21:56 şənbə, 21 Sentyabr 2019
MÜSAHİBƏ

Tovuzun kəndindən Parisin mərkəzinə gedən yol - Günel Məmmədhəsənova kimdir?

13:27, 02.08.20199439
Tovuzun kəndindən Parisin mərkəzinə gedən yol - Günel Məmmədhəsənova kimdir?

AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı "Naigin K Tovuz-Baltiya" MMC-nin icraçı direktoru, eyni zamanda "Tovuz-Baltiya" MMC-nin Fransa respublikasındakı nümayəndəliyi olan "Azeri-Frans” MMC-nin baş direktoru Günel Məhəmmədhəsənovadır.

  

- Özünüzü oxucularımıza necə təqdim edərdiz?


- Mən Məhəmmədhəsənova Günel Nail qızı 1985-ci il sentyabrın 15-də Tovuzda sadə bir fermerçinin ailəsində anadan olmuşam. Uşaqlıq illərim Tovuzun İbrahimhacılı kəndində nənəm və babamın yanında keçib. Uşaqlığım müharibə illərinə təsadüf etdiyi üçün 1993-cü il hadisələri bu günə qədər gözümün qabağındadır. Müharibənin həmin dövrün insanlarında qoyduğu travma məndə də qalmaqdadır. Nənə baba yanında böyüyən uşaq kimi deyə bilərəm ki, çox nadinc və ərköyün olmuşam. ”. Müharibə dövründə nənə və babamı görmək üçün atamın maşınının baqajında gizlənib Tovuza da getmişəm. Onlar məni elə ərköyün böyütmüşdülər ki, Bakıya gəldikdən sonra özümü qəfəsdə və edam edilir kimi hiss edirdim. Evdə atam və anam bu olmaz deyəndə bunu qəbul edə bilmirdim. Çünki nənəm və babam mənə olmaz demirdi. Hazırcavablığım və dəcəlliyimə görə, rəhmətlik babam həmişə deyərdi ki, "bu qız ya aktrisa olacaq ya da boyüyüb sözünü deyən bir qadın”.


 


- Layihəmizin adı "Uğurlu qadın”dır. Günel Məhəmmədhəsənova özünü uğurlu qadın hesab edir?


- Mənə görə uğurlu qadın nəaliyyətləri, ailəsi və töfhələri ilə örnək olandır. Gözəl ailəmin olması məni iki qat uğurlu qadın edir. Bütün bunlara baxmayaraq məncə bir qadının övladının olması onun ən böyük uğurudur. Mənim də övladım - qızım mənim uğurumdur. Bütün bunları nəzərə alsaq əminliklə deyə bilərəm ki, bəli mən uğurlu qadınam

 

 

 


- Uğur qazanmaq üçün nəyi qurban vermisiniz?


- (Düşünür) İnsan qarşısına qoyduğu hədəfə çatmaq üçün nələrisə qurban verməlidir. Bir qadın üçün bu çox ağır olsa da, ancaq bunu etiraf edəcəm. Məncə mən bütün bu qazandığım uğurlarımın qarşılığında ailəmə, sevdiklərimə yetərincə vaxt ayıra bilməməyi qurban vermişəm. Buna görə də çox qınanmışam. Ancaq nə etmək olar ki, mənim işim məndən məsuliyyət tələb edir.

 

 

 

- Sahibi olduğunuz şərab zavod haqda məlumat verərdiniz. Hansı ölkələrdə fəaliyyət göstərirsiz?


- Sahibi olduğum şərab zavodunun yaranmasının çox maraqlı tarixçəsi var. Zavodun yaranması mənim anadan olmağımla eyni ilə təsadüf edir. Sovetlər dönəmində yaranan bir şirkətin fəaliyyəti çox çətin olsa da, bu çətinlik mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəyişib. Ulu öndər hər kəsə olduğu kimi, mənim valideynlərimin də fəaliyyətində yaşıl işıq yandırdı. Hər kəsi bizim şirkətimizin niyə "Baltiya” ilə bağlı olduğunu soruşur. Onu qeyd edim ki, biz şərab istehsalından öncə Baltik ölkələrindən yağ idxalı ilə məşğul olmuşuq və bu işdə Baltikyanı ölkələr daim bizə dəstək olub. Kartof becərilməsi də bizim zavodun bir fəaliyyət istiqaməti olub.

