Ümid parlayan işıqdır

Ümid parlayan işıqdır
KÖŞƏ
19:02 08.06.2011
2311

Biri Azərbaycan adlı diyarda öz savadı və bacarığı ilə fərqlənən Səkinə xanım Mirzə Heybət qızı Axundzadə, digəri isə Amerikanın formalaşdığı bir dövrdə öz bilik və qabiliyyəti ilə fərqlənən Anne Dudley Bradstreet (Anne Dudley Bradstrit) idi. Birinci olmaq həm xoşbəxtlikdir, həm də olduqca böyük bir məsuliyyətin və məhrumiyyətin ağırlığına tab gətirmək qabiliyyətinə yiyə durmaqdır. Onlar xalqı istiqamətləndirmək istəyir, ədəbiyyatın inkişafı yolunda özlərinə məxsus xidmətlər göstərdiyi halda xalq tərəfindən qınanır, hətta tənqid edilirdilər. 

Səkinə Axundzadə 1865 ci ildə Quba şəhərində ziyalı ailəsində anadan olmuşdu. Böyük mesenat Tağıyevin qız məktəbində dil və ədəbiyyatdan dərs deməklə yanaşı, teatr, səhnə və dramaturgiya ilə də maraqlanırdı. Onun ən böyük arzularından biri qadınların ədəbi fəaliyyətdə iştirakını görmək idi.

Anne Dudley Bradstreet (Anne Dudley Bradstrit) 1612 ci ildə İngiltərədə anadan olmuşdur. Yüksək təhsili ona siyasət, tarix, tibb və ilahiyyət haqqında fikirlərini lazımi şəkildə cəmiyyətə çatdırmağa imkan yaratmışdır.

Bəs fərq nə idi bu qadınlar arasında?


İlkin olaraq fərqli baxış və zamanın tələbləri idi. Səkinə xanım öz vətənində yaşayırdı və öz xalqı üçün mübarizə aparırdı. Məhs onun “Şahzadə Əbülfəz və Rəna xanım” romanında Azərbaycan qadınlarının həyatında kök salmış xurafatın aradan qaldırılması üçün çıxış yollarını göstərən, bədii üsulla azadlığın şirinliyini təsvir edən müəllif xanım öz addımlarında inamlı idi. Lakin, Anne Dudley Bradstreet məskənini dəyişmiş, yeni həyatın çətinlikləri ilə barışıb irəliləmək istəyən bir xanım idi. Beləki hər iki qadın cəsarətli, inamlı və təhsilli olduğunu gördüyümüz halda, onların ideyaların tam fərqli olduğunu asanlıqla anlayırıq.
Bununla yanaşı İLKlərdi onlar. Anne-nin Londonda nəşr etdirdiyi ilk işi "The Tenth Muse Lately Sprung Up in America, by a Gentlewoman of those Parts" idi. Bu nəşrin əsas məqsədi bilikli, imanlı xanımın istər valideynlik borcunu yerinə yetirərkən, istərsə də hər hansı bir vəzifədə olarkən, “vəzifəsini yerinə yetirən zaman kişilərlə rəqabət apara bilərlər” fikrini din xadimlərinə çatdırmaq idi. Və onları bu fikirlə razılaşdırmışdır. Anne çətinliklərə dözərək, qadağalara fikir vermədən yaşayırdı Yeni Dünyada. Anne-nin sitatına nəzər salaq: “Mən bu ölkəyə gəldim və burda ürəyi riqqətləndirən yeni dünya tapdım. Təəssüf ki açıqlamam səhv olub. Fikirlərimə əmin olduqdan sonra kilsəyə qoşuldum.” Bu sözlər göstərirdi ki, onun ürəyi sevincdən yox, etirazdan riqqətə gəlib.

Səkinə xanımın fikirləri də Anne-nin fikirləri ilə eynilik təşkil edir. Məhz o dövrdə Bakının teatr səhnəsində qadın rollarını kişilər oynayırdı, səhnə qadın arzusu ilə, qadınlar isə səhnə həsrəti ilə yaşadığı bir dövrdə. Səkinə xanımın yaratdığı əsərlər və xanımların mədəniyyətlə məşğul olmaları istiqamətində görülən işlər nəticəsiz qalmadı. Bunu məşhur aktyor və rejissor Hüseyn Ərəblinski onunla söhbət zamanı sənət dostuna xitabən dediyi söz də sübut edir: «Səkinə xanım, qadınsız teatr gülsüz-çiçəksiz bahar kimidir. Çiçəksiz ki bahar olmaz?! Cəhalətin ucbatından nə qədər qadın, qız teatra yaxın dura bilmir. Siz böyük iş görürsünüz. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırdınız. Vaxt gələr, bu qığılcımlar məşələ dönər».

Sonluqda bildirmək istərdim ki, bu qadınlardır bugünkü qadın azadlığının səbəbkarı. Onlar idi tənqidlərə dözüb düzgün yolda irəliyənlər. Budur zamanla qəbul edilən, formalaşdırılan azad və düzgün fikirlər.

Sevinc İskəndərova

Xəzər Universiteti, 4-cü kurs tələbəsi  
   

 

OXŞAR XƏBƏRLƏR