Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarıldı

MƏDƏNİYYƏT
23:02 29.09.2020
811
Erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı” ("Gate to heaven”) filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər” adlı müsabiqədənkənar proqramından çıxarılıb.

Mədəniyyət Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bunun üçün nazirlik tərəfindən müvafiq addım atılıb.

Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib.

Eyni zamanda, Azərbaycan rejissoru İsmayıl Səfərlinin "Balıqçı qızı” bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınıb və festivalda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər” adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı” ("Gate to heaven”) adlı bədii filmi də daxil edilmişdi.
ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir.
 
Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər.
 
Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR