200 mindən çox kürü götürmək planlaşdırılır

İQTİSADİYYAT
14:03 04.01.2014
1389

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Qəbələ Qızıl Balıqyetişdirmə Zavodunda yeni kürüalma mövsümü başa çatmaq üzrədir.

Gün.Az-ın bölgə müxbirinə zavodun baş mütəxəssisi Səfayət Qaçayevanın verdiyi məlumata əsasən, Xəzər regionunda balıqartırma sənayesində Azərbaycanın Rusiyadan sonra ikinci yeri tutmasında sözügedən müəssisənin adı və fəaliyyəti xüsusi qeyd olunur. 

Bu zavod hazırda Xəzər dənizini və ölkədaxili su hövzələrini qızıl balıq körpəsi ilə təmin edən istehsalat sahəsidir. Hazırda bu müəssisədə qızıl balıqların artırılması sahəsində işlərin qızğın çağıdır. Zavodda kürügötürmə prosesi hər il noyabrın 25-dən yanvarın ortalarınadək davam edir.Su hövzələrində qızıl balıq ehtiyatının artırılması üçün builki mövsümdə zavodda 120 mindən çox sağlam kürü əldə edilib. Müəssisənin mütəxəssisləri yanvarın ortalarınadək 200 mindən çox kürü götürməyi planlaşdırırlar.Baş mütəxəssis onu da qeyd edib ki, son 15 ildə Qəbələ qızıl balıqyetişdirmə zavodu tərəfindən 750 min ədəddən çox qızıl balıq körpəsi yetişdirilərək Xəzər dənizinə və Kür çayına buraxılıb.

OXŞAR XƏBƏRLƏR