Aybəniz Haşımova Nigar Yaqubluyla bağlı məsələyə aydınlıq gətirdi

MƏDƏNİYYƏT
14:47 20.11.2012
1908

Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni Aybəniz Haşımova dünən bir sıra mətbu orqanlarda hazırda həbsdə olan Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqubluyla bağlı açıqlamasına aydınlıq gətirib.

Qaynar.info açıqlamasında müğənni qeyd edib ki, o Nigar Yaqublunun azadlığa buraxılmasını arzuladığı ilə bağlı fikilərinin üstündə dayanır: “Heç şübhəsiz ki, mən heç bir Azərbaycan xanımının, o cümlədən də Nigar qızımızın həbsdə olmasını arzulamıram. Açığı desək, dünən “Mediaforum” saytından mənə zəng edib bu mövzuda münasibət öyrənəndə mən Nigar xanımı tanımadığımı və onun ətrafında baş verən olaylardan xəbərsiz olduğumu dedim. Çünki mən mədəniyyət adamıyam və təbii olaraq siyasətlə aktiv şəkildə maraqlanmıram. Sonrada saytın əməkdaşının mənə verdiyi informasiyalar əsasında dedim ki, əgər bu hadisə həqiqətən jurnalistin iddia etdiyi kimi bədbəxt bir hadisədirsə və təsadüfən baş veribsə əlbəttə, mən də bir ana kimi arzulayaram ki, Nigar azadlıqda olsun. Dedim ki, mən dövlətimizin humanistliyinə inanıram. Lakin, sonradan maraqlandım ki, bu iş üzrə hələ məhkəmə gedir və yekun qərar verilməyib. Yəni, biz kimliyindən asılı olmayaraq qanunlar qarşısında bərabərik. Nigar xanımın da azadlığa qovuşması üçün hüquqi yollar tapılmalıdır. Mən Azərbaycan məhkəmələrinin ədalətinə əminəm və hesab edirəm ki, qanunlar çərçivəsində bu məsələ ilə bağlı ən humanist addım atılacaq. Bizim əlimizdən ancaq Nigar xanım da daxil olmaqla, bu cür bədbəxt hadisələr üzündən həbsə düşən insanlarımız üçün dua etmək gəlir”.

Aybəniz Haşımova onun bu açıqlamasına müəyyən qüvvələrin özünəməxsus don geyindirmək və uzaqgedən nəticələr çıxarmaq cəhdindən təəssüfləndiyini qeyd edib: “Məni Azərbaycan xalqı və dövləti yaxşı tanıyır. Mən həmişə Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olmuşam və bu gün də cənab Prezident İlham Əliyevin yanındayam. Bu hər kəs belə bilsin!”

OXŞAR XƏBƏRLƏR