Məlumdur ki, ölkəmizdə "Aİ-95” və eləcə də "Aİ-98” markalı benzin istehsal olunmur. Bu benzin növləri Azərbaycana idxal olunur. Sözügedən markalı benzinin idxal qiymətləri isə xarici bazarlardakı qiymət dinamikasına və eləcə də nəqliyyat xərcləri səbəbi ilə mütəmadi olaraq dəyişir. Bunlardan asılı olaraq qiymət həm artmaya, həm də də azalmaya səbəb olur. Nəzərə almaq lazımdır ki, "Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır.
Məsələn, 2020-ci ilin fevral-may ayları arasında "Aİ-95” markalı benzinin pərakəndə satış qiyməti 1.5 AZN/litrdən 1.1 AZN//litrə qədər azaldılıb. Ötən gün də qeyd edilən səbəblərə görə Azərbaycanda "Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib. Bununla "Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. Xarici ölkələrdən Azərbaycana idxal edilən digər benzin markası olan "Aİ-98” markalı benzinin də qiyməti dəyişdirilib. Belə ki, artıq yeni qiymətlə "Aİ-98” super markalı benzinin qiyməti 2,30 AZN təşkil edir.
Məsələn, ötən ilin yanvar-aprel aylarında Azərbaycana 34,321 mln. ABŞ dolları dəyərində 52 683,62 ton avtomobil benzini ("Aİ-92", "Aİ-95" və "Aİ-98") idxal edilib. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən benzinin əsas hissəsini "Aİ-95" markalı avtomobil benzini təşkil edib. Belə ki, hesabat dövründə sözügedən benzindən ölkəyə 31,175 mln. dollarlıq 46 731,78 ton benzin gətirilib ki, bu da illik müqayisədə həcm ifadəsində 2,1 dəfə, dəyər ifadəsində 2 dəfə çoxdur.
Bəs "Aİ-95” və "Aİ-98” markalı benzinlərin qiymətində bu cür dəyişikliklərin olmasını ekspertlər necə izah edir?
İqtisadçı-ekspert Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında bununla bağlı fikirlərini bildirib. O, qeyd edib ki, "Aİ-95” markalı benzinin ölkədə idxaldan asılı olması onun qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsinə imkan vermir:
"Təbii ki, "Aİ-95” markalı benzinin qalxması xoş qarşılanacaq xəbər deyil. Biz hər zaman qeyd edirik ki, bu markalı benzinin ölkədə idxaldan asılı olması nəticə etibarilə "Aİ-92” markalı benzin kimi onun da qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsinə imkan vermir. Dünyada bu benzinin qiymətinin baha olması, neftin qiymətinin yuxarı səviyyədə olması, eləcə də bu benzinin istehsalı təkcə xammal kimi neft deyil, eyni zamanda texnoloji avadanlıqlar, o avadanlıqların yaradılması, istifadəsi kimi məsələlər də vardır ki, nəticə etibarilə "Aİ-95” markalı benzinin istehsalını bahalaşdırır. Maya dəyəri bahalaşmış məhsulun isə idxalı da təbii olaraq baha gəlir”.
Ekspert həmçinin qeyd edib ki, hazırda "Aİ-95” markalı benzinin istehsalı ilə bağlı modernizasiya işləri gedir, yəni, yaxın vaxtlarda biz sözügedən markalı benzini istehsal edə biləcəyik:
"Dünya ölkələrində "Aİ-95” markalı benzinin ortalama statistikası təxminən 1.47 dollar həcmindədir. Amma mən dünya ölkələri ilə müqayisəli təhlili bir o qədər də düzgün hesab etmirəm. Çünki neft ölkəsi olmağımız bu məsələyə bir az həssas yanaşmamızı zəruri edir. Düşünürəm ki, biz həm neft ölkəsi olduğumuz üçün, orbitə peyklər buraxan ölkə kimi, "Ağıll kənd” yaradan bir ölkə kimi, Ordusu modernlərşidirilmiş bir ölkə kimi məhz 7-8 il öncə neft sənayesində də bu addımlar ata bilərdik. Yəni, daha modern zavodlar quraraq hazırda "Aİ-95” markalı benzini istehsal edə bilərdik. Düzdür, hazırda "Aİ-95” markalı benzinin istesalı ilə bağlı modernizasiya işləri gedir. Yaxın vaxtlarda biz sözügedən markalı benzini istehsal edə biləcəyik. Amma bu istehsal daxili tələbatı ödəyəcəkmi, idxaldan asılılıq qalacaqmı, bu, artıq hələ ki, sual altındadır. Bunları zaman göstərəcək.
Mən düşünürəm ki, hətta idxaldan asılılıq baxımından benzinin qiymətinin qalxması zərurəti yaranmışdısa, yəni, bu, 25 faizlik bir artım deməkdir. Düzdür, dizel yanacağı və "Aİ-92” kimi bu benzinin real iqtisadiyyata, inflyasiyaya ciddi mənfi təsirləri olacağını düşünmürəm. Amma "Aİ-92” markalı benzin və dizel yanacağının qiyməti qalxarsa, bu, mənfi tərəflərə gətirib çıxara bilər. Çünki yerli istehsalı bahalaşdıracaq, müəyyən problemlər yaradacaq və iqtisadiyyatın bütün sahələrinə mənfi təsirini göstərəcək. Əgər qeyd etdiyim yanacaq növləri qalxarsa. Ona görə də, ən azı ölkədə istehsal olunan bu iki yanacaq növünü qoruyub saxlamaq mütləqdir. "Aİ-92” və "Aİ-98” markalı benzinlər ümumi istehlak olunmuş benzinin 9 faizini təşkil edir. Göründüyü kimi, kiçik bir hissədir. Amma böyük bir hissə məhz digər yanacaq növü üzərində formalaşıb. Ona görə də, biz digər növ yanacağın qiymətinin qalxmasını əngəlləməliyik”.
Onu da əlavə edək ki, hazırda "Aİ-95” markalı benzinin qiyməti qonşu ölkələrdən Gürcüstanda 1.348 dollar/litr,, Ermənistanda 1.274 dollar/litr, Türkiyədə 1.506 dollar/litr, Rusiyada isə 0.962 dollar litr təşkil edir. Azərbaycanda isə "Aİ-95” markalı benzinin pərakəndə satış qiyməti dünya ortalamasından 2.5 dəfə aşağıdır.
2022-ci ilin mart ayından etibarən isə Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada "Aİ-95” oktan benzinin satış qiyməti müvafiq olaraq 22.7% və 25.3% artıb.
Aydın Nuri