Bədəndəki xalları kəsdirməyin nə kimi ziyanları var? - Dermatoloq Azər Şamilov açıqladı

SAĞLAMLIQ
13:56 14.05.2018
8793
Müsahibimiz MedEra hospitalının dermatoloqu Azər Şamilovdur.
 
- Doktor, ilk olaraq mümkünsə özünüz haqda oxucularımıza məlumat verərdiz...
- 1995-2001-cu illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almışam. 2001-2002-ci illərdə Tbilisi Dəri Zöhrəvi İnstitutunda dermatovenerologiya ixtisası üzrə internatura keçmişəm. 2003-cü ildən etibarən Respublika Dəri-Zöhrəvi Dispanserində Dermatoveneroloq kimi çalışıram. 2014-2015 ci illərdə Türkiyədə "Estetik Dematologiya" üzrə ixtisasartırma kursunda iştirak etmişəm. Hazırda müalicə etdiyim xəstəliklər bunlardır: Bütün növ dermatozlar, Saç və dırnaq problemləri, Kosmetik estetik prosedurlar, Mezoterapiya, PRP, Fraction Lazerlə gəncləşmə prosedurları, Botox, Dolğu prosedurları və s.
 
- Doktor, dəridə yaranmış törəmələr hansı səbəbdən əmələ gəlir?
- Dəridə yaranmış törəmələrin əmələ gəlməsi haqda müxtəlif fikirlər var. Bu məsələdə genetik faktor önəmli rol oynayır. Xallar haqqında əsl həqiqətləri bilmək üçün müayinə mütləqdir. Bununla da xalların dəqiq təsnifatı və zərəri haqda fikir söyləmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, xallar üzdə tünd qəhvə rəngi nöqtələr şəklində yaranır.
 
- Belə bir fikir var ki, xallar xərçəng yaradır və onlara toxunmaq olmaz. Bu nə dərəcədə düzgündür?
- Bu tamamilə yanlış fikirdir. Bədənimizdə olan törəmələrin çoxu təhlükə mənbəyi deyil. Sadəcə bu halla qarşılaşan insanlar mütləq dermatoloqa müraciət etməlidirlər.
 
- Xalların kəsdirməyin nə kimi ziyanları var?
- Bəzi insanlarda belə fikir var ki, xalların kəsdirilməsi xərçəng yaradır. Bu da yanlış fikirdir. Əgər götürülən törəmə xoşxassəlidirsə həmən yerdə heç bir xəstəlik yarana bilməz. Əgər bədxassəli törəmə varsa , onu qətiyyən saxlamaq olmaz və tədbir görülməlidir.
 
- Bəzən şahid oluruq ki, xallar rəngini dəyişir. Bunun səbəbi nədir?
- Bəli, biz də bu halla tez-tez rastlaşırıq. Xüsusən, yaz və yay aylarında bu hallar müşahidə olunur. Bunun səbəbi günəş şüalarının tərkibindəki UVA və UVB şüalarının insan cildinə təsir etməsidir. Bu şüaların təsirindən xallar rəngini dəyişə, ölçüsünü böyüdə hətta sayınıda artıra bilər.
 
- Yeni törəmələrin hansı növləri var?
- Yeni törəmələrin ən çox rast gəlinən növləri bunlardır: Seboreyalı keratoz, yumşaq fibromalar, papilomalar, dermatofibroma, kondilomalar, ziyillər, kelloit toxuma, epideral kista, lipana və s.
 
- Doktor, sonuncu sualımız. Bu törəmələri hansı yolla müalicə etmək mümkündür?
- Bu törəmələri bir neçə üsulla müalicə etmək mümkündür. Ən geniş yayılmış müalicə növləri cərrahi yol, krioterapiya maye azaltma və lazer üsuludur. -
 
- Maraqlı müsahibəyə görə minnətdarıq.
- Mən də öz növbəmdə sizə təşəkkür edirəm, biz hər zaman sizin sağlamlığınızın keşiyində durmağa hazırıq.
 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR