Mirvari Qəhrəmanlı: Azərbaycan qadınını hər zaman öndə görmək istəyirəm - VİDEO

Mirvari Qəhrəmanlı: Azərbaycan qadınını hər zaman öndə görmək istəyirəm - VİDEO
SOSİAL
13:52 09.09.2020
19101

AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı hüquq müdafiəçisi, tanınmış ziyalı, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlıdır. 

 


- Mirvari xanım rubrikamızın adı "Uğurlu qadın”dır. Özünüzü uğurlu qadın hesab edirsiniz?

- Öz sahəm üzrə özümü uğurlu hesab edirəm.

- Uğur qazanmaq üçün nələrdənsə keçmisiniz?

- Uğur qazanmaq üçün çox şeydən keçməli olursan. Birinci uğuru hansı sahədə qazanmağı müəyyən etməlisən. Uğur dalınca qaçanın cəhdi hər zaman uğursuz alınır. Uğur o zaman olur ki, sən özünü yox, insanlar səni uğurlu hesab etsinlər.

- Sizcə uğurlu və xoşbəxt qadın eyni anlama gəlir?

- Yox eyni anlama gəlmir. Xoşbəxtlik an və saniyə ilə də ola bilər. Bu haqda bir dəfə başıma gələni də yazmışdım ki, 1 ay ölkədə olmayıb sonra vətənə qayıtmışdım. Evə girəndə ailəm, qızlarım və nəvələrim hamı yanımda idi. O an özümü dünyanın ən xoşbəxt qadını hesab etmişdim. Məni xoşbəxt qadın edən məhz bu amildir.

 

 

- Ömrünüzü hüquq müdafiəsinə həsr etmisiniz...

- Dünyaya yenidən gəlsəydim getdiyim yolu bir də gedərdim. Mən Azərbaycan Neft-Kimya institutunu bitirmişəm. O zaman üçün ən ağır universitet idi. Qrupda 4 qız idik. 40 nəfər tələbədən 16 nəfər bitirdik institutu. Onu da etiraf edim ki, bu peşəni sevmədən getmişdim. Bu peşə isə mənə fəaliyyətimdə olduqca uğur qazandırdı.

- Nə zamansa hüquq müdafiə eməkdən bezmisiniz?

- Birmənalı şəkildə deyə bilərəm ki, heç vaxt. Ona görə ki, insan haqdan qopmuş bir nur parçasıdır. İnsan doğularkən haqqı ilə doğulur, sonradan isə düşdüyün mühitin qanun-qaydaları ilə gedir. Sonradan ona verilmiş haqqın pozulduğu andan onun yanında olmağın verdiyi xoşbəxtlikdən gözəl hiss yoxdur.

- Hüquq müdafiəsi sahəsində adətən kişilər çoxluq təşkil edir. Kişilərlə mübarizə aparmaq necə bir hissdir?

- Mənim sahəm elə bir sahədir ki, kişilərlə daha çox işləməli olmuşam. Qadınlar adətən bir vəzifəyə gedəndə ətraflarında elə də çox qadın olmur.Bu qadın qısqanclığından ya nədən irəli gəlir bilmirəm. Ancaq ailəm, ətrafımda olanların hamısı neftçi olub və hər zaman mənə bir kəlimə deyiblər: ”Fikir eləmə yanındayıq”.

- Belə bir deyim var ki, "filankəs kişi kimi qadındır”. Sizcə bu ifadə qadınları aşağılamaq anlamına gəlmir?

- O sözdən heç xoşum gəlmir. Mənim haqqımda bəzən yazırlar ki, kişi kimi qadındır, bu sözlə mərdliyi işarə edirlər. Mən heç istəməzdim mənə kişi kimi qadın desdinlər. Mənə mərd qadın desinlər, bu daha çox xoş olar.

- Günümüzdə bir çox proseslərdə qadınlar öndə gedir. Sizcə bunun səbəbi nədir?

- Etiraf edim ki, qadınların o qədər də öndə getdiklərini müşahidə etmirəm. Sadəcə qadınların aktivliyi artıb ki, bunu da sosial şəbəkələrdə görürəm. Ancaq Azərbaycan qadınını hər zaman öndə görmək istəyirəm. 

- Hüquq müdafiəçisi olmasaydınız hansı peşənin sahibi olmaq istərdiniz?

- Elə Allah mənim bəxtimə hüquq müdafiəçisi olmağı yazıbmış. Deyərdim ki, bundan gözəl peşə yoxdur.

- Bir az da ailənizdən danışaq. İki övladınız var, onlar hansı sahədə çalışır?

- Mənim atam hər zaman vəzifədə olub. O hər zaman sözünün üstündə duran kişi olub. Anam isə molla qızı olub. Atamdan bizə liderlik, anamdan isə Allaha inanmaq, Allahı tanımaq keçib. İki qızım var. Qızım Mətanət Neft və Kimya institutunu bitirib. Sənətini sevmədiyi üçün qadın krizis mərkəzində qadın hüquq müdafiəçisi işlədi. Hazırda Çexiyada yaşayır. İkinci qızım tamamilə başqa peşənin sahibidir. İki yerdə işləyir. Məktəbdə bədən tərbiyə fənnindən dərs deyir, həm də müasir psixologiya mərkəzində işləyir. Üç nəvəm var.

- Sosial şəbəkədə çox aktivsiniz. Hər hası statusunuza görə təziqlərə məruz qalmısınızmı?

- (Gülür) Çox. Hüquq müdafiəçisisənsə, hər şeyə hazr olmalısan. Haqqı deyirsənsə, araşdırma yazırsansa qorxmamalısan. Yalnız yalan danışdığın, şantaj etdiyin zaman qorxmalısan. Olub, hücumlar da çox olub. Ancaq sevindirici haldır ki, tərəfkeşlərim hücumlardan çoxdur.

- Qadına yaş deməzlər, ancaq bildiyimiz kimi 74 yaşınız var. Həyatda gerçəkləşməyən arzunuz qalıb?

- İnsanın ölənə qədər arzusu olur. Anamın yaxşı bir sözü var idi, heç vaxt demirdi ki, bunu da etsəydim arzum qalmazdı. Allah adama elə arzu verər ki, bütün verdiyi arzuları ört-basdır edər. Həyatda nəyi arzulamışamsa, hamısına nail olmuşam.

Günel Hüseynli 

OXŞAR XƏBƏRLƏR