Bakı İstintaq təcridxanasında saxlanılan şəxsin üstündə qanunsuz rabitə vasitəsi tapılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Rəşad İntiqam oğlu Əliyevin kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü R.Əliyev Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (Oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək həbs edilib.
Hazırda mobil telefonun təcridxanaya hansı üsulla keçirilməsi və digər məsələlər üzrə araşdırma aparılır.