'Barsa' 'Real'a, Messi isə Ronaldoya çata bilmir - VİDEO
İDMAN
18:03 29.01.2012
3183
İspaniya Primerosunun hesabat turu “Barselona” üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü komandası cari mövsümün autsayderlərindən olan “Vilyarreal”la səfər oyununda xal itirib. Komandaların səylərinə baxmayaraq, matç qolsuz bərabərliklə nəticələnib. Bununla da “Barsa”nın ilk hissədə qol vurmadıqdan sonra arzuolunmaz ənənəsi davam edib. Belə ki, Xosep Qvardiolanın çalışdırdığı komanda son vaxtlar fasiləyə qədər rəqib qapısına yol tapmadığı oyunlarda adətən qalib gələ bilmir. Nəticədə 2-ci yerdə gedən “Barsa”nın lider “Real”la xal fərqi artıq 7-yə yüksəlib və onun son illərdə əldə saxladığı çempionluq titulunu əzəli rəqibinə verəcəyi gözlənilir. Hər halda, komandalar arasında Barselonada oyun qalsa da, bu böyük xal fərqini aradan qaldırmaq çətin olacaq. Madridlilər isə XX turda turnir cədvəlinin sonunda gedən “Saraqosa” ilə ev oyununda çətinliklə üzləşib. Belə ki, qonaqlar erkən qolla hesabı açıb və “Real” sonradan 3 qol vuraraq, əzmkar qələbə qazanıb – 3:1. Bunlardan birinin müəllifi olan portuqaliyalı hücumçu Kriştianu Ronaldo 24-cü qolunu vuraraq, “Barsa”nın və son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən argentinalı hücumçu Lionel Messini artıq 2 top qabaqlayır.