Artıq lisenziyalı kontorlar fəaliyyət göstərir, dövlət uduşlara təminat verir. İndi Bakıda və Abşeronda “Topaz” brendli xeyli obyekt görmək olar. Təxminən üç ay geridə qalıb, amma görünən odur ki, yeni qaydalar futbol oyunlarına pul qoyuluşu edənlərin ürəyincə deyil.
Tələsik start
Əvvəlcə ondan başlamalıyıq ki, işə hazırlıqsız start verildi. “Qara bazar” yığışmayıbsa, “Topaz” necə uğura ümid edə bilər? Qanunsuz işləyən kontorların fəaliyyətinə hələ yanvarın 18-nə qədər son vermək lazım idi. İş ondadır ki, hələ də Bakıda lisenziyasız kontorlar görmək mümkündür. “Qara bazar”ın bukmeykerləri daha sərfəli şərtlər irəli sürür deyə, “Topaz”ın ofislərinin qapısını açan da azdır.
Əmsal məsələsi
Bəli, əmsal vacib məsələdir. Sərfəli şərt deyəndə də əmsalın yüksəkliyini nəzərdə tuturuq. Bukmeykerlər qazanmaq üçün adi strategiyadan istifadə edir: oyunlara lazım olandan aşağı əmsal verirlər. Bununla da müştərinin pul əldə etmək şansını azaldırlar. Heç düşünmüsünüz ki, “Gamebookers” niyə hər hansı görüşün həm “üst”, həm də “alt” nəticəsinə 1.85 əmsal təyin edir? Kontorun qazancı da bundadır. Əslində, hər iki nəticənin əmsalı 2.00 olmalıdır. “Gamebookers” əmsalı 15 faiz azaldır, bu da olur qazanc. “Topaz” isə bir neçə qarşılaşmanı çıxmaq şərti illə tək oyun götürməməsi bir yana, əmsalı da kəskin aşağı salır. Müştəri də axmaq deyil, görür ki, “Gamebookers”in əmsalları ilə udmaq çətindirsə, “Topaz”ın qaydalarıyla, ümumiyyətlə, mümkün deyil.
Uğursuz biznes
Müştərilərin məsələsi aydındır. Sahibkarın vəziyyətindən xəbər tutsanız, görəcəksiniz ki, həqiqətən də, “Topaz” düz yol seçməyib. Lisenziyalı kontor işlədənlərin, demək olar, hamısı obyekt üçün icarə haqqı verir. Paytaxtın babat yerində sahibkar ayda ən azı 2 min manatından keçməli olur. Bunun üstünə gələk işçilərin məvacibi, kommunal və başqa xərcləri. Beləcə, sahibkarın ay ərzində, heç olmasa, 4 min manat xərci çıxır. Deməli, kontor sahibi ayın sonuna qədər ümumi “variant” məbləğini 100 min manata çatdıra bilmirsə, işi davam etdirmək mənasızdır. Çünki sahibkara həmin pulun 6 faizi bonus kimi verilir. Qalanı dövlətin hesabına keçir. Bakıda istənilən kontora girib vəziyyəti öyrənə bilərsiniz. Ümumi məbləğ heç 50 min manata da çatmır. Deməli, “Topaz”la əməkdaşlıq da sərf etmir. Bunun nəticəsidir ki, şəhərdə qırmızı kontorlar bir-birinin ardınca fəaliyyətini dayandırır. “Topaz” işə münasibətini dəyişməsə, tezliklə bunun acı nəticəsini görəcək.
Futbol365.az