Bu sözləri AZXEBER.COM-a eksklüziv açıqlamasında media məsələləri üzrə hüquqşunas Ələsgər Məmmədli deyib.O bu fikirləri, xəbər portallarına nəzarət edəcək Mətbuat Şurası nəzdində Məşvərət Şurasının yaradılması xəbərinə münasibət bildirərkən söyləyib.
Ə.Məmmədlinin sözlərinə görə, heç bir beynəlxalq sənəddə və qanunda internetin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Bu baxımdan Azərbaycanda onlayn mediaya nəzarət edən qurumun yaradılması cəhdi həm Avropa İnsan Hüquqları Konvensiyasına, həm də Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə zidd olacaq: “Azərbaycanda mövcud qanunvericiliyə əsasən mətbuat özünütənzimləmə xarakterli media olduğundan həm Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, həm də mövcud qanunvericiliyə görə onun dövlət tərəfindən tənzimlənməsi yolverilməzdir. Çünki medianın tənzimlənməsi mediaya dolayı müdaxilə deməkdir. İnternetin dövlət tərəfindən idarə olunmasıyla bağlı müzakirələr getsə də, bütün hallarda dünyada internet dövlət tərəfindən tənzimlənməsini qəbul etmir”.
Ələsgər Məmmədlinin fikrincə, internet mediasının da digər KİV orqanları kimi daşıdığı məsuliyyətlər var: “İstər qəzet, istər onlayn mediada özəl həyata müdaxilə, terrora,həqarət, hüquqi, milli, dini ayri seçkiliyə çağırış varsa bu cinayət əməli hesab olunacaq və ona uyğun maddələrlə məsuliyyətə cəlb olunacaq. İnternet və ya çap mediası eyni məsuliyyətləri daşıyır. Bu səbəbdən internetin xüsusi olaraq nəzarətə alınması tənzimlənmə məqsədi daşıya bilər ki, bu da yolverilməzdir”.
Hüquqşünasın sözlərinə görə, hazırda Azərbaycan qanunvericiliyi internet mediasına nəzarət edə biləcək qurumun yaradılmasını özündə əks etdirmir və belə olan halda ayrıca qanun qəbul edilə bilər: “Əgər internetə nəzarət məqsədli qurum yaradılsa yəqin ki, ayrıca qanun qəbul olunacaq. Amma normativ hüquqi aktlar nə konstitusiyaya, nə konvensiyaya zidd ola bilməz. İstənilən qanunun tənzimlənməsi, yəni onlayn medianın işinə müdaxilə və müəyyən qurumun yaradılması il bağlı qanun qəbul edilərsə bu da tənzimləmə sayılacaq. Bu isə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir”. Ə.Məmmədlinin fikrincə Azərbaycanın ratifikasıya etdiyi konvensiyalara zidd qərar qəbul etməsi istənilən Avropa ölkəsində məhkəmə prosesi zamanı onun əleyhinə yönələcək.
Aysel FƏRZİYEVA