 

 

 

- Bəs necə oldu şərab istehsalına maraq göstərib şirkət açdınız?


- Şərabçılq faliyyətimizin yaranmasının maraqlı tarixçəsi var. Atam iş adamı olduğu üçün tez-tez xarici ölkələrə səfər edirdi. Səfərlərin birində atamın xarici partnyorlarından biri ondan növbəti səfəri zamanı onlara hər hansı xarici ölkə istehsalı olan şərab deyil, çox qədim tarixə malik olan yerli şərablarımızdan gətirməyi və onlara hədiyyə etməyi xahiş edib. O, atamdan bu qədər sərvətə sahib olan ölkənin yerli brendinin niyə olmadığını da soruşub. Məhz bu sual şərab zavodunun yaranmasına səbəb oldu. Atam xarici səfərdən qayıdan kimi Tovuz şərab zavodunu yaratmaq haqda fikirləşib addımlar atdı. Və biz Azərbaycanda ilk şərab istehsalçısı və yerli brendin yaradıçısı olduq. Ulu öndər Heydər Əliyev də bizim bu təklifimizi yüksək qiymətləndirərək daim bizə dəstək oldu. Bundan sonra "Tovuz” bir brend olaraq Avropa və Asiya ölkələrində özünü təsdiqlədi.

 

 

 

- Hansı ölkələrdə sizin brendin satışı var ?


- Bizim brend Avropa və Asiyanın bir çox ölkələrində satılır. Həqiqətən də bu qədər uğurları qazanıb ixracı artırdıqca daha çox sevinir insan. Bu tək "Tovuz Baltiya”nın deyil bütün Azərbaycanın uğurudur deyə bilərəm. Və mən əminəm ki, "Made in Azerbycan” brendi və şərab məhsulları bir brend olaraq 1 nömrə olacaq. Onu da qeyd edim ki, tezliklə "Azerbaycan vine” festivalı keçiriləcək ki, bu şərabçıların da yüksək keyfiyyətə malik olduğunu bir daha sübut edəcək.

 

 

 

- Müsahibələrinizin birində ailə biznesinin davamçısı olduğunuzu demişdiniz. Sizdən başqa ailə üzvlərinizdən kim bu yolun davamçısıdır?


- Çox maraqlı sualdır (gülür). Biz ailədə 2 bacı, bir qardaşıq. Evin böyük uşağı mənəm. Bacım İqtisad üniversitetinin "Memarlıq” fakültəsini bitirib. O tam başqa sahəyə meyillidir. Belə desək o tam incəsənət, mədəniyyət adamıdır. Bəzən bacım mənə deyir ki, "Mən heç vaxt nə özümü, nə də övladımı sənin kimi ağır və məsuliyyətli işə atmaram. Çünki o mənim 24 saat telefonlarımın işlədiyini görür. Və mən hər an hər bir hadisəyə hazır olmalıyam. Bu rayon və şəhər üçün də keçərlidir. Qardaşım isə tam ayrı dünyanın insanıdır. Xarici ölkələrin birində yaşayır. Biz 3 uşaq tam ayrı sahələrin adamlarıyıq. Mən uşaqlıqdan daima atamın yanında olub, onun tərcümələrini etməkdə ona kömək olmuşam. Bir məhsulun alıcı tərəfindən bəyənilib alınması üçün atamın çəkdiyi əziyyətləri görəndə tez böyüyüb ona kömək olub yanında olmağı istəyirdim. Və bu günə qədər bütün ağır yükü çiyinlərimdə tək daşıyıram.

 

 

- O zaman siz uşaqlıq arzunuza çatmısınız deyə bilərik..


