01:59 çərşənbə, 19 Fevral 2020
Seçki2020

Şahin Seyidzadə: “Bütün seçicilərimə telefon nömrəmi vermişəm, zəng edirlər” - FOTO

21:24, 26.01.202012855
Şahin Seyidzadə: “Bütün seçicilərimə telefon nömrəmi vermişəm, zəng edirlər” - FOTO
50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Şahin Seyidzadə təbliğat-təşviqat kampaniyasını dəyərləndirib.

AZXEBER.COM həmin yazını təqdim edir: 

Təşviqat kampaniyamızın başlamasından 10 gün keçdi. Kampaniyamız çərçivəsində bir çox görüşlər keçirdik, öz fikirlərimizi bölüşdük və seçicilərimizin fikirlərini dinlədik. 

İlkin təhlillər göstərir ki: 

1. Seçicilər üçün görüş zamanı namizədin çox danışması yox, insanları dinləməsi daha vacibdir. Onlar ürəklərini boşaltmaq istəyirlər. Seçicilər üçün mənim bir namizəd kimi baxışlarımı dinləməklə yanaşı, onların öz baxışlarını səsləndirməsi də önəmlidir. 

2. Görüşdüyüm bütün insanlar yüksək vətənpərvərlik duyğuları nümayiş etdirirlər. Səsləndirilən fikirlərdən çox az hissəsi şəxsi problemləri əks etdirirdi. Kimisi öz küçəsini, məhləsini, kimisi kəndini, qəsəbəsini, şəhərini, rayonunu, kimisi də ölkəni fikirləşir. Qürurvericidir ki, insanlarımız hər bir halda çox vətənpərvərdir.

3. Əhalinin böyük bir hissəsi millət vəkilinin əsas səlahiyyəti və rolunu daha aydın dərk edir və anlayır ki, millət vəkili asfalt, qaz, kanalizasiya problemləri birbaşa həll edə bilməz. İnsanlarımız maariflənir və namizədlə görüşlərə artıq daha şüurlu yanaşırlar.

4. Dövlətimiz bir institut kimi inkişaf edir. Sözsüz ki, problemlər var və inkişafın bütün mərhələlərində də olacaq. Bir problem həll olunduqdan sonra digər problemin həlli aktuallaşır. İnsanlarımız ölkədə gedən islahatları çox aydın şəkildə görür və qiymətləndirir. Problemlərlə yanaşı, ölkəmizdə olan müsbət dəyişiklikləri də qeyd edirlər.

5. Seçicilərimiz öz hüquqlarını tələb etdikdə, hər hansı bir məsələni səsləndirdikdə, qeyd olunan məsələnin həlli yolları barədə zəngin məlumata, biliyə malik olmasalar da, bu haqda yeni məlumatlar əldə etməyə, çıxış yollarını dinləməyə açıqdırlar. Artıq seçicilər "balığı hazır əldə etməyi yox, tutmağı öyrənməyə” hazırdırlar.

6. İnsanlar millət vəkili ilə daima ünsiyyətdə olmaq istəyirlər! Çoxları deyir ki, "gəlirsiniz, görüşürsünüz, vədlər verirsiniz, sonra 5 il ərzində çox az görünürsünüz”. Bütün seçicilərə öz mobil telefon nömrəmi verirəm. Bütün təbliğat materiallarında da qeyd olunub. Zəng vururlar və təəccüblənirlər ki, özüm cavab verirəm. 

7. Və nəhayət, insanlar cənab Prezident tərəfindən aparılan islahatları, "proses əsaslı menecment”-dən "nəticə yönümlü menecment”-ə keçidi gördüyü üçün sadəcə sözlərə, vədlərə inanmırlar. Yalnış gözləntilər yaratmaq, vədlər vermək artıq aktual deyil. Bütün səsləndirilən problem, sual və təklifləri qeyd edirəm. Bəzi hallarda məlumatım, biliyim olan sualları dərhal cavablandırır, bəzi hallardan isə araşdırmaq və aydınlaşdırmaq üçün zaman istəyirəm. "Hər şey yaxşı olacaq” yanaşması artıq aktuallığını itirir. Seçicilər səmimi münasibət və praktiki əməllər görmək istəyirlər. Dediyimiz kimi, "SÖZDƏN-ƏMƏLƏ”!
#seyidzade50
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