"COVİD-19-un artım surəti, yayılma arealını hər gün genişləndirilməsi əlavə tədbirləri qaçılmaz edir. Lakin, prosesə bir az geniş məcradan baxmalıyıq. Dövlət ağır bir müharibədən çıxıb, üstəlik yeni nəsil müharibə apardığımız üçün bu proses bizə kifayət qədər baha başa gəlib. Əlbərtə imkanlarımız genişdir, lakin etiraf edək ki, təhlükə hələ tam sovuşmayıb, düşmən düşməndir. Bu mənada dövlətin izafi xərcə getməməsi üçün biz gərək mümkün sadə vasitələrlə özümüzü və beləliklə də cəmiyyəti qoruyaq".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, karantin rejimində müəyyən sərtləşməyə getmək mümkündür:
Lakin, hər şeyi vətəndaşın üzərinə də atmaq olmaz. Vətəndaşın məsuliyyəti də bir yerə qədərdir, əgər bu gün avtobuslarda vətəndaşlar bir-birinin çiynində gedirsə təbii ki, tibbi maska təyinatı üzrə nəzərdə tutulan qədər effekt verməyəcək. Mən insan hüquqları üzrə mütəxəssis olaraq heç də bütün hallarda əlavə məhdudiyyətlərin effekt verdiyinə inanmıram, lakin yuxarıda da dediyim kimi əlavə tədbirlər, məhdudiyyətlər qaçılmazdır. Düşünürəm ki, indiki mərhələdə dövlət orqanları iş saatlarını fərqli zamanlarda başlayıb bitirməklə ictimai nəqliyyatda sıxlığı azalda bilər. Bununla əlaqədar əgər ehtiyac olarsa, komendant saatının da zamanı məsələsi məncə müzakirə oluna bilər.
Deputat deyib ki, yenidən SMS icazə sistemi gündəmə gələ bilər:
"Təbii ki, SMS məhdudiyyətlər də gündəmə gələ bilər. Bununla bağlı hökumət qərar verəcək. Lakin nəzərə alaq ki, müharibədən çıxmışıq, SMS məsələsinə bir neçə ay öncəkindən daha spesfik yanaşmalıyıq. Həmçinin iaşə obyektlərinin restoran və kafelərin fəaliyyəti məsələsini də qaydalar çərçivəsində elə baxmalıyəq ki, onların da fəaliyyəti bütün qaydalara sərt şəkildə əməl etməklə davam etsin, yəni mülki dövriyyə dayanmasın. Həmçinin, düşünmürəm ki, fəaliyyətin davam etdirilməsi mümkün olan digər obyektləri bağlamaq vacibdir.
Bəhruz Məhərrəmov həmçinin qeyd edib ki, insanlar bu virusla yaşamağı öyrənməlidir:
"Cənab Prezident də çıxışında dediyi kimi biz bu virusla birgə yaşamağa məhkumuq. Bu mənada biz prosesin nə zaman sona çatacağını, nə zaman peyvənd hazır olacağını bilmirik. Yəni COVİD-ə qalib gələnə qədər bir çox sahələri qapalı tutmaq iqtisadiyyata ciddi zərbə olar. Biz bu gün məhdudiyyətlərdən daha çox bu şəraitdə necə davam edə biləcəyimizin yollarını axtarmalıyıq.
Ötən dalğada hökumət ciddi tədbirlər görüb, əla infrastruktur formalaşdırıb, lakin dövlətin ən böyük uğuru o oldu ki, COVİD-lə mübarizədə vətəndaşlarımızın psixoloji hazırlığına nail ola bildi. Bu mühim amildir. İndi də hesab edirəm ki, məhz bu nəaliyyətin üzərində COVİD-lə birgə, lakin, təhlükəsiz yaşamağın üsullarına köklənməliyik".