- Xeyir. Mənim uşaqlıq arzum vəkil olmaq idi. Qismət elə gətirdi ki, mən xarici Dillər Universitetinin ingilis-alman dili (filalogiya) fakültəsinə daxil oldum. Buna baxmayaraq vəkil olmaq, müvəkkilimin hüquqlarını müdafiə etmək arzusu ürəyimdə qalırdı. Konstitusiyanı mükəmməl bilməyim və onu doğru çatdıra bildiyim üçün ətrafımdakılar mənim ya natiq, ya da vəkil olacağımı düşünürdü. Ancaq zəmanə, mentalitetə görə valideynim buna razı olmadı. Bundan sonra 10 il müəllim kimi fəaliyyət göstərdim. Müəllimlik fəaliyyətim dövründə ilk olaraq şagirdlərimə hüquqlarını öyrətdim. Hüquqlarını bildikləri üçün heç bir müəllim mənim sinfimin şagirdlərinə onların hüquqlarını pozacaq davranış sərgiləmirdi. Mən pedaqoq olaraq da uğur qazanmış sayılıram. Çünki bu il kurikulum buraxılış imtahanında sinfim ingilis dilindən ən yüksək nəticəni göstərib. Daha qürurverici halı isə, artıq iki şagirdimin Amerika Birləşmiş Ştatlarının universitetlərinə qəbul olmasıdır.

 

 

 

- Xaricilər sizin işiniz haqda nə düşünür?


- Mən daha çox xarici əlaqələri qurmağı sevirəm. Onlar bir biznes lady-ni əlçatmaz və dəstəklənən xanım kimi qəbul edirlər. Onlar bu qadının hər şeyə malik olduğu üçün bu qədər uğur qazndığını düşünür. Ancaq çox təəssüf ki, bu bizdə belə deyil. Bizdə tam fərqli fikirlər formalaşır. Mən çox vaxt atamın biznesinin davamçısı olduğumu bildirmirəm. Heç çox adam bilmir ki, mən valideynimin işini davam etdirirəm.

 

 

 

- İşçiləriniz arasında qohum-yad fərqi qoyursunuz?


-Bunu qohumlar oxusa da açıq deyəcəm (gülür). Bu cavabım təkmənalı qarşılanmasın. Qohuma iş zamanı söz demək olmur. Onu idarə etmək çox çətin olur. Hər hansı sözdən tez küsüb-inciyir. Ona hər hansı bir fərq qoyularsa, digər işçilər bundan inciyər və ya bunu yanlış anlayar deyə işçilər arasında heç bir fərq qoymuram. Ancaq mənim üçün qohum evdədir. İşdə hər kəs işçidir. Sıradan bir vətəndaşı işlə təmin edib onunla əmək müqaviləsi bağladıqdan sonra ona iş prinsiplərini deyirik. Hər hansı səhvi olduğu zaman ona səhvini deyib, düzgün yolu göstəririk. Onu da qeyd edim ki, mən işçinin hər hansı problemini öz problemim bilib, bunun aradan qaldırılmasında əlimdən gələni edirəm.


- Sizi tarixi adları şərablara verdiyiniz üçün qınayırlar. Niyə bu addımı atırsınız və sizi qınayanlara nə deyərdiniz?


- Bu mövzu məni ən çox narahat edən və bizim ən yaralı yerimizdir. Bəzən hər kəsi bir araya yığıb niyə bu addımı atdığımızı izah etmək istəyirik. Çünki biz bu addımı atmaqla xaricdə ölkəmizi tanıdıb, tariximizi sübut etmək istəyirik. Biz çox qida sərgilərində iştirak edirik ki, burda da ölkəmizi tanıtmaq bizə vacibdir. Buna misal olaraq deyə bilərəm ki, Yaponyanın Naqoya şəhərində keçirilən sərgilərin birində bizimlə eyni sıradan üzdəniraq qonşularımız da iştirak edirdi. Onlar sərgiyə "Şah İsmayıl”, "Füzuli”, "Qarabağ” adını verdikləri içkiləri təqdim edərək qatılmışdılar. Onlar bizə məxsus olan adları belə brendləşdirmişdilər. Biz də bundan qəhərlənib daha düzgün desək hiddətlənib bu addımı atmağı qarşımıza məqsəd qoyduq.

Azərbaycan tolerant ölkədir və biz bu adları şüar edib və bununla tarixi adlarımızı, şəxsiyyətlərimizin adlarını yaşatmaqla öz təbliğatımızı aparacağıq.

 

 

 

- Sərgilər zamanı hansısa maraqlı hadisə ilə qarşlaşmısınız?


