləri sizi yormur?

- Əslində, mən çox səbrsiz insanam. Dostlarım da mənə deyir ki, səndə xəstələrə qarşı xüsusi səbr var. Adama gündə 100 valideyn zəng edib, öz problemini deyəndə təbii ki, adamın səbri tükənir və daşır. Mən düşünürəm ki, onları dinləyəcək kimsə olmalıdır. Məncə o analara məndən başqa qulaq asan yoxdur. Təbii ki, Anjelanın anası ilə çox çətindir. Ancaq o çarəsiz anadır. Elə çarəsiz analar çoxdur. Bəlkə Anjelanın anası həyatda məndən çox heç kim tərəfindən danlanmayıb. Anjela Fevral ayından bu günə qədər də bizim təşkilatımızın nəzarətindədir. Onu deyə bilərəm ki, hadisə artıq baş verib. Bunun haqda dəfələrlə danışaraq həll etmək olmur. Mən hər zaman deyirəm ki, problemi həll etmək haqda danışmaq lazımdlr ki, nəinki niyə oldu? Necə oldu?. Bunu danışmağın mənası yoxdur. Həmin valideyn çarəsizdir və zəng edir çarəsizliyini danışır. Dəstəyi qoyandan sonra bəzən qışqırıram ki, bir adam eyni şeyi nə qədər deyər (gülür). Ancaq onu deyə bilərəm ki, mən valideynləri onlar da məni sevir.

 

 


 

- İndiyə qədər ən çox nə qədər vəsait toplamısınız?

- Mənim sosial şəbəkə hesabımda gündə iki problemli uşaq haqda paylaşım edilir. Bilirsiniz ki, istər ökəmizdə, istərsə də xaricdə ürək qüsurlu uşaqların əməliyyatı kifayət qədər bahadır . Bir uşağın İstanbula gedib əməliyyat olması üçün ən az 12-13 min dollar tələb olunur. Elə uşağımız var ki, 24 gün reanimasiyada yatır. Xaricdə də reanimasiyada uşağın qalması üçün gündəlik xərc 2-3 min dollardır. Məbləğxəstənin ağırlıq dərəcəsinə görə təyin olunur. İki-üç ay bundan əvvəl apardığımız hesabatlara əsasaən 300 min vəsait yığılıb. Bu çox qürurvericidir.

- Bu gün sosial şəbəkələr uşaqlara yardım fotoları ilə doludur. Necə olur ancaq sizə müraciət olunur?

- Mən onları tapmıram, onlar məni tapır. Onlar bizə müraciət edir, ərizələr qəbul olunur. Ailələr hər tərəfli araşdırılır və həqiqətən ehtiyacları varsa, onlara yardım edilir.

- Bir az da şəxsi həyatınız haqda danışaq. Bu qədər işin arasında ailənizə vaxt ayıra bilirsiniz?

- Mənə elə gəlir ki, uğurlu qadın hər şeyi çatdırır. Adam əgər istəyərsə, ona nail olmağı bacarır. Ailəm haqda isə onu deyə bilərəm ki, yoldaşım, oğlum, kürəkənlərim, iki nəvəm var, 3-cü də yoldadır gəlir (gülür). Kürəkənlərim də mənim oğlumur. Son 10 ildə ən böyük arzum 40 yaşında nənə olmaq idi. Allah mənə bu arzumu yaşatdı. Düzdü 41 yaşımda nənə oldum, ancaq o hissi yaşadım. Mənə elə gəlir ki, Allah insanın əlindən tutub ona təşəkkür eləmir ki. Allah mənə təşəkkürünü xoşbəxt ailə və gözəl nəvə verməklə edib.


 

 

 


 

 

- Necə hissdir 41 yaşında nənə olmaq?

- Nəvələrim dünyaya gələndən dostlarıma deyirəm ki, o elə hissdir ki, heç bir sözlə ifadə eləmək olmur. Bu qədər gərgin için arasında vaxt edib, gedib onları öpmək nəyə desəniz dəyər. Elə uşaq yoxdur ki, məndən uzaqlaşsın. Mənim qudamın bir sözü var ki, əgər axşam yatanda başını yastığa rahat və vicdanla qoya bilirsənsə, bundan gözəl bir şey ola bilməz. Mən hər zaman Allaha dua edirəm və mənim ailəmdə olan xoşbəxtçiliyi pozmamasını rica edirəm. Mən hər zaman deyirəm ki, bundan sonra mən Allahdan nə istəyə bilərəm? Mən nə istəmişəmsə o mənə verib. Bundan sonra nəsə istəməyə haqqım yoxdur.

 

 

 

 

- Qızınız ailə həyatı quranda öz seçimi ilə qurub və ya sizin?

- Mənim iki qızım və bir oğlum var. Mənim üçün sevgi çox vacibdir. Sevgi dünyanı xilas edir. Uşaqları gərək balaca vaxtından elə öyrədəsən ki, onlar atdıqları hər addımda səninlə məsləhətləşsinlər. Sağ olsun qızlarım da mənimlə məsləhətləşdikdən sonra seçimlərini ediblər.


 

 

 

- Həyat yoldaşınız haqda çox danışmadız...

- Mən nəzərdən qorxan adamam ona görə də bu haqda çox danışmaram. Sadəcə deyə bilərəm ki, xoşbəxt ailəm var.

- Səmimi müsahibəyə görə təşəkkür edirik. Son olaraq nə demək istərdiz.

- Mən də sizə minnətdaram. Bu müsahibəni oxuyan analar da mənə müraciət edə bilərlər. Uşaqlara dəstək olmaq bizim işimizdir. 

 

Günel Hüseynli.
AZXEBER.COM


XƏBƏR LENTİ