Cəlilabadda müxalifətçinin evinin önündə aksiya

MARAQLI
13:03 05.04.2011
2032
O deyib ki, aprelin 5-də Cəlilabad rayonun 7 saylı orta məktəbində baş verən insidentdə iştirak edənlərdən biri həqiqətən də onun 1996-cı il təvəllüdlü oğlu Vasif Mirələmovdur: “Hazırda Bakıda xəstəxanadayam. Hadisə haqda qohumlarım telefonla məlumat veriblər. Mənin iki oğlum var və ikisi də 8-ci sinifdə oxuyur. Qardaşım oğlu hərbi xidmətdən qayıdıb və uşaqlar onu görmək üçün şənbə günü qardaşımın yaşadığı Şatırlı kəndinə gediblər. Mən rayonun mərkəzində yaşayıram. Kənddən bazar günü qayıdıblar və aprelin 4-də dərsə gediblər. Məktəbdə 10-cu sinif şagirdləri uşaqlara sataşıb, deyiblər ki, atan müxalifətçidir, bizim məktəbdə oxuma, polislər yaxşı edib atanı mitinqdə döyüblər. Sonra yığılıb oğlumu döyüblər. Aprelin 5-də övladlarım yenidən məktəbə gediblər, 10-cu sinif şagirdləri uşaqlarımı yenə təhqir ediblər. Onların əlində bıçaq olub. Oğluma deyiblər ki, get sən də bıçaq götür. Amma oğlumda bıçaq olub-olmadığını bilmirəm. Dava zamanı 10-cu sinif şagirdi Cavanşir Həsənlinin böyründən bıçaq dəyib və nəticədə o, dünyasını dəyişib. Oğlum hazırda polis şöbəsindədir”. 

Təzəxan Mirələmli deyib ki, Cavanşir Həsənli keçmiş polis əməkdaşı Həsən Həsənovun oğludur: “Sıravi polis olub və mühafizə polisində işləyib. 3-4 il əvvəl polisdən çıxıb. Amma onu şəxsən tanımıram”.

Təzəxan Mirələmli bildirib ki, qohumlarından aldığı məlumata görə, hazırda yaşadığı evin qarşısında aksiya keçirilir: “Aksiyanı Cəlilabad Rayon İcra Hakimiyyəti təşkil edib. Rayonun idarə, müəssisələrində çalışanları, mərkəzdə və yaxın kəndlərdə yerləşən məktəblərin müəllimlərini yaşadığım binanın qarşısına toplayıblar. Aksiyaya rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov rəhbərlik edir. Hazırda 500-700 nəfər aksiya keçirir. Aksiya hadisəyə görə deyil, müxalifətin əleyhinə keçirilir. Müxalifətin əleyhinə şüarlar səsləndirilir. Bu da onu göstərir ki, məsələ əvvəldən təşkil olunub. Yoldaşımla danışa bilmirəm. Telefonu yoxdur. Qohumlarım evimə yaxınlaşa bilmirlər. Başqa hadisənin baş verəcəyindən qorxurlar. Burada ürəyim partlayır. Həkimlər işdə yoxdur. Xəstəxanadan icazəsiz çıxmaq istəmirəm. Bunu da bir problem edəcəklərindən ehtiyatlanıram. Aprelin 6-da həkimlər işə gələn kimi icazə alıb rayona getməyə çalışacam”.

OXŞAR XƏBƏRLƏR