- Bəli. Bunlardan biri Fransanın Kalimar şəhərində keçirilən qida sərgisi zamanı baş verdi. Biz orada ölkəmizi istehsal etdiyimiz şərablarla təmsil edirdik. Orada böyük bir erməni diasporası bizim stendə yaxınlaşaraq "Qarabağ” şərabı ilə tanış oldu. Onlar Azərbaycanın yüksək keyfiyyətə malik olan şərab istehsal etdiyinə inana bilmirdilər. Bu mənim və sahibi olduğum şərab zavodunun deyil, ilk öncə Azərbaycanın uğuru idi. Onlar etiraf etdilər ki, biz həqiqətən də Azərbaycanın bu qədər keyfiyyətli məhsul istehsal edəcəyinə inanmazdıq. Hətta onlar o məhsulu onlara satmağımızı da istədilər. Ancaq biz qəti şəkildə buna etiraz edib nəinki məhsul heç bir şeyi onlara satmadığımızı bildirdik. Onlar isə istəklərindən əl çəkməyib şəhər meriyasına qədər bu məsələni böyütdülər. Ancaq biz sözümüzün üzərində dayanaraq "Qarabağ” adını daşıyan məhsulumuzu onlara sata bilməzdik və satmadıq. Azərbaycana qayıtdıqdan sonra Fransa səfirliyi belə bizim bu addımı alqışlayıb bizə öz təşəkkürünü bildirdi.

 

 

 

- Sizcə bir qadını nə xoşbəxt edir?


- Bir qadını onu dəstəkləyən, çətin anında yanında olub, onun uğurlarına sevinən, arxasında duran güclü valideyni və ya dəstəkçisi xoşbəxt edir. Əgər bir qadının arxasında onu dəstəkləyən varsa, o qadın hər zaman xoşbəxt olur. Mən xoşbəxt olmayan qadınlarımızı qınamıram. Bəzən oturub onlarla söhbət etdikdə arxalarında onları dəstəkləyib dayaq olan valideynlərinin və ya həyat yoldaşlarının olmadığını görürəm. Məhz buna görə də həmin qadınlar arzuladıqları həyatı yaşayıb xoşbəxt ola bilmirlər. Uğurlu və xoşbəxt qadını ya valideyni ya da həyat yoldaşı dəstəkləyib daim yanında olmalıdır. Mənim uğurum, xoşbəxtçiliyim isə atamdır. Mənim müəllimim atamdır. Mən bunu hər zaman demişəm. Ancaq onu da etiraf edək ki, hər kəs mənim kimi şanslı olmaya bilər. Elə istedadlı xanımlarımız, qızlarımız var ki, yanında onları dəstəkləyən, arxasında olan valideyn olmur. Çünki valideyn ilk gündən övladını elə sıxır ki, onlar cəmiyyətə çıxdıqda özlərini balanslaşdıra bilməyib qınaq obyektinə çevrilirlər. Ona görə də rahat deyə bilərəm ki, xoşbəxtçiliyimiz də bədbəxtçiliyimiz də elə məhz bizim valideynlərimizdir.

 

 

 

- O zaman həyat yoldaşınızın sizə güvəni sonsuzdur deyə bilərik?


- (Gülür) Bəli. Mənə güvənməsəydi, mən bu işin sahibi ola bilməzdim. Hər bir işin təməlində güvən və dəstək, dayaq durur.

 

 

 

- Adətən şərab deyiləndə kişi ağıla gəlir. Çətin deyil ki, xanım olaraq şərab zavodunun sahibkarı olmaq?


- Məncə bu sual hər kəsi düşündürən və marağına səbəb olan sualdır. Çünki niyə məhz bu sahəni seçməyim haqda çox sual veriblər mənə. Hər kəs mənə xanımlara aid olan sahəni seçərdin deyir. Ancaq mənim uşaqlıqdan qarşıma qoyduğum hədəfim var idi ki, mən bu hədəfimə çatacağıma əmin idim. 11-ci sinifdə oxuyanda hər kəsə gələcəkdə kim olacağı haqda inşa yazmağı tapşırmışdılar. Mən də inşamda yazmışdım ki, həyatda ən böyük arzum odur ki, həm ölkəmizi xaricdə təmsil edə bilim və həm də bu işi görən ilklərdən olum. Bəzən fikir verirəm ki, digər şərab istehsalçılarının övladları tamam başqa sahədə çalışır. Ancaq mən atamın yolunu davam etdirməyi qarşıma məqsəd qoyub bu yolda addımlamağı üstün tutmuşam. Bəzən sual verirlər ki, səni nə məcbur edir bu qədər ağır yükü çiyinlərində gəzdirirsən? Mən hər kəsə bu istəyin mənə uşaqlıqdan valideynimin aşılaması nəticəsində yaranıb daha sonra istəyə çevrildiyini deyirəm. Və bu gün də çox xoşbəxtəm ki, Tovuz deyəndə, şərab deyəndə məhz ağıla ilk "Tovuz Baltiya" gəlir (gülür).

