‘Azərbaycanın potensialı Türkiyədə ciddi şəkildə nümayiş etdirilməlidir’ - Elçin Mirzəbəyli

SİYASƏT
16:00 24.11.2014
979

Türkiyədə Ermənistanla və ermənilərlə bağlı müxtəlif konfransların keçirilməsi, iqtisadi və mədəni əlaqələrin qurulması ilə bağlı müzakirələrin aparılması yeni bir hadisə deyil.  AZXEBER.COM-unməlumatına görə, bu sözləri Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Ankara Universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfrans barədə danışarkən deyib. Mirzəbəylinin sözlərinə görə, Türkiyənin müxtəlif qurumlarının Ermənistanla və erməni təşkilatları ilə təmasları olub və olacaq da. Buna hazırlıqlı olmaq lazımdır.  "Belə məsələlərə ritorik və pafoslu bəyanatlarla reaksiya verməyin əleyhinəyəm. Türkiyə mediası ilə yaxından işləmək, ictimaiyyət ilə təmasları artırmaq lazımdır. Türkiyə bizim üçün mühüm strateji əhəmiyyət daşıyan bir ölkədir. Yalnız ortaq mədəniyyət, dil amillərinə güvənib "biz qardaşıq" deyə Türkiyə ilə münasibətləri boş buraxmaq olmaz. Əksinə, daha çevik bir siyasət yürüdülməsinə, daha sıx əlaqələr qurulmasına ehtiyac var. Azərbaycanda olduğu kimi Türkiyədə də fərqli düşünən insanlar var. Hər kəsdən qardaşlıq münasibəti gözləmək doğru deyil. Hazırda Türkiyədə Azərbaycanı sevməyən, dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə kölgə salmaq istəyən insanlar var. Sayları da az deyil. Çalışmaq lazımdır ki, bizim və bizi sevənlərin mövqeyi onlardan daha möhkəm olsun. Bunun üçün isə işləmək lazımdır. Azərbaycanın potensialı Türkiyədə ciddi şəkildə nümayiş etdirilməlidir. Türkiyə-Azərbaycan münasibətlərini boşboğaz və tutuquşu kimi eyni sözləri təkrarlayan, bununla da qıcıq yaradan insanların ümidinə buraxmaq olmaz", - partiya rəsmisi vurğulayıb.

 

 

 

OXŞAR XƏBƏRLƏR