Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə AZXEBER.COM-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
Bu ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 12,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 4,7 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 %, fərdi sahibkarlar üzrə 1 %, bazar və yarmarkalarda isə 4,3 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manatlıq, o cümlədən 268,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 220,9 manatlıq qeyri-ərzaq malları alıb.