Azərbaycanda “Demokratik Qüvvələrin Birliyi” adlı siyasi ittifaq təsis edilib. Bu barədə APA-ya AMİP sədri Yusif Bağırzadə məlumat verib.Bununla bağlı qərar AMİP qərargahında Açıq Cəmiyyət Partiyası (ACP), Böyük Azərbaycan Partiyası (BAP) , İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) , Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası (XAP) və AMİP rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda verilib.Y. Bağırzadə bildirib ki, birlik Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına və ölkədə demokratik siyasi sistemə seçki yolu ilə dinc keçidə nail olmaq uğrunda mübarizə aparan, siyasi partiyaları birləşdirən qurumdur.Yeni birliyin yaradılması ilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) fəaliyyətinə xitam verilib: “Biz Demokratik Qüvvələrin Məşvərət Məclisini təsis edəndə də demişdik ki, bu qurum bir məşvərətçi orqandır. Əgər bu quruma daxil olan partiyaların əməkdaşlığı inteqrasiya şəklində olsa, daha da dərinləşsə, əməkdaşlıqdan böyük bir ittifaqa tərəfdaşlığa çevrilə bilər. Məşvərət Məclisindən fərqli olaraq, burada qəbul olunan qərarlar icbari xarakter daşıyır, qərarlar isə konsensus yolu ilə qəbul olunur. Bu birlik ancaq siyasi partiyaların birliyidir”.