Berti Foqts bu yazıya görə yazarı məhkəmə verir - GÜNDƏLİKLƏR
İDMAN
17:40 24.02.2012
2649
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts azərbaycanlı yazar Qisməti məhkəməyə verir. O futbolpress.az saytında onun şəxsiyyətini təhqir etməyə yönəlmiş, həqiqətə uyğun olmayan məlumatlar yer aldığını bildirib. AZXEBER.COM bir neçə gün öncə futbolpress.az saytında yayımlanmış “Foqtsun gündəliyi” adlı yazıları təqdim edir. Bir daha qeyd edək ki, alman məşqçi məhz bu yazılara görə hiddətlənib:Elektron poçtumu yoxlayanda təəccübdən yerimdə donub qaldım. Adının açıqlanmasını istəməyən bir "dost" (elektron poçtda adı AFFABAZ yazılmışdı) mənə Berti Foqtsun neçə illərdi yazdığı gündəliyinin fotokopyasını göndərib. Son vaxtlar Foqtsla bağlı baş verən qalmaqalların ardınca belə bir mətnin əlimə keçməsinə sevinsəm də, qəribə bir tərəddüd də keçirdim. Əvvəlcə düşündüm ki, əla, tam romana salınası materialdı.Sonra... sonra... bir az düşünüb qərar verdim ki, yox, ən yaxşısı bunu idman mətbuatından tanıdığım bir-iki dosta göndərməkdi. Elə oldu ki, mətni Elçinə göndərməyə hazırlaşanda növbəti mistika baş verdi. Elçin "faceebook"da mənə yazdı ki, çoxdandı bizə yazmırsan, gör neynirsən? Dedim: Zalım, xəzinə tapmışam, yazını neynirsən. Elçin əvvəl monitor önündə yazdığımı oxuyub gözlərinə, sonra mənə zəng vurub qulaqlarına inanmadı. Açığı mən də inanmamışdım. Əvvəlcə bunu zarafatcıl dostlardan birinin yaradacı zarafatı qəbul etdik. Bir-iki gün bu "dostun" kim olduğu barədə mülahizələr yürütdük. Lakin sonda bizə mətni göndərən "dost"la məktublaşıb məsələni özümüz üçün dəqiqləşdirdik. İnanılmaz olan olmuşdu. Həqiqət deyəsən özü bizim ünvanımızı tapmışdıq. Biz isə böyük misafirpəvərliklə ona qapımızı açıb dedik ki, buyur, cənab Həqiqət, Allaha da qurban, onun qonağına da. Mətn səliqəsiz xətlə, almanca yazıldığı üçün hamısını sizinlə bölüşə bilmirik. Bir neçə alman dili bilən dostun köməyilə nə qədər oxutdura və tərcümə etdirə bildiksə onu yayımlayırıq. Hə, unutmadan deyək ki, mətndə onun şəxsi həyatıyla bağlı yazdıqlarınının yalnız hadisə hissəsini yayımlayırıq, detallarını yox. Bizim yayımlayacağımız parçalar daha çox Azərbaycanla bağlı, burdakı adamlarla bağlı, futbolla, futbolçularla bağlı düşüncələrdi. Bir də ki, gündəlik ayın tarixləri də qarışıqdır. Görünür Foqts gündəliyini ardıcıl yazmırmış. Buna görə də şərti məna kəsb edən ayı və tarixlərini mətnin sonundan çıxardıq.Dünya şöhrətli almanın məhrəminə daxil olub, onun gözündən özümüzə baxanda bir çox qaranlıq məqamlar işıqlanır. Soyuqqanlı almanın tərcümədə belə hiss olunan istehzası qanımızı dondurdu. Uzatmadan keçək gündəliyin mətninə...Qeydləri:***Bakıda ilk günümdü. Mənim şərəfimə ziyafət verdilər. İçimdən qəribə bir hiss keçdi. Mənə elə gəldi ki, mən bəhanəyəm, elə bil bu rəsmi şəxslər sadəcə bir yerə yığışıb əylənmək, içmək istəyirlərmiş. Yeməklər dadlı idi. Sərxoş oldum. Hamı sərxoş idi. Yüksək səslə öz dillərində nə deyib gülürdülər, mən də şənlənirəm görüntüsü yaradıb yalandan gülürdüm. Tərcüməçim bilmirəm sərxoş olduğu, yoxsa elə təlimat aldığı üçün onların 5 cümləsindən bir-ikisini tərcümə edirdi. Sonra yenə nəsə danışıb bərkdən gülürdülər. Məclisin sonunda dumanlı beyinlə, sərxoş gözlərlə bütün adamlara bir də baxdım. Birdən içimdən bir səs mənə dedi: təcili burdan