Millimizin Uelslə matçından sonra Ramil Şeydayev müsahibə verməyə həvəsli deyildi.
AZXEBER.COM xəbər verir ki, sport24.az-ın Kardiffə ezam olunmuş əməkdaşına verdiyi qısa müsahibəyə forvard oyunu dəyərləndirməklə başladı.
- Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm.
- Bərabərlik qolu sənin ötürməndən sonra vuruldu. Görürdun Mahiri, yoxsa səsə etdin ötürməni?
- Görürdüm Mahiri. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.
- Necə düşünürsən, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?
- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.
- Uels səni nə iləsə təəccübləndirdi?
- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.
- Çox kefsizsən. Səbəb istədiyin səviyyədə oynaya bilməməyindi, yoxsa son dəqiqələrdə buraxılan qol?
- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.
- Son dəqiqədə cərimə meydançasında yıxıla bilərdin...
- Rəqib mənə toxunmamışdı.
- Xorvatiyayla matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?
- Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.