İki gün əvvəl həbs edilən rejissor Aqil M.Quliyev cəzasını Kürdəxanı həbsxanasında çəkir. 150 min manatı mənimsəməkdə təqsirləndirilən və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən rejissorun yaxın dostu Ülvi Qasımov ANS PRESS-ə açıqlamasında, rejissorun günahsız olduğunu və bu səbəbdən də yaxın günlərdə Appelyasiya Məhkəməsinə müraciət edəcəyini də bildirib: "Tezliklə Appelyasiya Məhkəməsinə müraciət edəcəyik. Hökm çıxıb, sadəcə hökmün sənədi hələ bizə verilmədiyi üçün bunu edə bilmirik.”Ü.Qasımov yaxın dostunun günahsız olduğunu və əslində Marianna Turabovanın Aqili aldatdığını deyir: "Marianna Turabova bir lahiyə üçün Aqilə 50 min manat pul verib, bunun müqabilində isə 150 min manatlıq sənədə qol çəkdirib. Aralarında belə razılaşmaya gəldilər ki, Aqil 50 min manat pulu ödəyən kimi Marianna 150 min manatlıq sənədi ləğv edəcək. Aqil 2-3 ay bundan əvvəl 10 min manat borcu qaytarıb. Qalan pulu da qaytarmağı söz verib. Ancaq bir müddət keçəndən sonra M. Turabova məhkəməyə müraciət edərək iddia edib ki, Aqil ona 150 min manat pul borcludur və əlindəki sənəd ilə aidiyyatı orqanlara müraciət edəndən sonra istədiyi nəticəni əldə edə bilib".Xatırladaq ki, Aqil M.Quliyev Xətai rayon məhkəməsinin qərarı ilə 23 aprel 2013 tarixində 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rejissor məhkəmə zalında həbs olunub və cəzacəkmə müəssisəsinə göndərilib.