qaç get. Çünki birdən mənə elə gəldi ki, burda hamı Mefistofeldi. (Mefistofel - alman şairi Hötenin "Faust" əsərinin personajlarından biri. Mefistofelin bizim dildə qarşılığı iblisdi)***Doğum günümdə gecə otağıma bir qadın gəldi. Qırmızı hündürdaban ayaqqabı geyinmiş bu qadının əynində sinəsi, kürəyi yarıyacan açıq bəyaz paltar vardı. Əlində şərab da gətirmişdi. Çarpayımda oturduq və onun gətirdiyi şərabdan içdik. Almanca bilmirdi, ingiliscə danışası olduq. İngiliscə o qədər yaxşı bilmirdi, amma bir-birimizi başa salmağa kifayət edirdi. Bu qadın mənə çox tanış gəlirdi. Soruşdum ki, səni hardasa görmüşəm? Güldü və əlbəttə görmüsən - televizorda kliplərim var-dedi. Güldüm və xatırladım. Bir dəfə rəsmilərdə biri televizorda oxuyan pop ulduza diqqətlə baxdığımı görüb gülümsəmişdi, əlini kürəyimə vurub nəsə demişdi. Sonra tərcüməçimdən nə dediyini soruşmuşdum, o da tərcümə etmişdi : "Zövqün yaxşıdı" - dedi. Otağıma gələn televizordakı qadın idi. O gecə tək yatmadım.***Artıq başa düşmüşəm. Mən onlara ancaq bir şeyə görə lazımam - atribut kimi. Mən də bundan istifadə edirəm. Yaxşı pul alıram, hər şəraitim var. Əziyyət çəkən məşqçi obrazı elə də çətin deyilmiş. Özümün yeni tərəflərimi kəşf eləyirəm. Sən demə, aktyorluğum da varmış.***Bakıda əylənməyə yer yoxdu. Bu insanlar burda necə əylənir, anlamıram. Hər şey təkrardı, kopyadı.***Bakıda adamlar yerli qəzetlərə oxşayırlar, əksəriyyəti ağ-qaradı.***Hansısa kitabda belə bir cümlə oxumuşdum: "İnsanların yaratdığı saxta pullar kimi, pulun da yaratdığı saxta insanlar var". Bakıda bunu daha dəqiq anladım, amma narazı deyiləm.***Azərbaycanlı gənclərdə qəribə bir xasiyət var. Onlar hər şeyə razıdı ki, təki məsuliyyətdən, zəhmətdən qaçsınlar. Mən bunu gənc futbolçulara əsasən deyirəm, bilmirəm qalan sahələrdə necədi. Azəri oynamaqdan çox zədələnməyi, dava salıb cərimə almağı sevir. Çox qəribədi ki, adamlarda bu davakar, intizamdan kənar gəncləri qiymətləndirir.***Bu gün qəribə bir hadisə oldu. Soyunub-geyinmə otağına girəndə, hiss elədim ki, içəridən siqaret iyi gəlir. Tərcüməçimdən xahiş etdim, elə ordaca soruşsun futbolçulardan kim çəkib? Əlavə etdim ki, onu cəza gözləyir. Heç kimdən səs çıxmadı. Mən qəzəbli ordan çıxıb, yuxarılara xəbər etdim. Axşam rəsmilərdən biri mənimlə görüşdü və dedi ki, yaxşısı məsələni şişirtməyim. Dedi ki, uşaqlardan biri bir az depresiyadadı, sevgilisindən ayrılıb, ona görə çəkib. Elə bil ki, olmayıb. Bu cavabı eşidəndə çaşıb qaldım və az sonra aldığım cavabın şokuna zarafat çaları qatıb, həmin rəsmi şəxsdən bir siqaret istədim....Bir-iki dəfə məni konkret nə ilə bağlı olduğunu bilmədiyim tədbirlərə dəvət ediblər. Orda hamı mənə ehtiram göstərib, hətta hədiyyələr də veriblər. Otağım qız qalası heykəlləri, balaca xalçalar və diplomlarla doludu. Beş-altı dənə də boşqab hədiyyə ediblər - üstündə top şəkili çəkilib, altında Azərbaycan yazılıb. Hələ başa düşə bilməmişəm, bütün bunlar nə deməkdi?