'10 mart aksiyası Azərbaycan gəncliyinin mövqeyi deyildi' - Əli Hüseynli

16:39 12.03.2013
1238

“Martın 10-da Bakının mərkəzində keçirilən aksiya zamanı polisin davranışı sırf Avropa standartlarına uyğun olub, aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edilməsi də əsaslı idi. Çünki aksiya keçirilən günə qədər onun təşkili ilə əlaqədar “Nida” gənclər təşkilatının 3 üzvü həbs edildi, onların verdikləri ifadədən də məlum oldu ki, həmin aksiyaya polisin xüsusi vasitə ilə çıxmasına ehtiyac var”. Bunu açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli bildirib ki, həmin gənclərin ifadələrindən aksiyanın dinc xarakter daşımayacağı məlum olub: “Təbii ki, onların ifadələrindən sonra aksiyada polis tərəfindən xüsusi vasitələrdən istifadə olunması zərurəti yarandı. Qeyd etdiyim kimi, aksiyadan əvvəl həyata keçirilmiş əməliyyat tədbirləri və gənclərin ifadələri göstərirdi ki, həbs olunanların məqsədləri aksiyada baş tuta bilər. Ona görə də 10 mart aksiyasında polisin xüsusi vasitələrdən istifadə etməsi kifayət qədər əsaslı idi”.

Komitə sədri bildirir ki, eyni zamanda Azərbaycan polisi qanunvericiliyin verdiyi imkanlardan, yəni xüsusi vasitələrdən istifadə etmək səlahiyyətinə razılaşdırılmamış aksiyalarda demək olar ki, minimum şəkildə əl atır: “Aksiya ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmələrin çıxardığı qərarlar da milli qanunvericiliyə tam uyğundur. Milli qanunvericilik, o cümlədən razılaşdırılmamış aksiyalarla bağlı etdiyimiz dəyişikliklər də Avropa standartlarına tam cavab verir”.

Ə. Hüseynlinin fikrincə, 10 mart aksiyası, eyni aksiyaların həmin gün ABŞ və Almaniyada keçirilməsinə cəhdlər, bunun bir sıra xarici mətbuatda anti-Azərbaycan ruhunda işıqlandırılması bir daha sübut edir ki, bu, əslində Azərbaycan gəncliyinin mövqeyi deyil: “Bu aksiyalar ölkənin radikal müxalifəti ilə xaricdə Azərbaycan əleyhinə olan qüvvələrin birliyinin təzahürüdür. Aksiyaların iştirakçıları da radikal müxalifətə yaxın olan şəxslər, ya qohumları, ya da ki onların gənclər təşkilatının üzvlərdir. Əsas məsələ odur ki, hadisələrin gedişi bir daha onu göstərir ki, məsələ heç də əsgərlərin hüquqların qorunması, yəni ictimai-sosial məsələ deyil. Bu, siyasi məsələdir və Azərbaycandan kənarda dövlətin əleyhinə olan qüvvələr, ölkədəki radikal müxalifət tərəfindən dəstəklənir, idarə olunur. Təbii ki, buna xaricdə olan həmin qüvvələr maddi-texniki dəstək verirlər”.

Ölkə daxilində xüsusilə seçki ilində bu cür aksiyaların keçirilməsi cəhdlərinə toxunan komitə sədri bunun Azərbaycanla əməkdaşlıq edən ölkələrdə dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən, erməni lobbisinə bağlı dairələrin əməlləri olduğunu qeyd edib: “Onlar regionda Azərbaycan kimi müstəqil, güclü dövlətin olmasında maraqlı deyillər. Həmin dairələr bir zamanlar Ukrayna və Gürcüstanda baş verən inqilabları Azərbaycanda da təkrar etmək istəyirdilər, amma fiaskoya uğradılar. Çünki onların analizi çox zəifdir. Anlamırlar ki, Azərbaycanda prezident İlham Əliyevlə xalqın böyük əksəriyyəti arasında vəhdət mövcuddur. O dairələrin isə burada güclü dəstəyi yoxdur”.

Ə. Hüseynli bu dairələrin Qərbdə, Şimalda və Cənubda cəmləşdiklərini bildirib.

Qeyd edək ki, əsgər ölümlərinə etiraz olaraq yanvar ayında keçirilən aksiyanın ardınca martın 10-da “Əsgər ölümünə son!” şüarı ilə Bakının mərkəzində razılaşdırılmamış aksiya keçirilib. Aksiyada polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. //APA

OXŞAR XƏBƏRLƏR