"Anonymous Legion - Azerbaijan" Beynəlxalq haker qrupu AZXEBER.COM-un mail ünvanına məktub göndərib. Yazıda hakerlər son zamanlar Azərbaycan saytlarına intensivləşən hücumlardan danışıblar.
AZXEBER.COM portalı həmin məktubu olduğu kimi təqdim edir:
Müxalif saytlara hücumla bağlı ittihamlara dair bəyanat Ölkənin bir sıra müxalif yönlü KİV-də bir sıra qəzetlərin, o cümlədən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin saytlarına haker hücumu ilə bağlı məlumatlar yayılıb.
Bu “xəbər” anlaşılmazdır və daha çox həmin KİV-lərin “sarı” mətbuata yaxın olmalarını göstərir.
Mənbələrin təhlili baxımından bacarıqsızlıq, ölçülüb-biçilmiş rəyin olmaması, peşıkarlıqdan uzaq olma, “haker” adlandırılan bizləri qəzəbləndirir.
“Haker” mövzusu bu məsələdə çox rahatdır. Çünki hər-hansı bir texniki problem yaşananda hər şeyi haker hücumunun üzərinə atmaq olar. Bilirlər ki, heç kim bunu yoxlamayacaq.
Belə ki, xəbərdə deyilir ki, yanvarın 11-i gecə, bir sıra müxalif yönlü resurslar (“Müsavat”, “Azadlıq”, “Qafqazinfo”) haker hücumuna məruz qalıb və nəticədə serverin işi dayandırılıb.
Müstəqil araşdırma göstərdi ki, adıçəkilən hər üç informasiya resursu müxtəlif serverlərdə yerləşir və xəbərdən məlum olmur ki, bu serverlərdən hansının işi dayandırılıb.
Əlbəttə ki, sensasiya ardınca qaçarkən və ən sadə texniki naşılığı gizlətmək üçün məhz “haker hücumu” kimi səbəb və bundan daha da artığını gətirmək olardı.
Daha sonra “haker hücumunun həyata” keçirildiyi ölkələri sayarkən yalnız Rusiya və Ukraynanın adı çəkilib, digər ölkələri isə ümumiyyətlə yaddan çıxarıblar.
Və nəhayət, “hücumun” növü barədə məlumat həmin xəbəri yazan resursun texniki səviyyəsini böyük şübhə altına alır. Hansısa səbəbdən guya ki, “baş verən haker hücumu” DDOS hücum kimi qiymətləndirilib və bununla bərabər hücum edənlərin sayını 70 kimi göstəriblər.
Cənab redaktorlar, növbəti dəfə bu rəqəmi bir az böyük göstərin və hücumlar edilən ölkələrin siyahısını bir az düzəldin. Bəlkə o zaman sizin “haker hücumları” barədə xəbərləriniz bir az doğruya oxşayar.
Belədə isə sizin dediyiniz rəqəm istənilən populyar saytın heç maksimum yüklənmə sayı deyil.
Yuxarıda deyilənləri nəzərə alaraq: xəbərlərdə göstərilən texniki problemlər daha çox resursların texniki işçilərinin qeyri-peşəkarlığına daha çox oxşayır və belə görünür ki, başı bəlalı redaktorlar bundan aşağı səviyyəli xəbər hazırlamağa çalışıblar.
Xüsusi olaraq onlar üçün qeyd etmək istəyirik ki, DDOS hücum həddindən artıq çox sayda hücum edənlərin iştirakı ilə və geniş coğrafiyaya malik olur. Azərbaycan praktikasında saytların həqiqi DDOS hücumu dəf etmələri faktları olub. Bu hücumlar zamanı 70 yox, 20 min resursun iştirakı qeyd olunub.
Bundan başqa xatırlatmaq lazımdır ki, orta-statistik internet səhifə bir saniyədə bir neçə yüz oxucu yükünü daşımağa qadirdir və bu da son hədd deyil.
Bəzi texniki şərtlər daxilində bu rəqəm min və daha da çox arta bilər. 70 kompyuterin “nüfuzlu KİV” kimi özünü göstərən resursun saytının fəaliyyətini dayandaırmağa müvəffəq olduğu barədə gülməli məlumat isə yalnız texniki işçilərin qeyri-peşəkarlığının nümayişidir.
Səmimi olaraq təəssüf bildirmək lazım gəlir ki, “işbaz” redaktorlar texniki işçilərinin səviyyəsinin qaldırmaları əvəzinə öz qeyri-peşəkarlıqlarını məzhəkəyə çevirməyi üstün tutdular".
AZXEBER.COM portalı yazıda adı keçən mətbu orqanların da mövqeyini işıqlandırmağa hazırdır.