***Dünən federasiyanın (AFFA nəzərdə tutulur - tərc.) tədbirlərindən birinə qatıldım. Orda mənə bir neçə kitab, məlumat kitabçası, Azərbaycan futbolu ilə bağlı üç dildə nəşr edilmiş ensiklopedik bir nəşr hədiyyə etdilər. Kitab Azərbaycan, rus və ingilis dillərində nəşr olunub. Mən bu dillərdən yalnız ingiliscəni bilirəm. Kitab yüksək poliqrafik keyfiyyətlərlə nəşr edilib, amma bir məsələ mənə qəribə gəldi. Niyə bu cür bahalı nəşrlər bu cür kobud, böyük, qabaritli formatda çap edilir? Bunlar kitabdan çox, gözəl tərtib edilmiş soyuq silaha bənzəyirlər. Ümumiyyətlə, azərilərdə bir şey sezmişəm, onlar hər şeyin irisini sevirlər. Evlər böyük, maşınlar böyük, ofislər böyük, kitablar böyük, deyəsən qadınlara da münasibətləri belədi. Bilmirəm, bəlkə də yanılıram.***Bir dəfə mən rəsmilərdən biriylə yan-yana oturmuşdum. Gözüm onun qol saatına sataşdı. Öyrəndim ki, saat qızıldandı və çox qiymətlidi. Bu məni təəccübləndirdi. Çünki mən doğulduğum ölkədə bizə vaxtın qızıl olduğunu öyrədiblər, burda isə qol saat qızıldı.***Doğum günümdə yanıma gələn müğənnidən bugün mənə sms gəldi. Tərcüməçimdən xahiş etdim çevirsin. Tərçüməçim mesajı oxuyan kimi gülmə krizinə girdi. Nə olduğunu anlamadım və hətta bir az da qəzəbləndim. Orda nə yazıldığını biləndə isə azca gülümsədim, sonra isə mesajı yazan qadının "savadı" məni dərin bir hüznə qərq elədi. Yazılmışdı: Canım, sən məni unutmusan, amma mən səni yox. Oyununuz olan kimi məni də çağır, gəlim sənə baxım. Sənin oynamağına baxmaq mənə zövq verir...***Danışırlar - nəfəslərində alkaqol qoxusu. Çox içirlər. Arada mənə elə gəlir ki, kibrit yandırsam, onların nəfəsi od tutub yanacaq.***Bu gecə çox darıxıram. Bu darıxmaq qəribə hissdi. Elə bil yekə, ətyeyən bir quşdu darıxmaq və kədərimi dimdikləyə-dimdikləyə böyüyür...***Şəhərdə gəzişməyə çıxmışdım. Ən rəngli geyinən adamların belə üzündə nəsə bir solğunluq var. Elə bil adamların həm geyimlərindəki, həm də üzlərindəki bütün rənglər "second hand"di ("ikinci əl" - tərc.) Hər şey elə bil bundan əvvəl kimsə tərəfindən istifadə olunub.*** Pəncərədən harasa tələsən adamlara, dolub-boşalan maşınlara baxıram. Avtobuslar və maşınlar çox qoca və öfkəli görünürlər.***"Skype"da dostlarımdan bir neçəsi ilə danışdım. Hamısı eyni sualı verdi: Ora necə yerdi? Mən də hamısına eyni cavabı verdim: Buranı sevirəm, bura mənim tənhalığımın paytaxtıdı.*** Yenə məclisdəydim. Rəsmilərdən birinin doğum günüydü. Məndən badə qaldırıb nəsə deməyimi istədilər, amma şərt beləydi; sevgi haqqında nəsə deməliydim. Başa düşmədim ki, niyə sevgi haqqında, axı mən doğum günü olan adamı təbrik etmək istəyirdim. Razılaşdım. Təxminən belə dedim: sevgi başqa dilə tərcümə olunmur, o bütün dillərdədi, o bütün dillərdi. İnsan sevişəndə elə birdən tarixin bütün dövrlərində olur. Bu son cümləni nə vaxtsa kitabdan oxumuşdum, amma öz adımdan dedim. Sözlərim xoşlarına gəldi, məni alqışladılar.***Dünənki məclisdə məndən sevgi barədə nitq deməyimi niyə istədiklərini bugün başa düşdüm. İçkinin təsiri ilə beyinləri dumanlanmışdı və mənim olmağımın onların alt şüurunu işə salmışdı. Altşüurlarındakı şəhvanilik işə düşmüşdü.Görünür onlar Almaniyanı daha çox porno-filmləri ilə tanıyırlar deyə bunlar baş verir.***Kədərləndim. Uşaq ikən qaldığımız evin önündəki park yadıma düşdü. Orda Kantın heykəli vardı və mən ilk sevgilimlə o heykəlin altında öpüşmüşdüm...***İçəndə elə gülürlər ki, ağızları cəhənnəmə bənzəyir. Elə bil içmirlər, ölümə qafiyə axtarırlar...***Bir futbolçu məndən xahiş etdi ki, bu həftəki oyuna çıxmaq istəmirəm. Səbəbini soruşdum. Dedi: rayona getməliyəm. Anlamadım. Təkrar etdi ki, xalamın oğlunun toyudu, rayonda olmalıyam. Mən yenə anlamadım