"Bu amnistiya aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq" - Deputat

"Bu amnistiya aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq" - Deputat
SİYASƏT
16:27 16.12.2025
171
"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində 20 mindən çox vətəndaşımızın sevinəcəyinə, onların ailə üzvləri və yaxınları da nəzərə alındıqda, on minlərlə insanın bu təşəbbüsdən faydalanacağına inanırıq”.

Bu sözləri AZXEBER.COM-açıqlamasında Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, amnistiya hər kəs tərəfindən böyük sevinclə qarşılanıb:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən amnistiya elan edilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi cəmiyyətdə böyük məmnunluqla qarşılanıb. Amnistiya təşəbbüsü sayəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, eləcə də bu əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına, Ermənistan Respublikasının mülki əhaliyə qarşı törətdiyi təxribatlar nəticəsində əlil olmuş şəxslərə şamil oluna bilər”.  

Deputat vurğulayıb ki, amnistiya bir sıra sosial qruplara da aiddir:

"Qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər kateqoriyalara aid şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bu təşəbbüs müstəqillik dövrünün ən böyük amnistiya aktı kimi dəyərləndirilir. Milli Məclisə təqdim olunan bu amnistiya aktının qısa müddətdə dəstəklənəcəyinə və çoxsaylı insanların bu qərardan yararlanacağına inanırıq”.

Parlamentari qeyd edib ki, amnistiya çox mütərəqqi addımdır:

""Suverenlik və Konstitusiya İli” çərçivəsində cənab Prezident tərəfindən irəli sürülmüş bu təşəbbüs son dərəcə humanist və mütərəqqi bir addımdır. 
Mən Gəncə seçiciləri adından cənab Prezidentə dərin təşəkkürümü bildirir və inanıram ki, bu amnistiya aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq. Eyni zamanda gələcəkdə Azərbaycan Respublikasının qanunlarını pozmağa, hər hansı cinayət əməlinə yol verməyə cəhd göstərməyəcəklər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR