"AMEA-da elmi dərəcə pulları da artırılmalıdır" - Deputatdan sərt sözlər

"AMEA-da elmi dərəcə pulları da artırılmalıdır" - Deputatdan sərt sözlər
SOSİAL
14:48 27.02.2026
1402
Son günlər Azərbaycan Milli Elmlər Akademiyası ətrafında baş verən proseslər və yayılan məlumatlar qurumda genişmiqyaslı islahatların aparılacağı ehtimalını gücləndirib. İddialara görə, Akademiyanın mövcud rəhbərliyinin ləğv edilərək idarəetmə strukturunun yenidən qurulması planlaşdırılır. Ötən gün AMEA-da keçirilən iclasların birində bəzi alimlərin yuxulu vəziyyətdə görüntülənməsi də ictimaiyyət arasında müzakirələrə səbəb olub və qurumun fəaliyyətinin effektivliyi ilə bağlı sualları artırıb. 

Milli Məclisin deputatı Əziz Ələkbərli AZXEBER.COM-a açıqlamasında deyib ki, AMEA-da islahatların aparılması son dərəcə vacibdir:

"AMEA-da islahatların aparılması nəinki mümkündür, hətta mən deyərdim ki, son dərəcə vacibdir. Çünki AMEA çox vacib bir qurumdur, burada çox böyük elmi-intellektual potensial cəmləşib. Hazırda dünyanın idarə olunmasında beyin mərkəzlərinin rolu danılmazdır. AMEA da hazır beyin mərkəzidir, hətta beyin mərkəzlərinin toplaşdığı möhtəşəm bir qurumdur. Burada elə alimlər var ki, onun özü böyük bir beyin mərkəzidir. Sadəcə, bu beyin mərkəzini və mərkəzlərini məqsədyönlü istiqamətləndirmək, onların işini səmərəli təşkil və təmin etmək lazımdır”.
 
Deputat qeyd edib ki, elmi dərəcə pulları da artırılmalıdır:

"AMEA-da ciddi islahatlar getməli, institutlarda vacib problemlər üzrə lokal elmi qruplar yaradılmalıdır. Hər kəsin görəcəyi iş konkretləşməli, işləyənlərə hər cür maddi təminat yaradılmalıdır. Elmi dərəcə pulları da artırılmalı və o alimə verilməlidir ki, o həqiqətən də elmi müəssisədə çalışır, elmlə məşğul olur. Başqa işdə, vəzifədə işləyənlər isə, mən bilən, dərəcə maaşı almır və əlbəttə, almamalıdır”.

Parlamentari qeyd edib ki, AMEA-nın ləğv olunmasından danışmaq savadsızlıqdır:

"AMEA-nın ləğv olunmasından danışmaq isə, sadəcə, savadsızlıqdır, bolşevizmdir, "hər şeyi yıxaq, dağıdaq, sonra fikirləşərik yerində nə quracağıq” psixologiyasıdır. AMEA ölkəmizin milli sərvətidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR