18:53 şənbə, 25 May 2019
SİYASƏT

Bakıya qarşı kukla teatrı: Orduxanın Brüssel faciəsi

14:01, 14.05.2019573
Bakıya qarşı kukla teatrı: Orduxanın Brüssel faciəsi

Elçin Alıoğlu 

Dövlət və vətəndaş arasındakı qarşılıqlı münasibətlər fərqli ölkələrdə çeşidlidir. Lakin əsas prinsiplər hər yerdə eynidir: əgər o dövlət aşkar diktatura, insanların heç kim və heç nə sayıldığı ölkə, hüquqların total hüquqsuzluqla əvəzləndiyi məkan deyilsə.

İnsanı vətəndaş edən də dövlətə sayğısı, hakimiyyəti anlamasıdır. Bu yoxdursa, o, artıq "Homo sapiens” yox, "Homo vulgaris”dir. Vətənini unudan və ya özünə unutduraraq vətənə qənim kəsilənlərə bilərəkdən, yaxud sövqi-təbii xidmət edənsə "Nervis alienis mobile lignum” sayılır. Yəni başqalarının əlindəki kukla, marionet.

Qədim Romada belələrinə hətta kölələr yaxın durmurdular, onların dövlətdə və cəmiyyətdə yeri qullardan da aşağı sayılırdı. Roma Senatı "başqa ölkələrdə Romanı pisləyənlərin özlərini məhv edən zavallılar” adlandırırdı.

Əfsuslar olsun ki, indi Azərbaycan belə vulqar, marionet guruhun səs-küyünü dinləmək məcburiyyətindədir.

… Dövlət cəmiyyətin üstquruludur. Dövlətin əsas vəzifəsi insanlara xidmət etmək, vətəndaşların hüquqlarını təmin etməkdir. Yəni məntiqə görə, canlı insanların hüquqları virtual strukturların maraqlarından və təşkilatların mənafelərindən üstün sayılmalıdır.

Amma bu, sadəcə, nəzəriyyədir: hələ heç bir ölkədə dövlətlə vətəndaş arasındakı münasibətlər belə idillik olmayıb, deyil və çətin ki, ola. Səbəb çox sadədi: insanın dövlətə olan münasibəti hüceyrə ilə canlı orqanizm arasındakı əlaqələr kimidir. Təbii, orqanizmdəki ayrı-ayrı hüceyrələrin hüquqları nəzərə alınmalıdır. Amma orqanizmin maraqları hüceyrənin mənafelərindən üstündür, təbii.

Ən azı ona görə ki, orqanizmin ölümü oradakı hüceyrələr üçün də fatal sonluqdur. Yəni ölümdür. Bu səbəbdən də orqanizmin maraqlarının təminatı üçün hüceyrələrin hüquqlarının təminatındakı müəyyən məhdudiyyətlərlə bağlı şikayətlər çox gülünc təsir bağışlayır.

Eyni zamanda, unutmayaq ki, istənilən insanın, o cümlədən vətəndaşın azadlıqları başqa vətəndaşın azadlığının və hüquqlarının başladığı yerdə başa çatır. Dövlət də həmişə seçim edir, hansı vətəndaşın və ya vətəndaşlar qrupunun hüquqlarının məhdudlaşdırılmasının gərəkdiyini müəyyənləşdirir. Seçim təsadüfi olmur, qanun, ədalət, məntiq və praktiklik əsas şərtlər olur.

Məsələni lap sadələşdirək. ABŞ-da, Kanadada, Yaponiyada, Almaniyada, Britaniyada və ya Fransada vətəndaş hüquqları tam təmin olunubmu? Yox.

Bütün vətəndaşlar bu və digər şəkildə total nəzarətdədir, dövlət gərəkli sayanda (əksər hallarda heç bir səbəb olmadan) vətəndaşların danışıqlarını dinləyir, yazışmalarını oxuyur və s.

Birləşmiş Ştatlarda 2001-ci ilin fevralında qəbul edilən, "Patriotik Akt” adlanan "Uniting and Strengthening America by Providing Appropriate Tools Required to Intercept and Obstruct Terrorism Act” qanuna görə, dövlət heç bir rəsmi xəbərdarlıq etmədən istənilən (!) vətəndaşı izləmək və ya həbs etmək hüququna malikdir.

Avropa Birliyinin istisnasız olaraq bütün (!) dövlətlərində, Yaponiyada, Avstraliyada, Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələrində belə qanunlar var.

Bəs özlərini "əsl vətənpərvər”, "siyasi mühacir”, "azad bloqer” və ilaxır adlandıran, bəlli mərkəzdən idarə olunduqları qətiyyən şübhə doğurmayan "azırbaycanlı” adlanan Azərbaycansızlar nə edir?

Həmişəki əməllərindən: vulqarlıq, tərbiyəsizlik, aqressivlik və qanunsuzluq.

Belə mühacir trolların arasında isə Orduxan Temirxan Bəbirov xüsusilə fərqlənir.

… Azərbaycanın dövlət başçısı İlham Əliyev Belçika krallığında səfərdədir. Səfər işgüzar xarakterlidir və məqsədləri, məramları çoxdur. Onların arasında Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlara əlavə impuls verilməsi də var.

Yəni Orduxanın anlayacağı dildə yazsam, Avropa İttifaqı ilə əlaqələrini aktivləşdirmək, fəallaşdırmaq niyyətində olan Azərbaycan tərəfdaşlıq sazişini müzakirə edir. Məqsəd Bakı-Brüssel əlaqələrini genişləndirməkdir.

Həmin genişlənmənin ehtiva etdiyi məqamlar arasında Azərbaycan vətəndaşlarının Avropa İttifaqına daxil olan ölkələrə vizasız gedişi, ticari, iqtisadi və siyasi işbirliyinin yeni, daha üstün müstəviyə daşınması, Azərbaycanla Avropa İttifaqı arasında yüz milyardlarla dollarlıq anlaşmaların daha da səbatlı edilməsidir.

Sadəcə, üzdə olan bu məqamların sadalanması yetər ki, Avropa ölkələrində olan azərbaycanlılar səfəri dəstəkləsinlər, Bakının maraqlarının təminatına öz kiçik də olsa, töhfələrini versinlər.

Orduxan nə edir?

Həmişəki ampluasına sadiq qalaraq "siyasətin tərbiyəsiz uşağı” – Qay Yuli Sezar belələrinə "puer consilium truce” deyirdi – təki davranır, marazmatik aksiyanı gerçəkləşdirməyə çalışır.

Brüsseldə, Azərbaycanın rəsmi nümayəndə heyətinin qaldığı otelin qarşısına yollanmış Orduxan Bağırov orada "bir aktyorun teatrı”nı reallaşdırmağa çalışır.

Onun yanında iki nəfər də var. Çəkiliş aparırlar, daha doğrusu, "züy tuturlar”.

Orduxan nə deyirsə, "bəli” söyləyirlər və beləcə, "mühacir fəallar”ın Şeyx Nəsrullahına dönən başabəla "bloqer”in yanındakı eynəkli "Şeyx Əhməd”lər də özlərini həm də siyasi fəal sayıb smartfonun kamerasına irişirlər.

Səviyyəsiz ifadələr, qeyri-senzur "açıqlama”lar sonradan ölkəmizin nümayəndə heyətinin üzvlərindən birinin aşkar təhqir olunmasına, küçə sözlərinə tuş edilməsinə çevrilir.

"Gördünüzmü?! Gördüz də?! Həəəə… Hə, bunlar belədi. Həəə” deyən Orduxan Bəbirov öz aləmində  "möhtəşəm və fenomenal” iş görür.

Elə bu səbəbdən Facebook-dakı profilində canlı yayıma çıxaraq marionet olduğunu təsdiqləyən O.Bəbirov "Paylaşın, dostlar, paylaşın – qoy, hamı görsün” deyir.

Ki, Orduxanın nə qədər cəsarətli, nə qədər iradəli, qorxmaz və rəşadətli olduğunu görək, riqqətə gələk və ilaxır.

İcazəli "qəhrəmanlıq” yapan Orduxan Bəbirovun bu əməli miskinlikdi.

Ona görə yox ki, o, etirazını bildirir, səsini qaldırır, nə isə deyir.

Yox, vətəndaşın etiraz etmək hüququ var: xarici ölkədə başqa xarici ölkənin dövlət başçısının səfərinə əvvəllər mənsub olduğu ölkənin vətəndaşı kimi özünü qələmə versə belə.

Orduxan Bəbirov və onun yanındakı iki nəfərlik "dəstək qrupu”nun "cəsarətli” marazmı ona görə miskinlik, binəvalıq, siyasətə təhqirdir ki, bu adamlar uzaqdan bağırır, məsafədən hayqırır, kamera qarşısında "selfi cürəti” göstərirlər.

"Bəbirov and Co” əla bilirlər ki, otelin qarşısında onları tutmayacaqlar, saxlamayacaqlar – onlar Belçika polislərinin yanında durub "qəhrəmanlıq” edirlər.

Üstəlik, hər şey əvvəlcədən hazırlanmış ssenari üzrədir və məqsəd "şücaətli qorxmaz”ların təhlükəsizliyinin təminatıdır.

Məsələn, sifətinə "millət fədaisi” görkəmini verməyə çalışaraq Ovurdxana çevrilməsini, bənzəmək istədiyi Ovodun karikaturasına dönməsini imbesil şüuru ilə dərk edə bilməyən Orduxan Bəbirov sol əlində tutduğu selfi çubuğundakı smartfonla özünü və ətrafını çəkib Facebook-a translyasiya etdiyi zaman onun sağında və solunda duran iki qulbeçə smartfonlarla aramsız, fasiləsiz olaraq "baş qəhrəman”ı çəkirlər.

Trivial səbəbdən dolayı: şayət O.Bəbirovla bağlı eksses olarsa, videogörüntülərə düşsün.

Əsas məqsəd də bu idi.

Daha konkret olsaq, bu adamların istəkləri dava, süpürləşmə və ən yaxşısı – otelin qarşısından kənarlaşdırılma idi.

Belədə onlar avtomatik olaraq özlərini işi uğurla başa vurmuş sayacaq, sifarişin alındığı və ssenarinin hazırlandığı struktura videogörüntülü hesabat təqdim edəcək, sosial şəbəkələrdəki trol yığınının da təqdirini qazanıb "Malades” sahibi olacaqdılar.

Vəziyyət Sədi Şirazinin "Karvan və dilənçilər” qəzəlinin təkrarıdır sanki.

Həmin qəzəldə kəndin ortasından keçən yolla irəliləyən karvandan bəhs olunur. Karvan kənddən keçəndə yol qırağındakı bir sısqa, pırtlaşıq saçlı, çəlimsiz dilənçi durub hövlnak qaçır karvanbaşının qənşərinə, başlayır qışqırmağa, bağırmağa, söyməyə.

Sarvan da karvanın qəzəblənən mühafizlərinə əl yelləyərək "Toxunmayın bu əql xəstəsinə, görmürsünüz ki, şüurdan bimardır?!” deyir.

Karvan keçir, o çəlimsiz dilənçi də qayıdır yerinə, oturur ağacın kölgəsinə və ətrafındakı dilənçilərə baxaraq "Gördünüz, o boyda karvan məndən qorxdu, susdular, mənsə sözümü dedim” söyləyir.

Sədinin 900 il əvvəl "Pəncnamə”də bəhs etdiyi olayı, sanki, yenidən yaşadan, amma çox pis aktyor və bərbad məntiqli, bir o qədər qüsurlu əxlaqlı olan Orduxan Bəbirovun isteriyası anlaşılandır.

O, marionet rolunu icra edir, böyük oyunun cılız fiquru missiyası ilə kifayətlənmək zorunda olduğunu sövqi-təbii göstərir.

Oyunsa məkrlidir, çirkindir, murdardır.

Siyasətdə ikili standartların az qala yeni apogeyi sayılacaq bu ssenarinin məramı Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə maneələr yaratmaq, anlaşmanın baş tutmasına imkan verməməkdir.

Oyun qlobal geosiyasətin nəbzinin vurduğu paytaxtlarda gedir, böyük güclər Azərbaycana qarşı tələlər qurur, çeşidli adda və çapda siyasətçilərdə dövlət mənsubları hədyanlar söyləyir, beynəlxalq "huquq-müdafiə təşkilatları” iftira krujevaları toxuyur. Orduxan kimi piyadalarsa bu şahmat taxtasında taqqıltı salaraq "sadə insanın etirazı” effekti yaratmağa çalışırlar.

Çünki ona bu rol tapşırılıb və mütləq şəkildə icra etməlidir.

Belələri üçün əmrin haradan, niyə alınması önəmli deyil: önəm tapşırığın müqabilində deyiləndə və veriləndədir.

Brüsseldəki bu məzhəkənin kimin maraqlarına cavab verməsi sualını versək, ağla gələn ilk cavab Ermənistan və erməni diasporudur.

Azərbaycana qarşı daim aparılan oyunlarda Ermənistan da pay nəsibini almağa çalışdığından Avropa ölkələrindəki erməni diasporunun lal, kar və kor qaldığını düşünmək sadəlövhlüyün zülmət qatısı olardı.

Di gəl, binəvaların kukla teatrındakı kəndiri dartılanların sayının azlığı sifarişçiləri pərişan edən məqamdı.

Orduxan Bəbirov "Həəə, qardaşlar, görürsüz də neyləyirik” desə də, zavallı mənzərə göz qarşısındadır.

… Üç kukla Brüsseldə özlərinə əl qatıb onları idarə edən əllərin hökmünü icra edəndə Azərbaycanın dövlət başçısı Belçika kralı Filipp və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə danışıqlar aparırdı.

Danışıqlar uğurlu oldu.

Avropa İttifaqının rəhbərləri bir daha bəyan etdilər ki, Azərbaycan "qoca qitə” üçün çox önəmli tərəfdaş və strateji müttəfiqdir. O da vurğulandı ki, tərəfdaşlığın miqyasının genişlənməsinə "kənar güc”lər mane ola bilməz.

Uğursuzların sifarişi ilə küçədə yayın edərək özlərini xərcləyən uğursuzların Azərbaycana düşmən kəsilmiş binəvalığına rəğmən.

XƏBƏR LENTİ