02:19 çərşənbə, 19 Fevral 2020
Seçki2020

Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım var

15:14, 18.01.20204956
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım var
"Əvvəlki seçkilərlə müqayisədə qadınların sonuncu parlament seçkilərində təmsil olunmasında 16,8 faiz artım müşahidə edilib".

Bunu secki-2020.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib: "Bu gün Azərbaycanda qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunurlar. Builki parlament seçkilərində namizədlər siyahısında qadınların sayı artıb. Dövlət siyasəti də cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib”.

E.Səfərov söyləyib ki, son illər Azərbaycanda qadınların qərar qəbuletmə imkanlarının və vəzifələrdə təmsilçiliyinin artırılması, eləcə də siyasi, iqtisadi və sosial sahələrdə təmsilçilik balansının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən uğurlu siyasət aparılır: "Bu istiqamətdə müxtəlif qərarlar qəbul edilib. Hələ ulu öndər Heydər Əliyevin  hakimiyyəti dövründə, 1998-2000-ci illərdə imzalanan sərəncam və fərmanlarla qadınların qərar qəbuletmədə təmsilçiliyinin artırılması üçün uğurlu addımlar atılıb. Biz artıq bu gün bunun müsbət nəticələrini görürük. Dövlətimizin də siyasəti balanslaşdırılmış təmsilçiliyin artırılması, cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib. Gender bərabərliyi prinsipinin təmin edilməsi ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsir göstərən vacib amillərdən biridir.

Dövlət Komitəsinin rəsmisi Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkilərində seçilmiş qadın namizədlərin sayının artdığını vurğulayaraq deyib: "2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınlar 4 faiz təşkil edirdisə, 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Azərbaycan tarixində ilk dəfə olaraq çox böyük faiz dərəcəsi ilə artım müşahidə edilib. Belə ki, bələdiyyə seçkilərində qələbə qazananların 38,81 faizini qadınlar təşkil edib. Bununla da Azərbaycan bələdiyyə seçkilərində qadınların təmsilçilik faizinin yüksək göstəricisinə görə Avropa Şurasına üzv olan 5 ölkədən birinə çevrilib”.
XƏBƏR LENTİ