Söyüşə qocalar gedir

Söyüşə qocalar gedir
KÖŞƏ
15:56 09.02.2017
3215

Aqil ABBAS

Öyrənmişik gənc şou əhlinin televiziya ekranlarında, mətbuatda, mətbuat konfranslarında bir-birlərini təhqir eləməsinə, söyməsinə, bir-birlərini əxlaqsızlıqda suçlamasına və sair və ilaxır. Sonra da çıxıb televiziya ekranlarında ekspert kimi xalqa əxlaqdan, ailə bağlılığından, tərbiyədən, mədəniyyətdən və s. dərs deməyə.

İndi məsələ başqa cürdü. Bu dəfə söyüşə qocalar gedir. Özü də Azərbaycan xalqının qaymaqları, böyük sənətkarları, musiqi mədəniyyətimizdə hər birinin öz yeri olan, mədəniyyətimizdə öz möhürlərini vuran sənətkarlar, professorlar. Ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə (təbii ki, AzTV-nin rolunu da qeyd etməliyik) muğam müsabiqəsi keçirilir. Böyük sənətkarlarımız dahi Üzeyir Hacıbəyov kimi kəndbəkənd, şəhərbəşəhər düşüb istedadlı gəncləri axtarıb tapırlar, üzə çıxarırlar, paytaxta gətirirlər, ali musiqi təhsili almalarına yardımçı olurlar və sair və ilaxır. Və bu müsabiqənin qalibləri də həqiqətən də ən sayseçmələr olur. Onlar da ustadlarının yolu ilə gedərək Azərbaycan musiqisini demək olar ki, bütün dünyaya daşıyır, dünyanın ən böyük konsert salonlarında muğamımızı, musiqi mədəniyyətimizi təbliğ edirlər. Heydər Əliyev Fondu, şəxsən Fondun sədri, millət vəkili Mehriban xanım Əliyeva muğama sahib çıxmasaydı xalqın bu böyük və əvəzsiz mədəniyyəti az qala sönməyə doğru gedirdi. Demirəm, sönəcəkdi, amma dünyanı indiki kimi zəbt edə bilməyəcəkdi.

Və bu muğam müsabiqəsinin münsiflər heyəti var, hamısı da musiqimizin korifeyləridi: Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Ağaxan Abdullayev (yeri görünəcək), Səkinə İsmayılova, Sərdar Fərəcov və muğamın mahir bilicisi Nadir Axundov. Qısası, bir daha qeyd edirəm musiqi mədəniyyətimizin qaymaqları.

İki gündür gündəmi çox xoşagəlməz bir hadisə zəbt edib. Məsələ belədi. Deməli, Azərbaycanın xalq artisti, professor Canəli Əkbərov da münsiflər heyətinə qatılmaq istəyir, heyətin digər üzvləri isə buna etiraz edirlər. Hər birinin də öz arqumenti var. Amma bizim bu sevimli sənətkarlarımız öz fikirlərini bir az yumşaq da deyə bilərdilər. Və yaxud musiqi məbədi olan Opera və Balet Teatrının çayxanasında da oturub bu məsələni çözə bilərdilər. Söz-söhbət də quşu gözündən ovlayan mətbuata gəlib çıxmazdı.


Bir il əsgərlikdə olurlar, əsgər yeməyi yeyirlər, sonra ölənə qədər dost olurlar. Yaxud Bakı-Qazax qatarında bir kupedə gedirlər, yolda söz-söhbətləri tutur, ömürlərinin axırlarına qədər bir-birlərini itirib-axtarırlar.

Bu sənətkarlar otuz ildi, qırx ildi, hətta əlli ildi bir yerdədilər, bir qabdan çörək yeyirlər, birlikdə bəlkə yüz dəfələrlə səfərlərə çıxıblar, muğamımızı dünyaya tanıdıblar, toy-düyünləri bir yerdə, sevinclərinə də şərikdilər, kədərlərinə də. Bir-birlərinə dayaq da olublar.