 

 

- Ətrafınızdakılar qadının şərab zavodunun sahibi olmasını necə qarşılayırlar?


- İlk öncələr şərabla bağlı keçirilən seminarlarda bəylərimizlə birlikdə tək qadın olaraq mən iştirak edirdim. Və hiss edirdim ki, bəylərimizi bunu heç də asan qəbul etmirlər. Ancaq zaman keçdikcə və bizim uğurlarımız artdıqca artıq onlar da bunu qəbul edirlər. Əsas odur ki, bir işi sevib onu sevərək təqdim edəsən. Hər hansı çətinlik qarşısında sınmayıb, daha da irəli gedib uğuru qazanasan.

 

 

 

- Kişilərlə rəqabət aparmaq çətin deyil sizə?


- Yox, çətin deyil. Çünki bu günə qədər bəzi kişilərin əldə edə bilmədiyi uğurları əldə etmişəm. Son qazandığıım uğurlar, bağladığım müqavilələrə baxanda deyə bilərəm ki, artıq bəylər tərəfindən paxıllıq deməzdim ancaq qısqanılıram (gülür). Buna səbəb də onların gözündə alınmaz dedikləri işin mənim tərəfimdən edilməsidir.

 

 

- İşgüzar xanımsınız, özünüzə və ailənizə yetərincə vaxt ayıra bilirsiniz?


- Bu mənim ən həssas və yaralı yerimdir. Deyərdim ki, mən nə ailəmə, nə də ətrafımda olan dostlarıma yetərincə vaxt ayıra bilmirəm. Özümü işimə elə bağlamışam ki, bəzən 13 yaşlı qızım da dilə gəlib "ana bəs mənə nə zaman vaxt ayıracaqsan?” sualını verir mənə. Artıq onun yetkinlik çağıdır və mən bu qədər işin işində onunla yetərincə maraqlana bimdiyim üçün bəzən özümü qınayıram. Zəmanə o qədər qəlizləşib ki, hər bir valideyn kimi mən də, onun üçün yaxşı gələcək necə quraram deyə fikirləşirəm. Və onun bundan 10 il sonra rahat yaşaması üçün nələrsə etməyə çalışıram. Ancaq bu məni ondan uzaqlaşdırır. Biz övladlarımıza yetərincə vaxt ayırmalıyıq. Bunu edə bilmədiyim üçün peşmanam.

 

 

 

- Bəs qızınız bunu necə qarşılayır?


- Mən qızımı hələ balacadır, uşaqdır fikri ilə böyüdürdüm. Düşünürdüm ki, hələ yaşı azdır və mən onun gələcəyi üçün çalışıb əlimdən gələni etməliyəm. Ancaq texnologiya əsrində yaşadığımız üçün inkişaf da göz qabağındadır. Və bu inkişafın nəticəsi olaraq bir gün qızım mənə ona yetərincə vaxt ayırmadığımı bir rolik ilə sübut etdi. O susaraq sadəcə olaraq məndən videorolikə baxmağı xahiş etdi. Həmin video rolikdə övladın valideynə ehtiyacı olduğunu anladan işi ilə məşğul olan ana obrazı canlanmışdı. Bu videorolik məndə sillə təəssüratı yaşatdı və mən bir daha dərk etdim ki, qızımın mənə, mənim onunla yetərincə vaxt keçirməyimə ehtiyacım var. Və mən anladım ki, özümü işimə elə bağlamışam ki, qızım və ailəm artıq ikinci plana keçib. Onunla keçirmədiyim vaxtı heç vaxt geri qaytara bilməyəcəyim üçün daim onun yanında olmağa, onu dinləməyə çalışıram.

 

- Bu qədər gərgin işin içindəsiniz, övladınızın tərbiyəsi ilə kim məşğul olur?


