BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Azərbaycanda milli-mənəvi dəyərlərin inkişaf tarixi

Azərbaycanda milli-mənəvi dəyərlərin inkişaf tarixi
SOSİAL
17:16 16.11.2018
15249
Hər bir toplumun mədəni inkişafında, milli şüurun formalaşmasında milli-mənəvi dəyərlər vacib rol oynayır. Təsadüfi deyil ki, milli-mənəvi dəyərlərin qorunması və mədəni inkişaf səviyyəsi həm də milli birliyin qorunmasına xidmət edir. 

Ötən əsrin sonlarında sovetlərin tərkibindən ayrılan Azərbaycanı qarşıda çətin və məsuliyyətli bir dövr gözləyirdi. Yenicə müstəqilliyə qədəm qoyan ölkəmiz həm xaricdən, həm də daxildən təzyiqlərə "hamilə” idi. Çünki Azərbaycan postsovet məkanının strateji dövlətlərindən idi və hər kəs istəyirdi ki, onu öz nəzarətinə alsın. Belə bir çətin və məşəqqətli bir dönəmdə hakimiyyətə gələn qüvvələr ölkəmizi daxili və xarici təzyiqlərdən nəinki qoruya bilmədilər, əksinə onların Azərbaycanda "at oynatması”na imkan yaratdılar. Məhz elə bu səbəbdən cəmi bir il sonra hakimiyyəti təhvil verdilər. 

Hər tərəfdən hücumlarla qarşılaşan, iqtisadiyyatı dağılmış, seperatçı meyllərin "oylağına” çevrilmiş, milli dəyərlərin təhlükə altına düşdüyü dövlətimizi yalnız zəngin siyasi təcrübə bu bəladan xilas edə bilərdi. Müstəqilliyin ilk illərində hakimiyyəti böyük siyasət xadimi Heydər Əliyevə verməyə cəsarəti çatmayanlar cəmi bir il sonra onu Bakıya dəvət etdilər. Ulu Öndər Heydər Əliyev anlayırdı ki, qarşıda görüləcək çox, özü də lap çox işlər var. Lakin buna baxmayaraq, öz həyatını təhlükəyə ataraq paytaxta üz tutdu və məsuliyyətli bir yükü öz üzərinə götürdü.

Ulu Öndər Heyər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsindən xilas etdi. Ölkəmizin iqtisadi, siyasi və hərbi baxımdan qüdrətlənməsinə səbəb oldu. Eyni zamanda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Heydər Əliyev siyasətinin əsas meyarlarından birinə çevrildi. Burada haşiyəyə çıxaraq bildirək ki, Heydər Əliyev hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik edərkən bütün çətinliklərə rəğmən milli-mənəvi dəyərlərin qorunması yönündə çox böyük islahatlar aparıb. 

Ateizmin hökm sürdüyü bir sistemdə Azərbaycan xalqının tarixi ənənələrinin qorunmasına öz tövhəsini verib. Müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi xalqın milli oyanış mərhələsi kimi tarixə düşüb. Ölkəyə rəhbərlik etdiyi dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. 

Bakının ən böyük məscidi olan "Təzəpir” məscidinin, qədim tarixi olan "Bibi Heybət” məscidinin, "Mir Möhsün ağanın” ziyarətgahının bərpası bilavasitə onun himayəsi altında həyata keçirilib. Sovet dövründə ölkədə məscid statuslu tikililərin sayı cəmi 17 idisə, Ulu Öndərin Azərbaycana rəhbərlik etməsindən sonra vicdan azadlığı tam bərqərar olundu, dindarların rahat şəkildə ibadət etməsinə şərait yaradıldı. Qeyd edək ki, bu gün ölkədəki məscidlərin sayı 2 mindən artıqdır. 

Sevindirici haldır ki, əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün də uğurla davam etdilir. Cənab Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunması istiqamətində ciddi addımlar atır, vaxtaşırı olaraq inanclı insanlarla görüşlər keçirir, xalqımızın milli dəyərlərinə sadiqliyini nümayiş etdirir. Paytaxtdakı "Heydər məscidi”, "Hacı Cavad”, "Əjdər bəy”, "İmam Hüseyn” və digər məscidlərinin açılışında Cənab Prezident İlham Əliyevin şəxsən iştirakı bunun bariz nümunəsidir. 

Eyni zamanda əsrlərdir qorunub saxlanılan milli bayramlarımızın dövlət səviyyəsində keçirilməsi, Prezidentin bayram mərasimlərində xalqımızla bir arada olması dövlət başçısının milli-mənəvi dəyərlərə bağlılığından xəbər verir. Həyata keçirilən islahatlar ictimai təşkilatların, mətbuat orqanlarının, vətəndaşlarımızın üzərinə böyük məsuliyyət qoyur. Heç şübhəsiz dövlətini, millətini sevən hər bir vətəndaş milli-mənəvi dəyərlərə sədaqət nümayiş etdirməli, tarixi ənənələrin, milli-mənəvi dəyərlərin təbliğ olunmasına dəstək verməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu yöndə həyata keçirilən mühüm addımlardan biridir. Bu qurumun həyata keçirdiyi layihələr, apardığı islahatlar dövlətlə dindarlar arasında normal münasibətlərin qurulmasına rəvac verir. Həmçinin tolerantlığın hökm sürdüyü, fərqli mədəniyyətlərin bir araya gəldiyi Azərbaycanda dövlətlə dindarlar arasında münasibətlərin yüksəlməsinə xidmət edir.

Prezident İlham Əliyev 2003-ci ilin oktyabr ayının 31-də ilk dəfə ölkə başçısı seçilərkən and içdi və bildirdi ki, xalqımızın tarixi ənənələrini və milli-mənəvi dəyərləri qoruyacaq! Üzərindən 15 il keçir. Və Azərbaycanda tarixi ənənələrin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində çox böyük işlər görülüb. 1993-cü ildən başlayan bu siyasət o amala xidmət edirdi ki, vətəndaşlarımız, gənclərimiz arasında milli özünüdərk meylləri güclənsin! Buna böyük mənada nail olundu. Çünki tarixi ənənələri, milli-mənəvi dəyərləri olmayan xalqlar inkişaf edə bilməz!

Azər Niftiyev
 
Məqalə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi "Media və mənəvi dəyərlər” müsabiqəsinə təqdim olunur.

OXŞAR XƏBƏRLƏR