Məhkəmə -Tibbi Ekspertizası Anar Məmmədxanovun ölümünün səbəbini müəyyən edib. Bunu Trend-ə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev məlumat verib. Onun sözlərinə görə, ölümün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub.
"Bakılı Oğlanlar" Şən və Hazırcavablar komandasının keçmiş kapitanı, sabiq millət vəkili Anar Məmmədxanov dünən 41 yaşında vəfat edib. Onun halı qəflətən pisləşib və o, bir saat içində keçinib. Mərhumun cənazəsi müsəlman adətinə uyğun olaraq yuyulmaq üçün məscidə aparılıb.
Məmmədxanovun dəfn mərasimi bu gün baş tutacaq. O, "Qurd qapısı” yaxınlığındakı qəbristanlıqda dəfn ediləcək.
Məmmədxanov Anar Camal oğlu 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakının 160 nömrəli məktəbini, daha sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdu. Evli idi, bir oğul və iki qız atası idi.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu.
Allah rəhmət eləsin!