Xırdalan şəhərinə metro xəttinin çəkilməsi təklif olunur.
Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib:
“Metropolitenin “Avtovağzal” stansiyası yaxın vaxtlarda istifadəyə veriləcək. Təklif edirik ki, “Avtovağzal” stansiyasından sonrakı stansiya Xırdalan istiqamətində olsun”.
İnstitutun direktoru Sumqayıta isə metro xəttinin tikintisinin hələ nəzərdə tutulmadığını buraya sürətli nəqliyyat vasitələrinin çəkilməsinin planlaşdırıldığını əlavə edib:
“Bunun dünyada müxtəlif nümunələri var. Bizə uyğun olanını seçib istifadə edilməsini məqsədəuyğun hesab edirik”.
İ.İsbatov Ələtdə salınması təklif olunan beynəlxalq hava limanından da danışaraq qeyd edib ki, gələcəkdə bu ərazidə iqtisadi zonanın inkişafı hava limanının tikintisini zəruri edir.