- Bizim evdə mənim sərt qanunlarım var və bu qanunlar aşılmazdı. Qızımla çox zaman keçirməsəm də, ancaq onun tərbiyəsi mənim üçün vacib məsələdir. Qızımın yanında nənəsi- anam olur hər zaman. Bu məni cox arxayın edir və mən anama çox güvənirəm. Anam bəzən mənə xatırladır ki, artıq qızını gəlin köçürəcəm (gülür). Ancaq anam məni anlayışla qarşılayır. Bəlkə də bu işin içində olmasaydı məni anlamazdı, ancaq bu ailə biznesi olduğu üçün mənim ailəmin atdığım hər addımdan xəbərdardır.

 

 

- Analıq yoxsa iş qadını?


- Hər ikisi deyərdim. Niyəsini də açıqlayım – elə ailələr var ki, hər bir imkanı var və yetərincə uğur qazanıblar. Ancaq canlarından bir parça olan övladları yoxdur. Övladı olanlara həsədlə baxırlar. Ancaq çox şükür ki, mənim canımdan bir parça qızım və özümə görə qazandığım uğurlarım var. Bir iş qadını üçün nümunəvi ailəsinin və övladının olması vacibdir. Əgər övlad və ailə yoxdursa o biznes onun üçün heç bir əhəmiyyət daşımayacaq. Mənim biznesim olmaya da bilər. Ancaq mənim olan bir övladım var.

 

 

- Gələcəkdə qızınızın da sizin kimi sahibkar olmasını istərdiniz?


- Tam əminliklə deyərdim ki, yox. Qətiyyən istəməzdim bunu. Özümün yaşadığım stressi, məsuliyyəti onun daşımasını istəməzdim. Mən bu qədər işin içində ona güclə vaxt ayıra bilirəmsə, onun da mənim kimi olmasını istəmərəm. Onun hansı peşənin sahibi olmasını valideyn olaraq onun öz öhdəsinə buraxmışıq. Nə atası, nə də mən sən bu sənətin sahibi olmalısan demirik. Seçimi zamanı da valideyn olaraq biz daima onun yanında olacağıq.

 

 

 

- Həyat yoldaşınız nə işlə məşğuldur?


- Mənə hər zaman sual verirlər ki, bu qədər göz önündə olan xanımsınız. Ancaq heç vaxt sizi həyat yoldaşınızla görmürük. Bütün fotolarda ya təksiniz, ya da övladınızla. Bunu əsas götürərək boşandığımı deyirlər. Ancaq məni tanıyan dostlarım və ətrafımda olan şəxslər mənim ailəmin və həyat yoldaşımın kim olduğunu yaxşı bilir və bizi bir yerdə də görürlər. Mən müğənni, hər hansı tanınmış şəxs deyləm ki, ailəm ilə gündəmə gəlim. Mən işlərimlə və qazandığım uğurlarla gündəmə gəlməyi sevirəm. Mənim ailəm mənə aiddir və bunu hamı görüb-tanımalıdır deyə bir teorem yoxdur. Bəzən sosial şəbəkədə qadınların həyat yoldaşları ilə fotolarını paylaşdıqlarını görürük. Mən buna pis baxmıram və hər kəs özünə cavabdehdir. Ancaq bəzən utanmaq hissi olmayanlar həyat yoldaşını öpən zaman belə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşırlar. Mən böyüklərimdən axı belə tərbiyə almamışam. Mən bu gün həyat yoldaşımla fotomu paylaşsam yadlara bu xoş olsa da ancaq mənim doğmalarım-atam, qardaşım, əmim, qohumlarım hamısı məni qınayar. Mənim ailəm var, mən onu niyə reklam edib göstərməliyəm? Məni tanıyan işimə görə tanıyır. Mən işimi ailəmlə reklam etməyi sevmirəm. Təsəvvür edin əgər biz ailəmizlə hər hansı bir məclisə gedəriksə və orada mənim atam olarsa biz orada yoldaşımla bir kəlmə belə kəsmərik. Bu bizim ailə qanunumzudur. Heç həyat yoldaşımın da məndən şəklimizi paylaşmaq haqda heç bir tələbi yoxdur. Həyat yoldaşımın öz şəxsi beznesi var və onunla məşğuldur.


 

 

 

- Yoldaşınız da sizin kimi tanınmış ailənin övladıdır?


- Bunu hamı elə düşünür ki, mənim atam sahibkardırsa, demək mənim həyat yoldaşım da hər hansı sahibkarın oğludur. Xeyir, mənim həyat yoldaşım orta təbəqəli bir ailədəndir. Yoldaşımla qohumluq əlaqəmiz də var. Özüm sevib ailə qurmuşam. Atam mənim bu evliliyimə tam qarşı olsa da mən sevdiyim insanla ailə qurmaq istəyirdim. Atamın qarşı olmasına səbəb isə onların orta təbəqədən olmaması idi. Ancaq mən hər kəs milyonçu ola bilməz deyib, əsas onun məni başa düşməsini bildirdim atama. Allah hər kəsə eyni ruzini yetirmir.Hamı düşünür ki, mən çox sərbəstböyümüşəm. Ancaq bu heç də belə deyil. Atam məni elə qapalı böyütmüşdü ki, onlardan icazəsiz heç bir addım ata bilmirdim. Ailə quran zaman düşünürdüm ki, mən elə adamla həyatımı birləşdirməliyəm ki, o mənim fikirlərimə, arzularıma hörmətlə yanaşıb, daima yanımda olsun. Mənim qarşıma bariyer qoymasın. Məni bir çox tanınmış ailənin övladları istəyirdi. Ancaq mən orda özümü tapa bilməyəcəm və arzuladığım kimi olmayacağımı bilirdim. Həyat yoldaşımın istəyini sevgisini görəndən sonra isə bu həmin adamdır deyib bütün maneələrə baxmayaraq sevdiyim insanla ailə qurdum. Və sevgi başıma bəla oldu (gülür).

 

 

- Sevginiz necə başlayıb?


- Yoldaşıma qarşı sevgim tələbəlik illərindən olub. O həmişə məni başa düşüb və daim yanımda olub. Ancaq bayaq da qeyd etdiyimiz ki, qadın və şərab sahibkarı olmağım rayonda qınanılıb, yaxşı qarşılanmayıb. Ancaq bu qədər qınaqlara sevgi ilə sinə gərmişəm. Və qazandığım uğurlarmda yanımda dəstəkçim olmazdısa, mən qınandıqca qınanardım.


- Gənc yaşda ailə qurmusunuz.Bundan peşman deyilsiniz?


- Yox heç peşman deyiləm. Ailəm olduğu, ana olduğum üçün heç də peşman deyiləm. Hər ailədə olduğu kimi bizim ailəmizdə də problem olub. Mənim haqqımda çox sözlər deyilib qınayıblar. Açıq deyəcəm ki, qadın iki səbəbdən ailəsini dağıda bilər-Xəyanət və söz-söhbətə görə. Mən o söz-söhbətə görə ailəsini dağıdan qadınlara ailə qadını kimi baxmıram. Çünki bu gün imkan olmayıb nəyisə etməyə bilər kişi. Qadın yola verməyi bacarmalıdır. Ancaq bunu böyüdüb ailəni dağıtmaq düzgün deyil.

 

- Gənc qızlara nə məsləhət görərdiniz - gənc yaşda ailə qursunlar ya karyera?


- Gözəl və düşündürücü sualdır. Mən qızlara 15 yaşında deyil, tam ayaqları üstə durmağı bacardığı zaman ailə qurmağı və ailəni idarə etməyi bacardığı an evlənməyi məsləhət görürəm. Acı da olsa bizim qızlar adətən gözləri ilə sevib görünüşə aldanırlar. Bununla da bədbəxtçiliyin təməlini qoyurlar. Mən çox istəyərdim ki,qızlarımız ürəkləri ilə sevsinlər, gözləri ilə yox. Elə yaraşıqlı oğlanlar var ki, ancaq ailəni idarə edəcək vəziyyətdə deyil. Məhz buna görə də gözəl oğlan deyil, səni sevib anlayan birini sevib ailə qurmağı məsləhət görərdim.


Gənc yaşda karyera qurmağı da dəstəkləyirəm. Xanım bununla ailəsinə dəstək olursa, niyə də olmasın. Bəzən bəylərimiz qadınlarımızın hər hansı fəaliyyətinə mane olurlar. Ancaq mən bəylərimizə tövsiyə edərdim ki, xanımların yanında olub onların ailələrinə dəstək olmasına dəstək olsunlar.

 

- Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

 

- Mən təşəkkür edirəm.

 
Günel Hüseynli

AZXEBER.COM
XƏBƏR LENTİ