Avstraliyanın Sidney şəhərində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktının qurbanlarının xatirəsi anılıb.
Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamməddin Qasımovun təşkilatçılığı ilə ölkədəki ən böyük məscid olan Gelibolu Camisində 3500-dək insanın iştirak etdiyi cümə namazından öncə 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub və dualar edilib.
Tədbirdə müxtəlif türkdilli xalqların və yerli müsəlman icmasının nümayəndələri iştirak edib.
Bundan başqa, Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın Səsi” (Voice of Azerbaijan) radiosu radioproqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi radioveriliş yayımlayıb.
Verilişdə keçmiş SSRİ-nin son illərində Azərbaycanda cərəyan edən proseslər, milli azadlıq hərəkatı və xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsinin boğulması üçün təşkil edilmiş tariximizin ən qanlı hadisələrindən biri olan 20 Yanvar faciəsi barədə məlumat verilib və müzakirə aparılıb.
Azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulmasının və günahsız insanların qətlə yetirilməsinin totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyi vurğulanıb.
Qeyd edək ki, 2000 FM Radio stansiyasında 98.5 MHz tezliyində efirə çıxan “Azərbaycanın səsi” radiosu artıq 20 ildir ki, fəaliyyət göstərir. Radio Azərbaycan dilli dinləyiciləri Azərbaycanın və Avstraliyanın sosial-siyasi həyatında baş verən hadisələr barədə məlumatlandırır.//APA