Və birdən-birə bir münsiflər heyəti üzvlüyünə görə əlli illik dostluq tapdanır, çörək tapdanır.

Əvvəla, münsiflər heyətinin üzvləri neçə ildi bu müsabiqəni yönətirlər, artıq bir ailə olublar. Müsabiqə məsələsində bir-birlərinə çox bələddilər, bir-birlərinin şıltaqlıqlarına da öyrəşiblər, zarafatlarına da, sərtliklərinə də, ironiyalarına da, atmacalarına da. Və təbii ki, ailə kənardan gələn təzə bir adamı qəbul edə bilmir. Həmin şəxs həmin ailənin mətbəxinə yaddır. Buna görə də münsiflər heyəti üzvlərinin Canəli Əkbərovu qəbul etməmələri başa düşüləndi. Qınamağa da dəyməz. Dediyim kimi, bu məsələni mətbuata çıxarmalı deyildilər, elə öz məbədlərinin çayxanasında yoluna qoya bilərdilər.

Canəli müəllim də bir ağsaqqal kimi bu məsələyə belə sərt yanaşmamalıydı, əlli illik dostlarına hədə-qorxu gəlməməliydi ki, açaram sandığı tökərəm pambığı.

Həmin sənətkarların sandığı çoxdan açılıb, pambıqları da çoxdan tökülüb həm Azərbaycana, həm də dünyaya. Bunlar təkcə muğamımızın korifeyləri deyil, həm də şəxsiyyətdilər. Və bir şəxsiyyət kimi də hər biri bir örnəkdi gənc nəsil üçün, bizlər üçün. Yəni el dilində desək, dağdan ağır kişilərdi və dağdan ağır ağbirçəkdi. Ağbirçək sözü Səkinə xanımın xətrinə dəyməsin, ağsaqqal, ağbirçək sözü yaşla deyil, əməllədi. Bəli, Səkinə xanım mənim üçün muğamımızın bir ağbirçəyidi. Canəli müəllim deyir Mənsum İbrahimovu, Səkinə İsmayılovanı səhnəyə əllərindən tutub mən gətirmişəm. Çox gözəl. Buna görə sağ olun, amma bunları onların başına qaxınc etmək lazım deyil. Canəli müəllim, özünüz qeyd etdiyiniz kimi, vaxtilə sizin də əlinizdən tutublar. Bu hər iki muğam ustası öz istedadları, qeyri-adi səsləri, öz şəxsi keyfiyyətləri, öz mədəniyyətləri ilə gəlib bu səviyyəyə çatıblar.

Canəli müəllim, siz xalqımızın çox sevdiyi sənətkarlardan birisiz. Operamızda, muğamımızda, ümumiyyətlə, musiqi mədəniyyətimizdə öz yeriniz var. Siz də musiqi mədəniyyətimizə möhür vurmuş şəxslərdən birisiz. Çayxanada həll olunası bir məsələni bu qədər şişirtməyə dəyməz.

Yağın tapılmayan vaxtıydı. Yasamaldakı dükanların birində uzun bir növbə vardı. Bir uşaq da çalışırdı ki, növbəsiz alsın. Ha çalışırdı, vurub növbədən çıxarırdılar. Axırda uşaq üzünü hamıya tutub dedi:

- Mən də acıqnan heç yağ da almıram.

İndi bir ailə sizi öz aralarında görmək istəmirsə, siz də deyin ki, heç mən də sizi istəmirəm. Day sandıq-pambıq…

Əziz qələm dostlarımdan bir xahişim var, siz bu məsələnin üstünə çox getməyin, ümumiyyətlə, getməyin. Allaha şükür, ölkədə mövzu qıtlığı deyil ki. Qoymayın Azərbaycan xalqının sevdiyi, fəxr elədiyi bu şəxslərin nüfuzlarına xələl gəlsin.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb